Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurs zamanı təyin olunmuş tədris proqramına uyğun olaraq nəzəri, praktiki və göstərici məşğələlər keçirilib. Məşğələlər zamanı kursa cəlb edilmiş zabitlərin peşəkarlıqlarının artırılması məqsədi ilə silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələri real döyüş şəraitində tətbiq edilib.
Məzunlar adından kapitan Yusif Şabanov söz verib ki, kursda qazandıqları yeni taktiki bilikləri, eləcə də idarəçilik və təşkilatçılıq bacarıqlarını xidmət yerlərində uğurla tətbiq edəcək, tabelikdə olan şəxsi heyətin peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yeni-yeni uğur və zəfərlər qazanmaqda davam edir. 2017-ci ildə keçirilmiş möhtəşəm hərbi parad, 2018-ci ildə qazanılmış uğurlu Günnüt zəfəri və bu il Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi Əlahiddə Ümumqoşun Ordunun gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün bunlara da hər zaman dövlət qayğısını üzərində hiss edərək və xalq-ordu birliyindən ruhlanaraq ən çətin döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməyi bacaran əzmkar şəxsi heyətimizlə nail olmuşuq. İnanırıq ki, bu gün kursu uğurla başa vuraraq yuxarı vəzifələrə təyin olunan zabitlərimizin peşəkarlığı nəticəsində yeni zəfərlərə imza atacağıq.
Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və xidmətdə fərqlənən bir qrup zabit fəxri fərmanla təltif edilib.
Məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırıldıqdan sonra tribuna önündən təntənəli keçid olub.
Sonda məzunlarla xatirə şəkili çəkdirilib.
Nəriman Nəcəfov