18-19 noyabr 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində “Layiqli idarəetmə prinsipləri və Ombudsman” mövzusunda II İstanbul Beynəlxalq Ombudsmanlar Konfransı keçirilmişdir.
Afrika, Yaxın Şərq və Avropanın 60 ölkəsindən, bir sıra beynəlxalq təşkilatlardan 200-ə yaxın Ombudsman və insan hüquqları müdafiəçilərinin təmsil olunduğu beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ülkər Bayramova da iştirak etmişdir.
Açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək dünyada sülhün, ədalətin bərqərar olunmasında, həmçinin insan hüquqlarının müdafiəsində və layiqli idarəetmənin təbliğində Ombudsman institutlarının əhəmiyyətini vurğulamışdır.
2 gün davam edən konfransın 4 plenar iclası keçirilmişdir. Plenar iclaslarda layiqli idarəetmə prinsiplərinin müəyyən edilməsi, layiqli idarəetmənin tətbiqində Ombudsmanın rolu, idarəetmədə bərabərlik və ədalət prinsipinin tətbiqinin əhəmiyyəti, şəffaflıq, hesabatlılıq, məlumat hüququ və şəxsi məlumatların qorunması, ombudsmanların bu prinsiplərə münasibətdə gələcək rolu, məsuliyyətlərinin bölüşdürülməsi məsələləri üzrə müxtəlif dövlətlərin ombudsmanlarının və hüquq müdafiəçilərinin məruzələri dinlənilmiş, mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Həmçinin konfransda insan hüquqlarının müasir problemləri, insan hüquqlarının qorunmasının qanunvericiliyə uyğunluğu, ayrı-seçkiliyin qarşısının alınması, mütənasiblik, bərabərlik, qərəzsizlik, dürüstlük, nəzakət, şəffaflıq, əldə edilən hüquqlara və məlumatlara hörmət hüququ, müdafiə hüququ, fərdi məlumatların qorunması və digər məsələlər də geniş müzakirə obyektinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova İslam Ölkələri Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan və 33 ölkənin üzv olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin İdarə Heyətinin iclasında, həmçinin 22 ölkədən 38 üzvü olan Asiya Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edərək muxtar respublikada Ombudsman institutunun fəaliyyəti, o cümlədən insan hüquqlarının səmərəli müdafiəsi sahəsində qazanılan müsbət təcrübələr haqqında danışmış, muxtar respublikanın ölkəmizin siyasi sistemindəki rolu, muxtariyyətinin spesifik əlamətləri, insan hüquq və azadlıqları ilə bağlı görülən işlər barəsində tədbir iştirakçılarını məlumatlandırmış, təcrübə mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti