Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir infrastrukturu ilə çoxsaylı turistlərin sevimli istirahət və əyləncə məkanına çevrilib. Noyabr ayının əvvəllərində diyarımıza səfər edən malayziyalı turist Abdül Karim Abdül Qadir də Naxçıvandan zəngin təəssüratlarla ayrılıb. Onun “Şərq qapısı” qəzetinə ünvanladığı təəssüratlarla oxucularımızı da tanış edirik.
Noyabrın 4-də Naxçıvana səfər etmək üçün Dubaydan Bakıya gəldim. Bu mənim Naxçıvana ilk səfərim idi. Gəlin indi sizə Azərbaycan, xüsusən də Naxçıvan haqqında danışım. Təxminən, bir həftə Bakıda qaldım, hava limanından şəhər mərkəzinə qədər yollara heyran oldum. Onlar geniş və hamardır. Bütün yol işarələri aydın və effektivdir. Həmçinin Naxçıvandakı hava limanından şəhər mərkəzinə aparan yolların hər iki tərəfindəki mənzərələr gözəldir. Bakı kimi, Naxçıvan şəhərindəki binalar da xoş dizaynı və müasir arxitektura üslubu ilə göz oxşayır. Memarlıq üçün çətin olan binalar tikilib və bu tikililər birinci mərtəbədən sonuncusuna qədər fərqlidir.
Qeyd edim ki, hava limanına enib, çantalarımızı aldıqdan sonra növbəti 3 gün üçün bizə bələdçilik edəcək Kamal Yahyalı tərəfindən qarşılandıq. Otelimizə gedərkən Kamal bizə qəlyanaltı təklif etdi. Süfrədə çay, çörək, yağ və pendir var idi. Yaxşı kiçik nahar... Biz Saat Meydanındakı geniş otaqları olan, təmiz və modern avadanlıqlarla təchiz edilmiş otelə getdik. Buraya yerləşdikdən sonra foyeyə düşdük və bizi gözləyən Kamal xoş təbəssümlə turumuza başlamağa hazır olduğunu bildirdi.
Otelimizdən duz mağaralarına 15 kilometr yol qət etdik. Duzdağ duz mədənlərinə gəldiyimiz zaman orada az adamla rastlaşdıq. İrəliyə doğru tunelin hər iki tərəfinin çoxlu rəngarəng lampalar ilə işıqlandırıldığını gördük və orada həzin musiqinin olduğunu xəyal etdim. Mən həmin vaxt dağın zirvəsinin altında olduğumuza əmin idim. Sol tərəfdə yerləşən palataya girdiyimiz zaman bizə xüsusi geyimli bir qadın yaxınlaşdı. Kamal həmin xanım ilə asta səslə danışaraq bizim niyyətimizi ona bildirdi. Tibb bacısı bizə izah etdi ki, astma-bronxit problemləri və digər xəstəlikləri olan insanlar müalicə üçün buraya çox gəlir. Əvvəllər astma tutmalarım olduğundan oranın mənə müsbət təsir göstərəcəyini düşündüm. Çölə çıxarkən Kamal yolda bizə dedi ki, burada xüsusi müalicə almaq istəyənlər üçün bir paket təklif olunur. Gündə 80 manata sizə oteldə yerləşmə, səhər və nahar yeməyi verilir. Bundan əlavə, duz mədəninə gəliş və gedişiniz üçün nəqliyyat vasitəsilə də təmin edilirsiniz – bu, əlverişli paketdir!
Geri döndüyümüzdə Duzdağdakı duz mədəninin gələcəkdə dünyada tanınmış bir kurort ola biləcəyini və buraya daha çox turist cəlb etməyin yollarını düşünürdüm. Bunun üçün Duzdağa aparan yolboyu ingilis dilində daha çox işarə və “duz terapiyası”ndan istifadə edən insanların təəssüratlarını əks etdirən lövhələrin qoyulması, xarici dildə paket və broşürlər hazırlanması da öz effektivliyini verə bilər.
Dayanacaq yerindən bir qədər aralı məsafədə duz dağlarını görürük – tamamilə duzdan ibarət dağlar. Mənə maraqlıdır ki, axı duz dağı necə ola bilər? Ola bilərmi ki, bura minilliklər öncə dəniz olub?!
Mağaradan çıxdıqdan sonra tənəffüsümün yaxşılaşdığını hiss etdim. Həmçinin ürək problemləri olan və hisslərini sözlərlə ifadə edə bilməyən qudam mağaradakı qısa gəzintisindən sonra əhvalının xeyli yaxşılaşdığını təsvir edirdi.
Şəhər mərkəzinə qayıdırıq. Demək olar ki, qaranlıq idi, Kamal bizi Nuh Peyğəmbərin türbəsini görməyə gətirdi. Çoxsaylı araşdırma və arxeoloji tədqiqatların nəticələri bu türbənin Nuh Peyğəmbərə aid olduğunu təsdiq edir. Bunun özü turistləri, xüsusilə müsəlmanları cəlb edəcək bir turistik məkandır. Bu məzarın yanında bir məscid var, amma artıq qaranlıq olduğundan dincəlmək üçün otelimizə qayıtdıq.
Ertəsi gün biz Culfa rayonunda olan Darıdağ termal bulağına gəldik və buradakı xidmətlər ilə tanış olduq, həkimlə ayaqüstü söhbət etdik. O, bir elm adamı və bu arsenli müalicəvi su haqqında kitabın müəllifidir. Həkim dedi ki, İtaliya, Fransa və Kanadada tapılan istilik bulaqları ilə müqayisədə bu bulaq daha faydalıdır. O, bu müalicəvi su ilə maraqlandığımızı görüb kitabını imzalayaraq mənə hədiyyə etdi.
Bura həm yerli, həm də beynəlxalq turistlərin gəlmələri və müalicə almaları üçün əvəzsiz bir yerdir. Biz artıq geri dönürük. Geri dönərkən bir neçə dəfə dayanaraq dağlar və göllərin əhatəsində olan bu möcüzəli yerin şəkillərini çəkməyə başladıq. Buranın saf havası, həqiqətən də, yaddaqalan bir xatirədir!
Ordubadda gördüklərimiz eşitdiklərimizdən çox oldu. Burada dağların zirvəsindən süzülərək ətəyində toplanan bir gölün yanında dayandıq. Üzümüzü yuyub həmin sudan içdik. Su soyuq idi və adamı təravətləndirirdi.
Haqqında eşitdiyimiz Batabat yaylağına da getdik. Buradan aldığımız təəssüratlar da yüksək oldu. Yaylaqda açıq havada ənənəvi qaydada çay, çörək, bal, pendir və mürəbbə ilə sadə və dadlı bir qəlyanaltı etdik.
Azərbaycanın bu qədim diyarına üçgünlük səfərimiz bizdə xoş təəssüratlar yaratdı. Vətənimizə qayıtdıqda bu təəssüratları yaxınlarımızla da bölüşdük və onlara da Naxçıvanın gözəlliklərini görməyi tövsiyə etdik.
Abdül Karim Abdül Qadir
Malayziya