23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçiriləcək 26-cı illik görüşü ərəfəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyini təqdim edib.

Nümayəndəliyin yaydığı məlumatda Azərbaycanın münaqişənin ATƏT-in Minsk qrupu formatında siyasi yolla həllinə sadiq qaldığı ifadə olunub. Qeyd edilib ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar ABŞ Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.

Məlumatda daha sonra bildirilir ki, münaqişənin həlli yalnız Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt Sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. İlk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır. Beləliklə, bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək.

Yekunda bildirilib ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni, erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Hökuməti ilə qarşılıqlı əlaqədə olaraq qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

 Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR