Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclasları keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclaslarda iştirak edib.
Büronun və Daimi Komitənin iclaslarında Səməd Seyidov Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Yeni Azərbaycan Partiyasının qəbul etdiyi son qərar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşdırılan islahatlar geniş və əhatəlidir. İcra və məhkəmə hakimiyyətləri sahələrində ciddi islahatlar uğurla həyata keçirilib. Qanunverici hakimiyyət belə islahatlardan kənarda qala bilməz. Bu sahədə də islahatlara ehtiyac var. İslahatlar strategiyası sistemli olması üçün bütün hakimiyyət qollarını əhatə etməlidir. Məhz buna görə də Yeni Azərbaycan Partiyası qanunverici hakimiyyətin islahatlardan kənarda qalmaması üçün belə bir qərar qəbul edib. Qanunverici sistemdəki islahatlar ölkədə həyata keçirilən ümumi islahatların məntiqi nəticəsidir.
AŞPA-nın üzvləri bu islahatların həyata keçirilməsində ölkəmizə dəstək verməyə hazır olduqlarını bildiriblər.