22 Dekabr 2024, Bazar

Məlum olduğu kimi, bu il oktyabr ayının 9-da ölkəmizdə Azərbaycan Respublikasına növbəti prezident seçkiləri keçiriləcəkdir. Bununla əlaqədar ölkəmizdə, eləcə də muxtar respublikamızda seçkilərə ciddi hazırlıq görülür. Naxçıvan Muxtar Respublikasında prezident seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı oxucularımızı məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:

– Məhərrəm müəllim, bildiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2 avqust 2013-cü il tarixli qərarı ilə prezident seçkiləri 9 oktyabra təyin olunmuş və seçki kampaniyası başlamışdır. Amma yəqin ki, siz bu prosesə daha əvvəldən hazırlaşırdınız.
– Doğrudur, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin təyini ilə bağlı qərarı avqust ayının 2-də vermişdir. Lakin cari ilin oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə seçki komissiyaları yanvar ayından seçici siyahılarının hazırlanması ilə başlamışlar. Bu proses may ayının 5-dək davam etmiş, nəticədə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ölkə üzrə vahid seçici siyahılarını təsdiq etmişdir.
Seçkilərdə seçici siyahılarının tərtibinin, dəqiqləşdirilməsinin ən mühüm seçki mərhələlərindən biri olduğunu nəzərə alaraq qeyd edim ki, muxtar respublikamızda bu iş uğurla başa çatdırılmış, həmin siyahılar üzrə dəqiqləşdirmələr isə seçki gününədək davam etdiriləcəkdir.

2013-cü il avqust ayı üçün muxtar respublika üzrə aktiv seçki hüququna malik olan seçicilərin sayı 255116 nəfərdir. 2008-ci illə müqayisədə seçicilərin sayı 6132 nəfər, yəni 2,5 faiz artmışdır. Seçicilərin 3075 nəfəri ilk dəfə səsverənlərdir. 255116 nəfər seçicinin 51,2 faizini, yəni 130637 nəfərini qadınlar, 48,8 faizini, yəni 124479 nəfərini isə kişilər təşkil etməkdədir. Seçicilərin 1824 nəfəri I qrup əlil vətəndaşlardır. Əlil arabasında olanların sayı isə 84 nəfərdir. Bunları onun üçün qeyd edirəm ki, əgər bu vətəndaşlarımız seçki məntəqəsinə gələ bilməsələr, onlar üçün daşınan seçki qutusu göndəriləcəkdir. Muxtar respublika üzrə ən yaşlı seçici Şərur rayonunun Kürçülü kəndində yaşayan 1898-ci il təvəllüdlü Hümbətova Qönçə Hüseynqulu qızı, ən gənc seçici isə Ordubad rayonunun Sabirkənd sakini 8 oktyabr 1995-ci il təvəllüdlü Rzayeva Şölə Həbib qızıdır.
– Muxtar respublikamızda fəaliyyət göstərən seçki dairələrinin seçkiyə hazırlığı ilə əlaqədar nə deyə bilərsiniz?
– Azərbaycan Respublikasında yaradılmış 125 seçki dairəsinin 7-si muxtar respublikamızın ərazisində fəaliyyət göstərir. Seçkilərin keçirilməsinə birbaşa məsul olan komissiyalardan biri də məhz dairə seçki komissiyalarıdır. Muxtar respublikamızda fəaliyyət göstərən 7 seçki dairəsi üçün müasir inzibati binalar istifadəyə verilmişdir. Seçki dairələrinin rabitə sistemi ən yüksək səviyyədə təşkil edilmiş, optik kabellər çəkilmiş və komissiyalar internetlə təmin olunmuşdur. Muxtar respublikada fəaliyyət göstərən seçki dairələri tələb olunan bütün inventar və avadanlıqlarla təmin olunmuş, onlar üçün ən nümunəvi şərait yaradılmışdır.
– Bəs seçki məntəqələrinin seçkiyə hazırlığı hansı səviyyədədir?
– Muxtar respublika üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir ki, bunun 292-si mülki, 24-ü isə hərbi məntəqələrdir. Bunlardan 21-i Milli Orduda, 1-i Sərhəd Qoşunlarında, 1-i Daxili Qoşunlarda, 1-i isə Ədliyyə Nazirliyi sistemində təşkil olunacaqdır. Hərbçilər üçün nəzərdə tutulan məntəqələr hərbi qurumlar tərəfindən seçkilərə 5 gün qalmış təşkil olunaraq təmirli binalarda yerləşdirilir. Mülki vətəndaşlar üçün təşkil olunmuş 292 məntəqənin 194-ü yeni tikilmiş və ya əsaslı təmir olunmuş binalarda yerləşir. Qalan 98 seçki məntəqəsinin yerləşdiyi binalardan 16-sı yenidən tikilir, 2-si əsaslı təmir olunur, 80-nin isə cari təmirə ehtiyacı vardır. Cari təmirə ehtiyacı olan ictimai binaların seçki gününədək səsvermənin keçiriləcəyi foyesi, komissiya sədri və üzvlərinin oturmaları üçün əlavə 2 otaq təmir olunacaqdır. Yerli icra hakimiyyətləri və tikinti təşkilatlarından aldığım məlumat əsasında əminliklə deyə bilərəm ki, muxtar respublikamızda fəaliyyət göstərəcək bütün seçki məntəqələrinin yerləşdikləri binalar ən yüksək səviyyədə olmaqla, bütün inventarla təchiz edilərək komissiya üzvlərinin istifadəsinə veriləcəkdir.
Seçki məntəqələri daşınan və daşınmaz seçki qutuları, seyflər, səsvermə kabinələri, elektrik enerjisinin kəsilməsinə qarşı gecə fənərləri və lampalarla, barmaqlara vurulan mürəkkəb və dedektorlarla (seçicilərin barmaqlarındakı mürəkkəbi yoxlayan cihaz), digər lazımi inventarlarla təmin edilir. Seçicilərin rahat və demokratik prinsiplər çərçivəsində səsvermədə iştirakları, eyni zamanda yerli və xarici müşahidəçilərin, qeydə alınmış namizədlərin vəkilləri və səlahiyyətli nümayəndələrinin seçkilərin gedişini rahat şəkildə müşahidə edə bilmələri üçün hər cür şərait yaradılacaqdır. Seçki məntəqələrinin də rabitə sistemi yüksək səviyyədə qurulmaqda, nasaz olan rabitə xətləri qısa zamanda təmir edilərək hər seçki məntəqəsinin 2 telefon xətti ilə fəaliyyət göstərməsi təmin olunmaqdadır. Seçicilərin seçki prosesini yaxından izləmələri və lazımi məlumatları vaxtında ala bilmələri, seçici siyahıları ilə tanış olmaları məqsədilə bütün seçki məntəqələrinin girişində məlumat lövhələri, əlavə olaraq qeydə alınmış namizədlər üçün təbliğat lövhələri yerləşdiriləcəkdir.
– Seçki komissiyalarının seçki prosesi ilə əlaqədar nəzəri və praktik biliklərinin artırılması üçün hansı tədbirlər görülür?
– Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Pro­qramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar seçki hüququ üzrə 29 iyuldan 5 avqustadək dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirmişdir. Həmin kursların davamı olaraq, muxtar respublikamızda dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzvləri üçün bu kursların keçirilməsinə start verilmişdir. Bu məqsədlə 7 avqustda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında keçirilən tədbirə 292 məntəqə seçki komissiyasının sədrləri, 63 nəfər dairə seçki komissiyasının üzvü və katibliyinin nümayəndələri dəvət olunmuşlar. Tədbir diskussiya xarakterli olmuş, komissiya üzvlərini maraqlandıran məsələlərə məruzəçilər tərəfindən aydınlıq gətirilmişdir.
Həmin tədbirin davamı olaraq, dairə seçki komissiyalarında da kurslar təşkil olunmuş, 14 avqustda Naxçıvan şəhərində, Babək və Ordubad rayonlarında, 15 avqustda Şahbuz rayonunda, 16 avqustda isə Şərur, Culfa və Kəngərli rayonlarında ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Qanunvericilik aktlarının və məntəqə seçki komissiyaları üzvləri arasında aparılmış vəzifə bölgüsünün mənimsənilməsi, həmçinin yekun protokolun doldurulması qaydalarının izah edilməsi ilə bağlı 5 oktyabradək mütəmadi olaraq seçki dairələrinin iclas zallarında treninqlər keçiriləcəkdir.
– Növbəti prezident seçkilərinin də uğurla başa çatdırılması üçün hər hansısa bir çətinlik olmayacaq?
– Bildiyimiz kimi, seçki prosesi çox məsuliyyətli, xalqın müqəddəratını həll edən siyasi bir prosesdir. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələ bilmək üçün ən mühüm məsələlərdən biri qanun­vericilik bazasıdır ki, Azərbaycan Respublikasında seçki komissiyalarının işi bu cəhətdən çox asanlaşmışdır. Çünki ulu öndərimiz Heydər Əliyevin tövsiyə və tapşırıqları əsasında hazırlanmış, zamanın tələbinə və keçirilmiş seçkilərdə əldə olunan praktik təcrübəyə uyğun olaraq, 16 dəfə dəyişiklik edilmiş Seçki Məcəlləsi bu gün üçün Venesiya Komissiyasının ortaya qoyduğu demokratiya və şəffaflıq şərtlərinə cavab verən ən mükəmməl qanunvericilik bazasıdır. Komissiya üzvlərinin üzərinə düşən vəzifə bu mükəmməl Seçki Məcəlləsini hərtərəfli qaydada mənimsəyib seçki prosesinin hər mərhələsində müvəffəqiyyətlə tətbiq etməkdir. Çünki öyrənilməyən və şərtlərinə uyğun olaraq tətbiq olunmayan heç bir qanunun ölkənin rifahına faydası ola bilməz. Buna görə də bütün komissiya üzvləri öz üzərlərində çalışmalı, Seçki Məcəlləsini dərindən öyrənməli və seçki dövründə qarşılaşacaqları çətinliklərə hazır olmalıdırlar.
Mən əminəm ki, dövlətin seçki komissiyaları üçün yaratdığı şərait müqabilində dairə seçki komissiyaları və onların əhatə etdiyi məntəqə seçki komissiyalarının üzvləri 1993-cü ildən bəri keçirilən seçkilərdə olduğu kimi, qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinin seçkilərinin də şəffaf, demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcək, seçki komissiyalarına göstərilən etimadı ən yüksək səviyyədə doğruldacaqlar. Eyni zamanda ümidvaram ki, digər seçkilərdə olduğu kimi, bu seçkidə də seçicilər aktiv iştirak edəcək və layiq gördükləri namizədə səs verəcəklər.
– Maraqlı müsahibə üçün sağ olun!

Tural SƏFƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR