Türkiyənin Ərzurum Universitetində (ƏU) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilən anma mərasimi keçirilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğu, Ərzurum Universitetinin müasir türk ləhcələri və ədəbiyyatı kafedrası, Ərzurum Otaq Dərnəyi, Azərbaycanlı Tələbələr Birliyi və Türk Dünyası Klubunun birgə təşkil etdikləri mərasimdə rəsmi şəxslər və bu ali təhsil ocağının kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Ulu Öndərin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Mərasim ulu öndər Heydər Əliyev şəxsiyyətini tərənnüm edən şeirlərin oxunması ilə davam edib.
Tədbirin panel hissəsində professorlar Sedat Adıgözəl və Kərəm Karabulutun, o cümlədən dosent Savaş Əyilməzin çıxışları dinlənilib. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışan alimlər dünya şöhrətli siyasi xadim və dövlət xadiminin gördüyü işlərin mahiyyətini tarixi faktlar, məntiqi mülahizələrlə iştirakçılara çatdırıblar. Qeyd olunub ki, Ulu Öndər strateji hədəflər sayəsində Azərbaycan və Türkiyənin dövlətçilik tarixində silinməz iz qoyub.
Sonda çıxış edən baş konsul Nuru Quliyev Ümummilli Liderimizin xilaskarlıq missiyasından, dahi şəxsiyyətin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin böyük nəticələrindən bəhs edib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev məram və məqsədlərini həyata keçirmək üçün həmişə xalqın dəstəyinə arxalanıb.