23 Dekabr 2024, Bazar ertəsi

İki ildən artıqdır ki, Bakıdan Naxçıvana gələn sərnişin qatarları erməni millətçilərinin təqsiri üzündən fasilələrlə işləyir. İndi ümid qalıb Bakıdan Naxçıvana uçan “Yak-40” təyyarələrinə. Bu təyyarələr isə muxtar respublika əhalisinin tələbatını ödəmir. Axı hər gün yüzlərlə sərnişin Bakıya, yaxud suveren respublikaların ayrı-ayrı şəhərlərinə getmək və oradan vaxtında qayıtmaq istəyir. Ancaq necə? İndi bu məsələ böyük problemə çevrilmişdir. Fürsətdən istifadə edən möhtəkirlər və bəzi əliəyri aeroport işçiləri qabaqcadan bilet ala bilməyən sərnişinlərə təyyarə biletlərini 5-10 qat bahasına sırıyırlar. Onlara isə “gözün üstdə qaşın var”, – deyən yoxdur.
Deyəsən, mətləbdən uzaqlaşdıq. Bu yazıda məqsədimiz başqadır. İndi respublika əhalisi “Tu-134” və “Tu-154” təyyarələrinin Naxçıvan aeroportuna enəcəkləri günü səbirsizliklə gözləyirlər. Axı uçuş zolaqlarının tikintisi və mühəndis-texniki qurğuların quraşdırılması keçən il başa çatdırılmışdır. Görəsən səbəb nədir ki, böyüktutumlu təyyarələrin Naxçıvana uçuşu ləngidilir? Bu sualla tikintinin baş icraçısına müraciət etdik. O, belə cavab verdi:
– Düzdür, əsas işlər başa çatdırılmışdır. İndi radioqurğularda tənzimləmə işləri gedir. Bu iş də qurtarmaq üzrədir. Kerçdən, Penzadan, Novokuznetskdən və Bakı şəhərindən tikintiyə təyyarə-laboratoriya ilə birgə mütəxəssislər dəvət etmişdik. Sazlama işlərinin 80 faizini başa çatdırıblar. Keçən ilin 30 dekabrında ailələrinə baş çəkmək üçün gediblər. Yanvar ayının 10-da gəlməlidirlər. Düzünü bilmək istəyirsinizsə, birhəftəlik sazlama işləri qalır. Sağlıq olsun, yanvar ayının üçüncü ongünlüyündə Naxçıvan aeroportu böyüktutumlu təyyarələri qəbul edə biləcəkdir.
Təki baş icraçının dedikləri gerçək olsun. Axı hamının gözü yoldadır...

“Şərq qapısı”
1992-ci il

Səmadan-səmaya sürət uçuşu

Bəli, 27 il bundan öncə – yaxın keçmişimizdə hamının gözü yolda idi. Bu, həmin vaxtlar idi ki, həm müharibənin, həm də blokadanın çətinliklərinə qalib gəlməyə çalışırdıq. Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində bütün sənaye müəssisələri bağlanmış, paytaxt Bakıya gediş-gəliş olduqca çətinləşmiş, necə deyərlər, Allah ümidinə qalmışdıq. Aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdu. Belə bir vaxtda xalqımızın dahi oğlu Heydər Əliyevin naxçıvanlılarla birgə burada ağır şəraitdə yaşaması, çıraq işığında imzaladığı sərəncam və fərmanlar bu gün də həyatımızın bütün sahələrinə nur salır, yolumuzu aydınladır. Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aviasiya ilə bağlı vacib məsələ də öz həllini tapdı.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Naxçıvan Hava Limanının uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü. Bu iş mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş-enmə zolağının uzadılması nəticəsində hava limanı “Tu-134” tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. Dahi rəhbərin göstərişi ilə Naxçıvan-Bakı reysini həyata keçirmək üçün yeni təyyarələr alındı. Hava limanının gücü müasir tələblərə cavab vermədiyindən, 2002-ci il avqustun 11-də onun genişləndirilməsi barədə qərar qəbul etdi. Ali Məclisdə keçirilən xüsusi müşavirədə ulu öndər deyirdi: “Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq, mən belə bir qərara gəldim”.

İnşasına 2002-ci il oktyabr ayında başlanan Naxçıvan Hava Limanında bölgənin sərt iqlim şəraiti nəzərə alınaraq uçuş-enmə zolağı betondan hazırlandı. Bu zolağın uzunluğu, genişliyi və möhkəmliyi ən ağır təyyarələri qəbul etməyə imkan yaradır. 2002-2004-cü illər ərzində isə yeni təyyarə vağzalı tikildi. 2004-cü ilin aprel ayında Naxçıvan Hava Limanı beynəlxalq hava limanı statusunu qazandı.
Hava limanının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasında, Azərbaycanın ayrılmaz parçası olan bu qədim torpaqda çox mühüm, əlamətdar bir hadisə baş verir. Zirvəsində ümummilli liderimizin dayandığı Azərbaycanın quruculuq salnaməsinə daha bir obyektin adı yazılır. Əsaslı yenidənqurma və tikinti işlərindən sonra Naxçıvan Beynəlxalq Hava Limanı istifadəyə verilir. Müasir memarlığın ən mühüm element­lərini özündə cəmləşdirən bu yaraşıqlı hava limanı bilavasitə möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır, onun xeyir-duası, qayğı və himayəsi ilə tikilib ərsəyə gəlmişdir və ümummilli liderimizin qurucu­luq işlərinin daha bir nümunəsi və yadigarıdır”.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanı nəinki Azərbaycanın digər rayonları, eyni zamanda dünyanın müxtəlif ölkələri ilə də Naxçıvanın hava nəqliyyatı əlaqəsini təmin etmək imkanına malikdir. Ölkə Prezidentinin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə “Şərq terminalı”, 2016-cı ildə isə Ali Məclis Sədrinin iştirakı ilə hava limanının “Qərb terminalı” istifadəyə verilib. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir. Bütün bunlar Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olub. Həmçinin də təyyarə uçuşlarının təhlükəsizliyinin və aeroportun fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılmasını təmin edir. Bu isə blokada şəraitində olan muxtar respublikamızın hava limanının strateji yükünü daha da artırıb. Bakı-Naxçıvan arasında reyslər gündə 4 dəfə (sərnişin sıxlığından asılı olaraq 10-11 reys) həyata keçirilir. Bakıdan uçuşlar Heydər Əliyev Beynəlxalq Hava Limanının ikinci terminalının cənub istiqamətindən, Naxçıvandan uçuşlar isə Naxçıvan Beynəlxalq Hava Limanının hər iki terminalından həyata keçirilir. Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar vardır. Ötən aylarda Türkiyə üzərindən birbaşa hava dəhlizinin açılışı uçuş intensivliyinə də öz təsirini göstərir. Uçuşlar müasirtipli hava gəmiləri vasitəsilə yerinə ­yetirilir.
Onu da qeyd etmək yerinə düşər ki, inzibati binanın istifadəyə verilməsi hava limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında özünəməxsusluğu ilə seçilir. Yeni inzibati binada, ümumilikdə, 53 iş otağı, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb. Burada yenidənqurma işlərinin aparılması ilə sərnişinlərin gediş-gəlişinin daha rahat şəkildə təşkili üçün mükəmməl şərait vardır.

Əvvəllər hava limanı saatda 200-300 sərnişini qarşılayıb yola salmaq imkanına malik idisə, yenidənqurmadan sonra bu, 550-600 sərnişinə xidmət səviyyəsinə yüksəldilib. Yenidənqurma işləri, həmçinin aerovağzal binasında birinci və ikinci mərtəbələrin gəliş və təyyarələrə minik zalları üçün ayrılmasına da şərait yaradıb. Sərnişinlərin hərəkətinin rahatlığını təmin etmək üçün burada eskalator, sağlamlıq imkanları məhdud, yaşlı vətəndaşların istifadəsi üçün lift və digər zəruri sistemlər quraşdırılıb. Artıq neçə ildir ki, əvvəllər idarə heyəti üzvlərinin yerləşdiyi ikinci mərtəbədən teleskopik traplar vasitəsilə hava gəmilərinə miniklər təşkil edilir.
Hava limanında bir neçə sərnişinlə də həmsöhbət olduq, onların göstərilən xidmətin səviyyəsindən razı qalıb-qalmadıqları ilə maraqlandıq. Bakı şəhərindən diyarımıza gələn Mələk Dadaşova dedi ki, ilk dəfə Naxçıvana 1990-cı ilin yanvarında gəlmişdim. Şəhərin hava limanı bərbad vəziyyətdə idi. Təyyarəyə minmək üçün min bir əzaba qatlaşmalıydın. İndi o günlər geridə qalıb. Naxçıvan Hava Limanı çox müasirləşib. Uçduğumuz təyyarə təptəzəydi. Sağlamlıq imkanları məhdud övladımı təyyarədən necə endirəcəyimi düşünürdüm. Sözün düzü, bu məni çox narahat edirdi. Çünki illər öncəki şəraitsiz hava limanı qalmışdı xatirimdə. Amma təyyarə endikdən az sonra göyərtəsində sağlamlıq imkanı məhdud sərnişin olduğu məlumatını alan hava limanı işçiləri xüsusi avadanlıqla təchiz edilən maşınla yaxınlaşıb onun asanlıqla enməsinə kömək etdilər. Bir ananın əlacsız qaldığı vaxt necə çətindir, bunu ancaq həmin hissləri yaşayanlar bilər. Yaradılan şərait bax belə çətin anımda mənim köməyimə yetdi. Mən bu torpaqda doğulub böyüməsəm də, ürəyimdə bu yurda böyük sevgi yarandı. Çünki burada övladıma və mənə qayğı ilə yanaşıldı və o, Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunaraq şəfa tapdı.
Bu gün hava limanından təkcə biz naxçıvanlılar yox, digər ölkələrin, xüsusilə də qonşu Türkiyə Respublikasının vətəndaşları rahatlıqla istifadə edirlər. Böyük İpək Yolunun üstündə yerləşən bu qədim yurd əsrlərboyu türkdilli xaqlar arasında körpü olub. Bu missiya indi də davam edir. Hava limanında olarkən Türkiyə vətəndaşları Ərhan Yolcu və Xəlil İbrahimlə də həmsöhbət oluruq. Ərhan Yolcu deyir ki, Naxçıvandan Bakıya, oradan da Türkmənistana gedəcəyəm. Buradakı şərait çox ürəkaçandır. Həm də sizin hava limanından istifadə etməklə Türkmənistana yaxın yolla çatıram və bu mənə ucuz qiymətə başa gəlir.
Xəlil İbrahim isə Bakıda ailə həyatı qurub, iki övladı var. Ata-anası Türkiyənin Qaziantep vilayətində yaşayır. O deyir ki, Sədərək-Dilucu gömrük-keçid məntəqəsindən keçib birbaşa hava limanına gəlmişəm. Bakıdan Naxçıvana, oradan da Qaziantepə və ya əks-­istiqamətdə getmək çox asan və ucuz başa gəlir. Ona görə də bu yoldan istifadə edirəm. Biletimi qabaqcadan onlayn sifariş etmişəm. Xidmət çox yüksək səviyyədədir. Təyyarəni gözləyərkən istirahət etmək imkanımız da olur.
1992-ci ildə ürək yanğısı ilə qələmə alınan məqalədə fürsətdən istifadə edən möhtəkirlərin və bəzi əliəyri aeroport işçilərinin qabaqcadan bilet ala bilməyən sərnişinlərə təyyarə biletlərini 5-10 qat bahasına satdıqlarından da bəhs olunur.
Ötən illər ərzində bu məsələ də öz həllini tapıb. Belə ki, hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün görülən tədbirlərin tərkib hissəsi kimi Naxçıvan şəhərində, Şərur və Ordubad, Şahbuz rayonlarında aviakassalar da tikilib. Bu da sakinlərin vaxt itkisinə yol vermədən, yaşadıqları ərazidən bilet ala bilmələrinə imkan verir. Yeni yaradılan aviakassalarda bilet almaq üçün növbə xüsusi avtomatla tənzimlənir: sərnişinlərə sıra nömrələri verilir və kassalardan hər hansı biri boşaldıqda monitor və səsgücləndirici qurğu vasitəsilə növbəti sərnişin həmin kassaya dəvət edilir. Sərnişinləri məlumatlandırmaq üçün nəzərdə tutulan xüsusi ekranda növbəti reyslər üçün boş yerlərin sayı göstərilir. 2018-ci ilin iyun ayından Bakı-Naxçıvan və əks-istiqamətdə uçan reyslərə aviabiletləri onlayn əldə etmək də mümkündür.
Yeri gəlmişkən, yuxarıda adı­çəkilən məqalədə vurğulanmayan, amma 90-cı illərin payız və qış ­fəsillərində tez- tez qarşılaşdığımız bir məqamı da diqqətinizə çatdırmaq və bu gün həmin məsələnin də öz həllini tapdığını qeyd etmək istərdim. Həmin illərdə payızın küləkli, yağışlı, qışın sərt vaxtlarında hava şəraiti reyslərin uçuş cədvəlinə təsir edir və bu da sərnişinlərin saatlarla hava limanında qalmasına və ya təyyarənin eniş edə bilmədən geri qayıtmasına səbəb olurdu. Bu gün belə halların qarşısı alınıb. Təbiətin şıltaqlıq etdiyi günlər, əlbəttə ki, istisnadır. Çünki insan övladı bəzi təbiət hadisələrinin qarşısını almaq iqtidarında deyil. 90-cı illərdə isə bu halla qarşılaşmağımızı yaradan səbəblərdən biri də hava limanının maddi-texniki bazasının zəif olması idi.
Son illər Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infra­strukturunun möhkəmləndirilməsi də daim diqqətdə saxlanılır. Ali Məclis Sədrinin qayğısı ilə hava limanının fəaliyyətini daha da müasirləşdirmək və uçuşların təhlükəsizliyini artırmaq məqsədilə yüksək texniki göstəricilərə malik olan yeni maşın və mexanizmlər alınıb gətirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmətin təşkilinə də imkan verir.
Onu da qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, 25 adda 30 yeni texnika və avtomobil alınıb.
Dünənlə bu günü müqayisə etdiyimizdə gördük ki, hava limanında sərnişinlərə hərtərəfli xidmət göstərmək üçün hər cür şərait yaradılıb, infrastruktur təkmilləşdirilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, qədim yurdumuz üçün ulu öndərin arzu və istəkləri hər sahədə olduğu kimi, hava nəqliyyatında da öz yerini tapmaqdadır. Təbiidir ki, şahidi olduğumuz bütün xoş mənzərələr özbaşına əmələ gəlməyib. Zəhmət, əzmkarlıq, vətənpərvərlik və insan amilinə verilən yüksək dəyər bu məsələdə xüsusi rol oynayıb. Heydər Əliyev siyasətinin muxtar respublikada uğurla həyata keçirilməsi, böyük qurucu­luq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, müasir inkişafın təmin edilməsi Ali Məclis Sədrinin çoxillik dövlətçilik təcrübəsinin, böyük əmələ əsl sədaqətin vəhdəti olan yorulmaz təşkilatçılıq fəaliyyətinin real nəticələridir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR