23 Dekabr 2024, Bazar ertəsi

Gənc olmaq müstəqil, yeni həyata qədəm qoymaqdır. Gənc olmaq həm də həyatda öz yerini tapmaq üçün mübarizə aparmaqdır. Mübarizə isə arzu və məqsədləri gerçəkləşdirmək yolunda qarşıya çıxacaq maneələri aradan qaldırmaq üçün yeni üsulların axtarılıb tapılmasıdır. Gənc olmaq açıq dənizdə bir gəmidə olmaq kimidir: bəzən sakit, bəzən dalğalı bir mərhələdir. Burada yaşadığın ətraf mühit, ölkə, şəhər mühüm önəm daşımaqdadır. Azərbaycanda gənc olmaq qürurvericidir. Çünki mənim ölkəmdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Mənim Vətənim gələcəyin yaxşı valideynini, savadlı müəllimini, məsuliyyətli rəhbərini, qanunlarını dərindən bilən hüquqçusunu, peşəkar sənətçisini, yaradıcı mühəndisini yetişdirir. Ölkəmizdə aparılan məqsədyönlü gənclər siyasəti qazanılan  uğurların təməlini təşkil edir.

Doğma Vətənimdə gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərimiz həmişə gənclərə güvənib, onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi olub. Gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında irəli çəkilərək bütün sahələrdə qabaqcıl yer tutub, daim dövlətin diqqət və qayğısı ilə əhatələniblər. Ümummilli lider öz çıxışlarında Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu dəfələrlə qeyd edib, həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib və bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Ulu öndərin müxtəlif dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlar, eləcə də qəbul etdiyi dövlət proqramları yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını, onların sosial-maddi şəraitinin yüksəldilməsini, ictimai fəallığının artırılmasını təmin edib. 

2 mart 1999-cu il tarixdə Azərbaycan Gənclərinin II Forumundakı çıxışında ümummilli lider Heydər Əliyev demişdir: “XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”. Bəli, ulu öndər hər zaman gəncləri gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi. Dahi liderin bu sahədə irəli sürdüyü məqsədyönlü prinsiplər Azərbaycan Respublikasının hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Bu gün müdrik şəxsiyyətin müəyyən etdiyi strateji hədəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısının “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı, 2017-ci il sentyabr ayının 15-də “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə” Dövlət Proqramı ölkəmizdə gənc nəslin inkişafı ilə bağlı görülən işlərin əhatə dairəsini daha da genişləndirir. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasında gənc­lərin rolu artır, gənc nəsil tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilir. Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirilir, gənclərin dövlət idarəçiliyində rolu əhəmiyyətli dərəcədə artır və onların məsuliyyət hissi formalaşır. Ölkə Prezidenti cənab İlham Əliyev gənc­lərə olan münasibətini belə ifadə edir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz göstərilən dəstək və diqqət Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Odur ki, Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilir və dünya gəncləri arasında qazandığı nüfuz getdikcə artır.
Gənclərin hər sahədə inkişafına yönəlmiş bu dövlət siyasəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. 2018-ci ildə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi bir daha sübut etdi ki, qədim diyarımızın gənc­ləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hazırda muxtar respublikamızda gənclərin fiziki və mənəvi inkişafı, savadlı və sağlam böyümələri, sosial problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır, onların dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə fəal iştirakı təmin edilir, sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür.
Həmçinin 2018-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Gənclərinin VIII Forumunun, eləcə də noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi, “Avropa günləri” çərçivəsində tam orta məktəblərdə, ali təhsil ocaqlarında bir sıra təqdimatların təşkili, “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin muxtar respublikaya ekskursiyası, ilk dəfə keçirilən yaradıcı gənclər, beynəlxalq şahmat festivallarının keçirilməsi naxçıvanlı gənclərin müxtəlif sahələr üzrə potensialının artırılmasına, Vətən üçün, xalq üçün layiqli vətəndaşlar yetişdirilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi zərurətini qeyd edərək demişdir: “Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər”.
İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb. Ümummilli liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən 50 gənc onları maraqlandıran suallara cavab tapa bilib. Gənclər Naxçıvanın qədim tarixinin öyrənilməsi və müasir inkişafının təmin olunması sahəsində görülən işlər barədə ətraflı məlumat alıblar. Onlar bir daha Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, onun əsasını qoyduğu dövlət gənclər siyasətinin muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində gənclərin inkişafı üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bu tədbir həm də gənclərin fikir mübadiləsi aparmalarına, onlar arasında gələcəkdə daha da möhkəmlənəcək əməkdaşlıq əlaqələrinin yaradılmasına təkan verib.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, Naxçıvan şəhərində Gənclər və “Gənclik” mərkəzləri, Gənclər Fondu istifadəyə verilib. Bütün bunlar müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətinin yüksək qiymətləndirilməsi, gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların inkişafı, asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.
Bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilmələri gənc­lərə göstərilən diqqət və qayğıdan xəbər verir, öz istedadları üzərində daha səylə çalışmalarına güclü təkan yaradır. Artıq gənclərimiz yeni texnologiyaları yaxından mənimsəməklə səmərəli ideya, layihə və təşəbbüslər – startaplar ətrafında birləşirlər.
Qədim diyarımızda dövlət gənc­lər siyasəti beynəlxalq müstəvidə inkişaf edir. Bu gün muxtar respublikamızda dünya, Avropa, Asiya çempionatlarında, beynəlxalq turnirlərdə medal qazanmış gənclərin əldə etdiyi nailiyyətlər onu göstərir ki, Naxçıvan gəncliyi gündən-günə respublikamızın hər bir sahəsində uğur qazanmaqdadır.
Bütün bunlar isə gənclərimizin sabaha və gələcək uğurlara olan inam hissini hər keçən gün daha da artırır.

 Güntac ŞAHMƏMMƏDLİ

Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR