Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib
Mərasimdə iştirak edən Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak səfirliyin açılmasının ölkəsi ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini söyləyib. “Azərbaycanın potensialını bilirdik, buna görə də burada nümayəndəliyimizi açmaq qərarına gəldik. Əməkdaşlıq üçün bir çox sahələr var - əczaçılıq, infrastruktur, dəmir yolu, turizm və s.”, – deyə nazir qeyd edib.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkəmizdə Slovakiya səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan tərəfi səfirliyin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazırdır.
Azərbaycanın Slovakiya ilə əlaqələrə önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. Azərbaycan ilə Slovakiya arasında enerji, humanitar və turizm sahələrində əməkdaşlıq mövcuddur, bu əməkdaşlığın daha da dərinləşməsi və müxtəlif sahələri əhatə etməsi üçün imkanlar var.
Xatırladaq ki, Slovakiyanın Azərbaycanda səfirliyi bu il oktyabrın 1-dən fəaliyyətə başlayıb.