23 Dekabr 2024, Bazar ertəsi

Bu sıraya Muğanlı və Alışar kəndləri də daxil olub

Son illərdə muxtar respublikamızda ilin bu fəsli bir neçə təmtəraqlı, el bayramına çevrilən hadisələrlə xarakterizə olunur. Onlardan biri də diyarımızın ayrı-ayrı yaşayış məntəqələrini müasirliyə qovuşduran yeni obyektlərin istifadəyə verilməsidir. Muxtar respublikada əmin-amanlığın, sosial-iqtisadi inkişafın təzahürü olan belə tədbirlər hər bir naxçıvanlını ürəkdən sevindirir, qədim diyarımıza xarici ölkələrdən, ölkəmizin digər bölgələrindən gələn qonaqlarda yüksək və zəngin təəssüratlar yaradır. Söhbət etdiyimiz belə insanlar muxtar respublikanın blokada şəraitində olduğuna inanmır, belə bir kiçik inzibati ərazidə yüksəliş və tərəqqinin sürətinə təəccüblərini gizlətmirlər. Ancaq bu, günün reallığıdır və naxçıvanlılar xoşbəxtdirlər ki, o reallığı yaşayırlar, ən kiçik və ən ucqar dağ kəndində də, rayon mərkəzlərində də. Bu sevinc ötən ay Şərur rayonunun Muğanlı kəndində də yaşanıb. 

Yol çəkdirmək ən xeyirxah və savab iş sayılır. Muxtar respublikada bu istiqamətdə görülən işlər diyarımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş tikinti-quruculuq tədbirləri sırasında davamlı xarakter alıb. Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 11,5 kilometrlik Muğanlı-Alışar yolunun açılışını edib. Müasir standartlara və texniki göstəricilərə tam cavab verən yolun yatağı genişləndirilib, asfalt və 773 metr beton kanal salınıb, su keçidləri qoyulub.

Kənddə rabitə, elektrik, qaz, su, hava rabitə xətləri yenilənib, fiber-optik, yeraltı kabel çəkilib, 2 transformator quraşdırılıb, qaz xətlərinin ehtiyac duyulan hissələrində yerdəyişmə tədbirləri həyata keçirilib, suvarma arxları, kollektorlar təmizlənib, qapalı drenaj xətti istifadəyə verilib. Yaşayış məntəqəsinə müasirlik gətirən tam orta məktəbin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının açılış tədbirlərində dövlətimizin Muğanlı sakinlərinə göstərdiyi qayğıdan danışılıb. Ali Məclisin Sədri Muğanlı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Muğanlı kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Məktəb öz nailiyyətləri ilə daim seçilib. Ötən tədris ilindəki nailiyyətləri onu deməyə əsas verir ki, bu gün də məktəbdə ənənələr yaşadılır, nizam-­intizama, tədrisin səviyyəsinə xüsusi diqqət yetirilir”.
Qeyd edək ki, yeni təhsil ocağının binası 224 şagird yerlikdir. Burada 3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otaqları və idman zalı müəllim və şagirdlərin ixtiyarına verilib. Bütün otaqlar aidiyyəti zəruri tədris avadanlıqları ilə təchiz edilib. Zəngin kitab fonduna malik olan kitabxanada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb. Bu şəraitdən razılıqlarını bildirən müəllimlər ilk gündən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışırlar.

Onu da deyək ki, fəaliyyət göstərdiyi müddətdə bu məktəb xeyli uğura imza atıb, onun şöhrəti muxtar respublikanın sərhədlərini aşaraq ölkəmizə yayılıb. Məktəbin müəllimləri ilə söhbətdə bu barədə geniş bəhs olundu. Təhsil ocağına 34 il rəhbərlik etmiş, hazırda təqaüddə olan Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynov bildirdi ki, məktəb yetişdirdiyi məzunlarının ali məktəblərə qəbulunun nəticələrinə görə ­ölkənin ən qabaqcıl təhsil ocaqları sırasındadır. Bu tədris ocağı 2010-cu ildə “İlin 50 ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin kollektivi haqlı olaraq qürur hissi keçirir ki, tədris ocağının məzunlarının 20-dən çoxu qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Bir o qədər şagird ölkə üzrə keçirilən fənn olimpiadalarında ilk yerlərə sahib olublar. Məzunlar içərisində onlarla fəlsəfə və elmlər doktoru, sahibkar, dövlət qulluqçusu və hüquq-mühafizə orqanlarının yüksəkrütbəli əməkdaşı var. Onlar tez-tez məktəbə gəlir, müəllimləri ilə görüşür, kollektivin qazandığı uğurların sevincini yaşayırlar. 416-cı Taqanroq diviziyasının komandiri, polkovnik Mehdi Mahmudovun adını daşıyan məktəbdə vətənpərvər gəncliyin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Söhbət zamanı Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Baba Babayev açılış mərasimindən sonra kollektivlə görüşdə Ali Məclis Sədrinin verdiyi tövsiyəni xatırlatdı: “Təhsil ölkənin gələcəyidir. Hər bir ölkənin gələcəyini görmək üçünsə, ilk növbədə, onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki vətənpərvər və təhsilli gənclik ölkənin etibarlı gələcəyidir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazırlamaqdan ibarətdir”.
Yeni kənd mərkəzi və həkim ambulatoriyası məktəb binası ilə bir sırada inşa olunub. Kəndə şəhər görkəmi gətirən bu binada Muğanlının bütün dövlət qurumları və özünüidarəetmə təşkilatı fəaliyyət göstərir. Daha dəqiq desək, binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, kitabxana və zal yerləşir. Baytarlıq məntəqəsi soyuducu və dərmanlarla təmin olunub. Buradakı rabitə evində poçtun fəaliyyəti üçün bütün tədbirlər görülüb, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb.
Baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptekdən ibarət həkim ambulatoriyasının stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, soyuducu və digər tibbi avadanlıqlar, fizioterapiya kabinəsinin elektroterapiya və ultrasəslə, eləcə də ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafin­əritmə qazanı və solyuks lampası ilə təchiz edilməsi ağxalatlı peşə sahiblərinin normal fəaliyyətinə imkan verib.
6 nəfərin işlə təmin olunduğu kənd mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Burada ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışa çıxarılması diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sakinlərlə görüşündə deyib: “Bu gün Muğanlı kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu. İstər təsərrüfat, istərsə də təhsil sahəsində kəndin yaxşı ənənələri vardır. Bu ənənələr bu gün də davam etdirilir. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun istifadəyə verilməsi, poçtun fəaliyyətə başlaması kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Muğanlı kəndinin bərəkətli torpaqları vardır. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir”.
Muğanlının torpağa bağlı zəhmət adamları Ali Məclis Sədrinin bu tövsiyəsini yaşam tərzi hesab edir, onlara göstərilən qayğıdan ruhlanaraq kənd təsərrüfatının inkişafında fəallıq göstərirlər. Sakinlərlə söhbətdə bildirdilər ki, onlar yaxın günlərdə muxtar respublikada təşkil olunmuş “Ailə təsərrüfatları məhsulları” festivalında iştirak ediblər.

* * *

Rayonda həyata keçirilən qurucu­luq tədbirlərindən Alışar kəndinə də pay düşüb, yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri inşa edilib, kənd yolu yenidən qurulub. Məlumat üçün bildirək ki, 2004-cü ildə burada 413 şagird yerlik məktəb binası inşa olunub. Bu qayğı təhsildə yeni uğurlar qazanılmasını təmin edib. Bunun ifadəsidir ki, ötən il məktəbi bitirmiş 8 məzunun 7-si ali məktəb tələbəsi adına layiq görülüb. Bu yaşayış məntəqəsinə davamlı qayğının ifadəsi olan yeni obyektlər də alışarlılar tərəfindən yüksək dəyərləndirilib.
Kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal istifadəyə verilib. Rabitə evində yaradılmış poçt bölməsi əhaliyə nümunəvi xidmət göstərir. 384 nömrə tutumlu yeni ATS quraşdırılmış Alışarda 67 internet istifadəçisi vardır.
4 otaq ayrılmış feldşer-mama məntəqəsi ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin olunub. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.
Alışar kəndində digər abadlıq işləri də həyata keçirilib, 450 metr fiber-optik, 8 min metrdən artıq rabitə, 3050 metr hava elektrik xətti çəkilib, 5886 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb, 4800 metr uzunluğunda suvarma arxı və 9800 metr kollektor lildən təmizlənib. Bütün bunlar alışarlıların ­qurub-yaratmaq əzmini daha da yüksəldib.

Bu gün öz inkişaf tempi ilə nümunə gücündə olan muxtar respublikada müasirləşən yaşayış məntəqələrinin sayı artdıqca, belə kəndlərin xəritəsi genişləndikcə dönüb geriyə baxmamaq olmur. Doğma Naxçıvanımızın 20-25 il əvvəlki mənzərəsini xatırlayanlar təsdiq edər ki, o dövrlə bu günü, ümumiyyətlə, müqayisə belə, etmək olmaz. Həyatımızın hər bir sahəsindəki möhtəşəm yeniliklər müasir Naxçıvanın yaradılmasına gətirib çıxarıb. İnsanlarımız indiki Naxçıvanda yaşamağın qüruru ilə öz doğma yurd yerinin bu gününün qədrini bilir, qurulub-yaradılanların qorunmasını, sabaha ərməğan edilməsini özlərinin vətəndaşlıq borcu sayırlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR