Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi mühafizə olunan təbiət ərazilərində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə nazir Mayis Əliyev açaraq qeyd edib ki, muxtar respublikada ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa işlərinə daim diqqət yetirilir. Qədim diyarımızda ekologiyanın zənginləşdirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilib, yeni meyvə bağları salınıb.
Nazir vurğulayıb ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da geniş imkanlar açıb.
Bildirilib ki, ətraf mühitin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.
Müşavirədə Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin müdiri Azər Məmmədov, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının direktoru Aydın Hüseynov, Şahbuz Dövlət Təbiət Qoruğunun direktoru Həsənqulu Kazımov və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının direktoru Elşən Seyidovun çıxışları dinlənilib.
Sonda nöqsanlar müzakirə olunub və xüsusi mühafizə olunan təbiət ərazilərində xidmət göstərən əməkdaşlara geyim formaları təqdim edilib.
Pərviz HACILI