Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fikirləri və hərəkətləri beynəlxalq hüquqa ziddir. Bu şəxs bir müddət əvvəl BMT tribunasından da məntiqəzidd ifadələr səsləndirməklə növbəti dəfə dünya birliyi qarşısında yalan və məsuliyyətsiz sözlər danışıb.
Bu fikirləri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin “nümayəndələri” ilə görüşməsini AZƏRTAC-a açıqlamasında şərh edən sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım ifadə edib.
Ekspert deyib: “BMT-nin işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsi mövcuddur. Belə olan halda, beynəlxalq tribunadan dünya ictimaiyyətinə yalan məlumatlar vermək hansı məntiqə sığır?”
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının eyni hüquqa malik olduqlarını diqqətə çatdıran M.Yıldırım bildirib ki, N.Paşinyanın öz müqəddəratını həll etmək barədə fikir və düşüncələri, yürütdüyü mühakimələr yersiz və əsasızdır. “Necə ola bilər ki, ermənilərin bu torpaqlarda haqqı var, amma bölgənin ən qədim əhalisi olan Azərbaycan türklərinin haqqı yoxdur. Reallıq budur ki, yaxın tarixdə Dağlıq Qarabağın sakini olan ermənilər dəyişən siyasi şəraitlərdən istifadə edərək bölgənin əsl sahiblərinə - Azərbaycan türklərinə qarşı çoxistiqamətli ağır cinayətlər törədiblər”, - deyə Mətin Yıldırım bildirib.
O, həmçinin erməni siyasətçilərinin Azərbaycan və Türkiyə haqqında söylədikləri fikirlərə, qardaş ölkəyə qarşı əsassız iddialara etirazını bildirərək vurğulayıb ki, işğalçı dövlətin təcavüzkar hərəkətləri və niyyətləri ilə heç bir halda barışmaq mümkün deyil.