Dekabrın 2-dən 6-dək Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Gənclər Festivalı keçirilib.
Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi və Türk Şurasının birgə təşkil etdiyi festival Dünya Etno Sport Federasiyasının Prezidenti Bilal Erdoğan, Türk Şurası Baş Katibi Bağdad Əmrəyev və Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdir müavini Serdal Eralcinin rəsmi protokol çıxışları ilə başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Azərbaycan, o cümlədən Naxçıvanla bağlı geniş məlumat verib və ölkə gənclərinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Daha sonra Türk Şurası Gənclər Platformasının prezidenti Mirhəsən Seyidov Qırğızıstanın paytaxtı Bişkekdə həyata keçirilən Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü görüşündə Türk Şurası Gənclər Platformasının 2020-ci il üzrə fəaliyyət planı haqqında ətraflı məlumat verib, təkliflərlə çıxış edib.
Qeyd edək ki, festivalda Türk Şurasının üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və digər ölkələrin təmsilçiləri, ümumilikdə, 121 nəfər nümayəndə iştirak edib.
Festival çərçivəsində gənclik layihələri, könüllülük seminarları, ortaq mədəniyyətimiz və tariximizə dair konfrans, gənclik mərkəzini ziyarətlər və digər tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti