Ölkə ərazisində noyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.