23 Dekabr 2024, Bazar ertəsi

Qədim yer-yurd adlarımızdan biri də Qarxundur. Türk məskənlərində geniş yayılan bu adı tədqiqatçılar yekdilliklə oğuzların karkın tayfasının adı ilə bağlayırlar. Bəlli olduğu kimi, Mahmud  Kaşğarinin müəyyən etdiyi 22 oğuz boyunun içində karkın adı yoxdur. Tədqiqatçıların fikrinə görə, bu adı ilk dəfə Fəzlullah Rəşidəddin oğuz tayfa adlarına əlavə edib.

F.Rəşidəddin Karkını Oğuz xanın üçüncü oğlu Ulduz xanın dördüncü övladı kimi təqdim edir və bu adın mənasını “yeməyi bol, xalqı doyuran”  kimi izah edir. F. Rəşidəddinin məlumatına görə, Oğuz xanın altı oğlu varmış və onların da hər birinin dörd övladı (oğlu) olub ki, həmin oğlanların hər birinə ləqəb və ad verilib. Onların qəbiləsindən olan hər kəs bu ləqəblə çağırılırdı.

 Karkın adının mənasının “çox və doyuran”, “ulu aş və doyurucu” kimi bəzi mənbələrdə qeyd edilməsi  eyni mənanın tərcümə zamanı cüzi fərqlərlə müşayiət olunması kimi götürülə bilər. Bəzi tədqiqatçılar  bu adın mənşəyini qara hunlarla (quşanlarla) əlaqələndirir və yaşayış məskəninin qədimliyini eramızdan əvvələ aid edirlər. Lakin bəzi mənbələrdə hunların Azərbaycana birinci dəfə olaraq gəlişi miladi tarixinin 222-ci ilinə aid edilir. Qara hunların quşan adlanması isə qədim türklərin səcdə etdikləri beş müqəddəs heyvandan birinin adı ilədir ki, onun adı elə quş imiş. “Quş”un quşan olması onun sonuna farsca cəmlik bildirən “an” ədatının (şəkilçisinin- A.İ.) əlavə edilməsi ilə baş verib. M. Vəlili (Baharlı) bir ehtimal da irəli sürür: “Ehtimal etmək olar ki, quşan bir ərazinin adıdır. Bu sözü təhlil edərkən iki parçadan ibarət olduğunu görürük ki, biri “quş”, digəri də “an”dır. Birincisi quş mənasında, ikincisi də məmləkət mənasında ola bilər. Ona görə də “quşan”ı “quşlar yurdu” mənasında qəbul edə bilərik.

Bəşər tarixində çox görkəmli rol oynamış olan hunlar indiki türklərin ata-babaları hesab olunur. Hunlar haqqında Çin qaynaqlarında ilk məlumatlar eramızdan 20-24 yüz il əvvələ gedib çıxır. Bu barədə M. Vəlili də məlumat verir ki, hunlar həzrət İsadan 20 əsr qabaq (hicrətdən 27 əsr irəli)... “hun” və ya “hin” adları ilə çinlilərə məlum idi.

Lakin Qarxun kənd adlarının hunlarla, quşanlarla əlaqələndirilməsi, fikrimizcə, özünü doğrultmur. Tədqiqatçılar (Q. Məşədiyev və b.) Qarxun kənd adını ilk dəfə Qiyasəddin Qeybullayevin araşdırdığını, onun bu toponimi Karkın türk tayfası ilə bağlılığı fikrini irəli sürdüyünü qeyd edirlər.

Q. Qeybullayev Budaq Budaqovla birlikdə belə bir fikri müdafiə edirlər ki, Qarxun kəndinin adını əks etdirən türk mənşəli Karkın tayfası XIII əsrdə monqolların tərkibində gəliblər. Səlcuq oğuzlarının Karkın tayfasının məskunlaşması nəticəsində yaranıbdır.

Faruk  Sümer yazır ki, monqol  istilası səbəbi ilə Mavəraünnəhr, Xorasan  və Azərbaycanda yaşayan türkmənlərin çoxu Anadoluya gəldilər. Onlar istilanın önündən qaçanlar idilər... Oğuz elatının içində hər boydan adamlar vardı, ancaq əksəriyyətini öymür, döyər, iqdır, çavuldur, karkın, salur və ağar boylarına mənsub qollar meydana gətirirdi. Xəzərarxası türkmənlər başlıca salur, çavuldur, iqdır, yazır, karkın boylarından törəyiblər.

Elmi faktlardan göründüyü kimi, hunların gəlişi eramızın əvvəllərinə təsadüf edir, karkınların gəlişi isə daha çox monqol yürüşləri dövrünə aid edilir.

Demək olar ki, bütün mənbələrdə karkın oğuz boylarından biri kimi göstərilir və Qarxun adı da həmin boyla əlaqələndirilir. Toponimlərdə geniş şəkildə  əks olunan karkın boy adı təkcə Anadoluda, Faruk Sümərin yazdığına görə,  XVI əsrdə bu boya aid 62 yer adı olub, bu boy dəftərlərdə karkın, qarkın, karkun və karqun şəklində müxtəlif imlalarla yazılıb. Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsində məşhur türk boyunun adı Qarxun kənd adlarında etnooykonim kimi yaşamaqdadır.

 Akif İmanlı

Naxçıvan Müəllimlər İnstitutunun professoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR