23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda baş tutan “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və IT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

 “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası sazişi Azərbaycan tərəfdən ölkəmizin Türkmənistandakı səfiri Həsən Zeynalov, Türkmənistan tərəfdən isə bu ölkənin Sənaye və Kommunikasiyalar Nazirliyinin “Türkmenaraqatnaşık” (“Türkmenaragatnaşyk) Agentliyinin sədri Hacımurad Xudayquliyev imzalayıblar.

Sazişə əsasən, Xəzərin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

“AzerTelecom” şirkəti tərəfindən belə bir magistral kabel xəttinin çəkilməsi Azərbaycandan keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal ipək yolunu formalaşdıracaq. Magistral xətt Avropa internet mərkəzlərindən internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək. Belə bir magistral xətt Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək və rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq. Kabel xətti hər iki ölkənin telekommunikasiya sektorunun inkişafına, eləcə də regional inkişafa töhfə verəcək.

Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində ölkə daxilində və ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edir. Ölkə xaricində infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. Layihə iki istiqamətdən – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 380-400 kilometr olan Transxəzər fiber-optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR