Bu gün informasiya və kommunikasiya texnologiyalarının inkişafı müasir çağırışların fəal iştirakçısı olan, innovativ düşüncəli gənclərin formalaşmasını tələb edir. Məhz bu səbəbdən muxtar respublikamızda gənc sahibkarların inkişafına diqqət göstərilir, gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Onlar informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Nəticədə, yeni ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsini tələb edən davamlı, dayanıqlı, inkişafa meyilli təşəbbüslər – startaplar ortaya çıxır. Muxtar respublikamızda “Startap Naxçıvan” hərəkatını genişləndirmək üçün ali və orta ixtisas təhsili müəssisələrində təlimlər, müsabiqələr keçirilir, yeni layihələrin icrası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə istifadəyə verilən “Startap Naxçıvan” portalı da həyata keçirilən tədbirlərin davamı kimi diqqəti cəlb etdi.
“Startap Naxçıvan” portalı vasitəsilə gənc startapçılar öz layihələrini daha sürətli və asan təqdim edə bilirlər
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə rəisi, işçi qrupunun üzvü Hüseyn Əsgərli qeyd edir ki, innovativ həllərin tətbiqinin zəruri olduğu bir dövrdə “Startap Naxçıvan” hərəkatı ölkəmizdə milli startap infrastrukturunun inkişaf etməsinə dəstək verməklə yanaşı, gənc sahibkarların yetişməsi və formalaşmasında da mühüm rol oynayacaq. Həmçinin bu layihə gələcəkdə hamiliyə verilən təhsil müəssisələrinin hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr həyata keçirməsinə, muxtar respublikada İKT sektorunda investisiya mühitinin yaxşılaşdırılmasına, ən yaxşı internet və İT layihələrini üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım edəcəkdir.
Layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanıb və “startup.nakhchivan.az” internet portalı istifadəyə verilib. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri vardır. Eyni zamanda qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb.
Yeni startap layihəsi tələbələrin
innovativ potensiallarının üzə çıxarılmasında mühüm rol oynayacaq
Onlar informasiya texnologiyalarından effektiv istifadə etməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn innovativ ideyalar əsasında müxtəlif sahələr üzrə hazırladıqları layihələri təklif edə biləcəklər. Əsas odur ki, bu layihələr daha əvvəl tətbiq edilməsin və təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulsun. Elmi-tədqiqat, araşdırmatipli layihələr “Startap Naxçıvan” çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir. Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər. Layihə çərçivəsində startapçılar üçün təlimlər təşkil olunur, investorlarla görüşlər keçirilir, startapçılara komanda formalaşdırmağa köməklik göstərilir. İnternet biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır. Tələbələr portalda “Yeni hesab yarat” bölməsi vasitəsilə burada qeydiyyatdan keçməklə aktiv istifadəçi olub portalın imkanlarından geniş istifadə edə bilərlər.
Portalda layihə çərçivəsində yaradılmış işçi qrup – mentorlar, İT, internet-biznes və sosial media sahəsində, marketinq və maliyyə, layihələrin idarə olunması sahəsində təcrübəli mütəxəssislər startaplara məsləhətlər verilməsi, onların dəyərləndirilməsi, tanıtımının daha uğurla həyata keçirilməsi istiqamətində köməklik göstərir. Bundan əlavə, startapın aid olduğu sahə üzrə hami təşkilatların peşəkar mütəxəssisləri layihənin ərsəyə gəlməsində yaxından iştirak edirlər. Startap layihələri müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan təcrübəli ekspertlər tərəfindən qiymətləndirilir. Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər. Təqdim olunan startap layihələrinin ideyasının, qısa təsvirinin və digər məlumatların ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olması müəyyən edilir. Layihəsi olan, ancaq dəyərləndirə bilməyənləri “Startap Naxçıvan” portalından aktiv istifadə etməyə çağırırıq.
Startap layihəsində internet biznesini
qurmaq istəyən hər bir şəxs iştirak edə bilər
Hüseyn müəllim bildirir ki, startap layihəsində iştirak üçün tələbələrə ixtisas məhdudiyyəti yoxdur. Bu lahiyədə İKT-dən istifadə yolu ilə gəlir əldə etmək, öz internet biznesini qurmaq istəyən hər bir şəxs, tələbə və ya mütəxəssis, hüquqi və ya fiziki şəxs, developerlər, proqramçılar və sair iştirak edə və öz startap ideyalarını onlayn olaraq təqdim etməklə gerçəkləşdirə bilərlər. İnvestor axtarışında olan digərləri də bu portala müraciət edə bilərlər.
“Startap Naxçıvan” hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırılıb
Hüseyn Əsgərli qeyd edir ki, bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb. Bu məqsədlə Rabitə və Yeni Texnologiyalar Nazirliyi aidiyyəti təşkilatların təklifləri əsasında startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsini və təqdim ediləcək digər layihələri qiymətləndirəcək ekspert qrupu yaradıb. Nazirliyin mütəxəssislərindən ibarət mentor qrupu muxtar respublikada 2018-ci ildən etibarən icrasına başlanan “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil edilən startap turunun Naxçıvan mərhələsində iştirak etmək üçün layihələrə mentor dəstəyi göstərib, onlar üçün seminar-treninqlər keçib. Beləliklə də, bu il müvafiq olaraq “Peşəkar”, “Cafes Caravan Company”, “Pay Port” layihələri qalib seçilib və həmin komandalar avqust ayının sonlarında “İnnocamp” yay düşərgəsində iştirak ediblər. Həmçinin onlar cari ilin dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və konfransında öz layihələrini yenidən iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanıblar.
Nazirliyin fəaliyyət istiqamətlərindən biri də gəncləri innovativ fəaliyyətə cəlb etmək üçün ali və orta ixtisas təhsili müəssisələrində digər hami təşkilatlarla birgə təlimlər, müsabiqələr keçirməkdir. Bunun üçün nazirlik tərəfindən növbəti ildə də startapla bağlı seminar-treninqlərin, görüşlərin keçirilməsi nəzərdə tutulur.
Hüseyn Əsgərli həm də “PayPort” layihəsinin mentorudur. O qeyd edir ki, bu layihə gələcəkdə onlayn ödəniş portalı kimi fəaliyyət göstərəcək və geniş xidmətləri ilə istifadəçilərin rahatlığını təmin edəcək. Layihə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən də dəstək görüb. Hazırda layihə üzərində işlər davam etdirilir.
Muxtar respublikamızda uğur qazanan digər layihələr barədə də məlumat vermək istərdim. “Cafes Caravan Company” layihəsinin komanda kapitanı Fərid Seyidov deyir ki, layihəmizlə muxtar respublika turizminin və iqtisadiyyatının inkişafına töhfə verəcəyimizə inanırıq. Yeni startapın əsas mənbəyi yaradıcı ideya olsa da, onun uğuru üçün vacib olan daha bir amil həmin ideyaya bazarda potensial tələbatdır. Bunun üçün bazarın ciddi araşdırılması tələb olunur. Həmçinin startapın uğur qazanmasında ideyaya inam və adekvat komandanın seçilməsi də mühüm rol oynayır.
O qeyd edir ki, biz yaradıcı ideyası olan layihə və uğurlu komanda formalaşdırmışıq. Layihəmiz “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil edilən startap turunun Naxçıvan mərhələsində ikinci yeri tutdu. Bunu başlanğıc üçün yaxşı hal kimi qiymətləndirmək olar. Dekabr ayında keçiriləcək “Bakutel-2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransında layihəmizi yenidən təqdim edəcəyik. Orada iştirak edən investorları layihəmizə dəstək olmağa çağırırıq.
“Peşəkar.az” layihəsinin komanda kapitanı Nail Seyidov isə deyir ki, biz hər bir sahə üzrə peşəkarların bir arada toplandığı platforma (sayt, mobil tətbiq) yaratmışıq. Bu innovativ xidmət peşəkarlara öz xidmətlərini nümayiş etdirməyə, xidmət ödənişinin nağd şəkildə aparılması zamanı yaranan çətinlikləri aradan qaldırmağa, istehlakçının almaq istədiyi xidmətə uyğun və alternativli peşəkar seçimini etməyə dəstək olacaq. “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil edilən startap turunun Naxçıvan mərhələsində birinci yeri tutduq. Bakı şəhərində keçirilən final turunda çıxış etdik və layihəmiz bir neçə investorun diqqətini çəkdi. Biz bir komanda olaraq “Peşəkar – sizi düşünən biri var” sloqanı ilə insanlara layiqincə xidmət edəcəyimizə inanırıq.
Bu layihədən əlavə, komandamızla birgə “Pullu” adlı reklam platforması da yaratmışıq. Platformanın android versiyası istifadəyə verilib. Fəaliyyətə başladığı qısa müddətdə böyük maraq görən platformada hər bir şəxs həm öz reklamlarını yerləşdirə, həm də həmin reklamları izləyənlər pul qazana bilirlər.
Nail Seyidov bildirir ki, biz gənclər göstərilən qayğıdan səmərəli istifadə edərək, insanların maraqlarını nəzərə alıb, hazırladığımız layihələrlə gələcək inkişafımız üçün çalışırıq.
Göründüyü kimi, muxtar respublikamızda startap hərəkatına qoşulmaq istəyən gənclərin sayı atır. Gənc nəsil təkcə yeni fikirlərini biznesə çevirməyi yox, həm də insanların nə istədiyini başa düşməyi və buna düzgün yollarla cavab verməyi öyrənirlər. Öyrənmək olan yerdə isə hər zaman inkişaf var. Əzmlə işləmək, inanmaq uğurun yarısıdır.
Güntac ŞAHMƏMMƏDLİ