Serbiyanın “Danas” qəzetində ulu öndər Heydər Əliyevin vəfatından ötən 16-cı ilə həsr olunmuş məqalə dərc olunub.
“Heydər Əliyevin vəfatından 16 il keçir” başlıqlı məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, uzaqgörən siyasətindən bəhs olunub.
Bildirilib ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə xalqın dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu müddətdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub, ölkənin ən parlaq və məzmunlu səhifələri yazılıb. Şəhər, kənd və qəsəbələr yenidən qurulub, sakinlərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, elm, təhsil və mədəniyyət, eləcə də bütün sahələrdə dəyişikliklər baş verib. Qısa zaman ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb edib.
Yazıda Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafı istiqamətində atılan addımlardan bəhs edilir. Qeyd olunur ki, bu gün Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün geniş meydana çevrilib. Qısa müddət ərzində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərərək beynəlxalq ictimaiyyətin nüfuzlu üzvü olub.
Məqalədə AZƏRTAC-n arxivində olan fotolardan istifadə olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri