Yaponiyanın Tokio şəhərində fəaliyyət göstərən Nikkey Biznes Nəşriyyatı tərəfindən dərc olunan “Nikkey” jurnalı dünyanın 50-dən çox ölkəsində yayılır. Yaponiyanın iqtisadi dairələrində geniş tanınan jurnal yapon və ingilis dillərində nəşr edilir. 1969-cu ildən dərc edilən “Nikkey” jurnalı həftədə bir dəfə işıq üzü görür. “Nikkey” jurnalının növbəti nömrəsində “Duzdağ” Fizioterapiya Mərkəzi haqqında məqalə dərc olunmuşdur. Qeyd edək ki, jurnalın əvvəlki saylarında da Naxçıvanla bağlı məqalələr verilmişdir. Tanıtım xarakteri daşıyan bu məqalədə fotoşəkillər də yerləşdirilmişdir. “Azərbaycanın Naxçıvan bölgəsindəki “Duzdağ” Otel Kompleksi” adlı həmin məqaləni oxuculara təqdim edirik.
Azərbaycanın Naxçıvan bölgəsindəki “Duzdağ” Otel Kompleksi
Türkiyə, İran və Ermənistanın əhatəsində olan, Yaponiyada çox da yaxından tanınmayan Naxçıvan Muxtar Respublikası eksklavı Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan dövlətinin tərkib hissəsidir. Muxtar respublikada yerli əhali və xüsusilə də Türkiyə vətəndaşları arasında çox məşhur olan “Duzdağ” Otel Kompleksində astma xəstəliyinin səmərəli müalicəsi təşkil edilir. Azərbaycan dilində Duzdağ sözünün mənası “duz dağı” deməkdir. “Duzdağ” Otel Kompleksi müasir beşulduzlu əsas binadan və ondan təxminən 2 kilometr aralıda yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzindən ibarətdir. Fizioterapiya Mərkəzində, duz dağının altındakı oyulmuş mağarada astma xəstəliyindən əziyyət çəkənlər üçün çoxlu yataq otaqları vardır. Otaqlar havada olan ionların bərabər paylanmasının təmin edilməsi məqsədilə bir-birlərindən yarım arakəsmələrlə ayrılmışdır. Yataq otaqlarına aparan dəhlizlər isə hər iki tərəfdən ağac materialları ilə üzlənmişdir. Otel otaqlarının çox gözəl şəraiti olmasına baxmayaraq, gecəni mərkəzdə keçirmək də məqsədəuyğundur və bu məqsədlə otel tərəfindən ayrılmış xüsusi avtobuslar fəaliyyət göstərir.
Məndə astma xəstəliyinin olmamasına baxmayaraq, gecəni orada keçirdiyim günün sabahı çox rahat nəfəs aldım və özümü daha gümrah hiss etdim. Səhər vaxtı Fizioterapiya Mərkəzinin bufetində çay təklif olunsa da, səhər yeməyi otelin yeməkxanasında verilir. Müasir və parlaq görkəmə malik otelin əsas binasında bəzən beynəlxalq konfranslar da keçirilir. Yeməklərdə yerli mətbəxlə yanaşı, türk mətbəxinin təamlarına daha çox üstünlük verilir. Yerli içkilərdən “Qızıl Damla” və “Mirvari” şərabları, həqiqətən, çox dadlıdır. Naxçıvanda havanın orta illik temperaturu mövsümdən asılı olaraq, 5-30 dərəcə, Fizioterapiya Mərkəzində isə ilin fəsillərindən asılı olmayaraq, 18-20 dərəcə və nəmişlik 25-50 faiz arasında dəyişir. Ona görə də burada ilin bütün fəsillərində gözəl, rahat və əlverişli bir müalicəvi mühit mövcuddur.
İtaru İşi