Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII sessiyasında və qurumun komitə iclaslarında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.
İqtisadi komitənin iclasında ölkəmizin iqtisadi inkişafı, həyata keçirdiyi regional layihələr, Cənub Qaz Dəhlizi ilə bağlı məlumat verilərkən, erməni deputatlar çıxışlara mane olmağa cəhd göstəriblər. Eyni zamanda, komitədə gündəliyə Cənub Qaz Dəhlizi ilə bağlı məsələnin salınmasının qarşısını almağa çalışıblar.
Amma Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Tahir Mirkişili ermənilərin bütün cəhdlərinin qarşısını alıb və məsələ gündəliyə daxil edilib.
Bundan başqa, sessiyada Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib. Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan deputat dünyada baş verən bütün soyqırımı qurbanlarının xatirəsinin anılmasını xahiş edib. Bundan sonra bütün sessiya iştirakçıları ayağa qalxıb.
Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələrinin beynəlxalq aləmdə qəbul edilmədiyini iştirakçıların diqqətinə çatdırıb, bütün soyqırımı qurbanlarının xatirəsinin, o cümlədən Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinin də anılmasına görə sessiya iştirakçılarına təşəkkür edib.
Milli Məclisin deputatı, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.
T.Mirkişili çıxışında Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, xüsusən də TANAP-ın mühüm əhəmiyyəti, bu layihələrin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib.