23 Dekabr 2024, Bazar ertəsi

Dünyanın bir çox ölkələrində kütləvi bayram, musiqi, teatr, kino sənətinə aid nailiyyətlərin nümayiş etdirilməsi festivallar vasitəsilə həyata keçirilir. Onlar həm iri, bağlı məkanlarda, həm də müasir formatda, açıq havada – tarla, meydan, park və digər görməli yerlərin tarixi interyerlərində təşkil edilir. XX əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanıb. Təbii ki, hər bir ölkə özünün təbii ehtiyatlarını, sahib olduğu mədəni zənginliyini dünyaya nümayiş etdirmək üçün müəyyən metod və vasitələrdən istifadə edir. Belə festivalların ən unikal və orijinal forması məhz Naxçıvanda keçirilən və ənənə şəklini alan festivallardır.

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini özündə ən parlaq şəkildə təcəssüm etdirir. Bu torpağın tarixini araşdırdıqca yeni-yeni yaşayış məntəqələri, tarixi abidələr, sənətkarlıq əsərləri və bunun kimi minlərlə mədəniyyət nümunələri diyarımızın tarixi varlığının qədim dövrlərə söykəndiyini sübut edir. Xüsusilə qeyd etmək lazımdır ki, keçirilən festivallar bu torpağın qədim adət-ənənələrini bu gün də yaşatmaq və gələcək nəsillərə ötürmək kimi məsuliyyətli bir missiya daşıyır.
Ümumilikdə, Naxçıvan şəhərində keçirilən festivallar kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, yaradıcılıq və digər sahələri əhatə edir. Artıq ənənə halını alan bu tədbirlərdə muxtar respublika sakinləri həvəslə iştirak edirlər. Festivallar həm də qonaq qismində diyarımızı ziyarət edən xarici turistlərin və digər ölkə vətəndaşlarının yaddaşına gözəl təəssüratlarla həkk olunur.

Öncə onu qeyd etmək lazımdır ki, festivallar keçirilən zaman onun əhatə dairəsi tək həmin festivalın keçirildiyi məkanla kifayətlənmir. Bunun üçün, eyni zamanda şəhər müasir görünüşə, tarixi abidələrə və gəzməli yerlərə, muzeylərə, gözəl infrastruktura, gözoxşayan, müasir dizayna malik olmalıdır. Necə ki bu gün müasir Naxçıvan bütün bu sadaladığımız müsbət keyfiyyətlərin hamısını özündə cəmləşdirib.
Beləliklə, ötən 3-4 il ərzində Naxçıvanda keçirilən festivalların tarixçəsinə nəzər salaq.

“Bakı – 2015” ilk Avropa Oyunlarının Alov festivalı

2015-ci il aprelin 27-də “Bakı – 2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinə gətirildi və burada Alov festivalı keçirildi. Minlərlə sakin məşəl estafetini alqışlarla müşayiət edərək, bu mötəbər tədbirin həyəcan və sevincini yaşadı. Yüksək səviyyədə təşkil olunan həmin festivalda istər yerli sakinlər, istərsə də xarici idmançılar və turistlər muxtar respublikada idmana göstərilən yüksək diqqət və qayğının bir daha şahidi oldular. Bu gün muxtar respublikada olimpiya idman kompleksləri, üzgüçülük, stend və sportinq atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəblərinin fəaliyyət göstərməsi bütün bunlara əyani misaldır.

“Arıçılıq məhsulları – bal festivalı”

Bu gün muxtar respublikada kənd təsərrüfatının çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi artıq ənənə halını alıb. 2016-cı ildən başlayaraq hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivala muxtar respublikamızın müxtəlif bölgələrindən olan arıçılar tərəfindən bal, arı südü, güləm, vərəmum və digər məhsullar çıxarılır. Bu cür festivalların keçirilməsi Naxçıvanın təbii sərvətlərinin dünyaya tanıdılması yolunda ən mühüm vasitələrdən biridir.

“Ailə təsərrüfatı məhsulları” festivalı

Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları bu sahənin inkişafına yüksək təsir göstərib. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
2017-ci ildən etibarən hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilir. Festivallara muxtar respublikanın bütün rayonlarından olan ailə təsərrüfatları tərəfindən müxtəlif çeşidli, həm də dövlət dəstəyi ilə nəfis şəkildə qablaşdırılmış yüzlərlə məhsul çıxarılır. Festival iştirakçılarına diyarımızın adı dillər əzbəri olan məhsulları – Naxçıvan qovurması, əriştəsi, yarması, kompotu, mürəbbələri, dərman bitkiləri, dadlı və keyfiyyətli meyvələri təqdim olunur. İştirakçısı olduğumuz bu festivallarda istər ailə təsərrüfatı sahiblərinin, istərsə də muxtar respublika sakinlərinin və xarici qonaqların yaradılan yüksək şəraitə görə təşəkkürlərinin də şahidi oluruq.

“Kətə” festivalı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Bu gün diyarımızda xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində əməli işlər görülür. Milli mədəniyyətimizin, dəyərlərimizin, eləcə də mətbəximizin zənginliyinin kütlələrə geniş şəkildə nümayiş etdirildiyi “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində keçirilən digər bir festival – “Kətə” festivalı 2017-ci ildən təşkil olunur. Bu cür festivalların keçirilməsi muxtar respublikamızda digər sahələrlə yanaşı, milli mətbəximizin, milli adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli yer tutur.

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı

Yazının əvvəlində qeyd etdiyim kimi, əgər bir şəhər festivallar şəhəri adını qazanıbsa, həmin şəhərin bütün küçə, məhəllə, prospekt və infrastrukturu buna cavab verməlidir. Ölkə Prezidentinin və Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində bugünkü firavan və gözəl görkəminə qovuşan Naxçıvanda keçirilən daha bir mötəbər festival şahmat festivalıdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş builki şahmat festivalı Beynəlxalq Şahmat Federasiyasının təqviminə görə 9 ildir, keçirilən digər festivallarla müqayisədə yüksək səviyyədə təşkil olunan ən yaxşı festival kimi qeyd olunub. “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 14 ölkədən 356 şahmatçı iştirak edib. Onlar arasında 20 beynəlxalq qrossmeysterin, 15 beynəlxalq ustanın və 15 FİDE ustasının da yer alması Naxçıvanda beynəlxalq tədbirlərin təşkilatçılığının yüksək səviyyədə olmasının və diyarımıza dünyəvi marağın ilbəil artmasının göstəricisidir.

“Nakhchivan Colour Day” rəng festivalı

Naxçıvanda gənclərə göstərilən diqqət və qayğı tarixin xüsusi bir səhifəsidir. Bu səhifələrə 2019-cu il iyun ayının 16-da Naxçıvanda keçirilən növbəti – “Nakhchivan Colour Day” rəng festivalı da yazıldı. Bu festival beş­ulduzlu “Duzdağ” otelin “Aquapark”ında keçirildi. “Color Fest” rəng paketləri, su savaşları (water fight), “Bubble Soccer”dən istifadə, “Duzdağ” otelə komfortlu transfer, hovuzkənarı kokteyllər və ləziz yeməklər, hədiyyəli oyunlarla gənclərin marağına səbəb olan festival həm də onların asudə vaxtlarının əyləncəsinə çevrildi. Keçirilən tədbirlər, gənclər üçün yeni ideyaların ortaya çıxarılması onu deməyə əsas verir ki, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı vacib məsələ kimi nəzərdə saxlanılmaqla yanaşı, mədəni istirahətlərinin təmin edilməsi istiqamətində də işlər görülür.

“Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı

Gənclər və İdman Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Hünər” Vətənpərvərlik Mahnıları Festivalı 12-ci sayını 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvan şəhərində reallaşdırıb. Festival Azərbaycanı tərənnüm edən vətənpərvərlik ruhlu mahnıların geniş təbliğ edilməsi və istedadlı gənclərin üzə çıxarılması, onların həvəsləndirilməsi məqsədilə təşkil edilir. Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Mərkəzində keçirilən festivala muxtar respublikamızın şəhər və rayonlarından 18-29 yaşlı 40 istedadlı gənc cəlb olunmuşdu. Bu cür tədbirlər diyarımızda istedadlı gənclərin üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır.

“Göycə” festivalı

Qədim Naxçıvan zəngin mədəniyyəti, çox­əsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Bu diyarın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən meyvələri süfrələrimizin bəzəyinə, bərəkətinə çevrilib.
2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalı muxtar respublikada bağçılıq və meyvəçiliyin inkişaf etdirilməsi, təbii-coğrafi şəraitə uyğun olaraq meyvə bağlarının və yaşıllıq zolaqlarının salınmasına göstərilən diqqətin təzahürüdür.
Qeyd edək ki, ötən 3-4 il ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində həm də “Milli geyimlər”, “Yaradıcı gənclər”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri” kimi müxtəlif festivallar da təşkil olunub.

Keçirilən bu festivallar, ümumilikdə, muxtar respublikamızın, eləcə də onun turizm potensialının təbliğinə xidmət etməklə yanaşı, həm də sakinlərin sosial güzəranının daha da yaxşılaşdırılmasına və mədəni istirahətlərinin təmin edilməsinə yönəldilib. Bu festivallarla həm də biz öz tariximizə, keçmişimizə yaxından bələd olur, qədim adət-ənənələrimizi dünəndən bu günümüzə və sabaha daşıyırıq. Quruculuğu, abadlığı, firavanlığı ilə gözoxşayan festivallar şəhəri, toy-büsat qapısı Naxçıvan, səninlə qürur duyuruq.

Qəzənfər BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR