“Naxçıvan”Universitetinin Xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq dərs keçirilib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Universitetin “ Xarici dillər” kafedrasının müəllimləri Könül Babayeva və Ruqiyyə Kərimova tərəfindən ingilis dilində keçirilən açıq dərsdə bilirilib ki, ümummilli liderin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Ulu öndər Azərbaycan dövlətini möhkəm təməllər üzərində qurub-yaradıb. Bu gün əldə edilən bütün nailiyyətlər, müvəffəqiyyətlər məhz dahi şəxsiyyətin məqsədyönlü və gərgin əməyinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Məhz onun prinsipiallığı, uzaqgörən siyasəti nəticəsində möhkəm və sarsılmaz təməllər üzərində qurulan müstəqil Azərbaycan dövləti əbədi yaşamaq hüququ qazanıb. Tariximizin ən böyük simalarının fövqündə dayanmaq haqqı qazanan dahi rəhbər Heydər Əliyev ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olub. Onun dünya siyasət xəzinəsini zənginləşdirən misilsiz fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Müstəqil Azərbaycan isə ümummilli lider Heydər Əliyevin şah əsəridir. Ölkəmiz məhz ulu öndərimizin müəyyən etdiyi siyasi kursla irəliyə doğru gedir.
Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsədə, böyük çətinliklərlə qarşılaşıb. Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Sonda tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.