23 Dekabr 2024, Bazar ertəsi

Qədim və müasir Naxçıvan bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Bir neçə gün bundan əvvəl – noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın hərtərəfli inkişafını yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

 Həmin görüşdə ölkə başçısı muxtar respublikadakı müxtəlif sahələrin fəaliyyəti ilə bağlı məlumatları dinlədikdən sonra Azərbaycanın əsas torpaqlarından ayrı düşmüş, ölkəmiz üçün mühüm geostrateji əhəmiyyət daşıyan Naxçıvanın inkişafının bundan sonra da diqqət mərkəzində olacağını bildirmişdir: “Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”.

Ölkənin ən ali vəzifəli şəxsinin səsləndirdiyi bu fikirlər cəmi dörd gün sonra imzalanan sərəncamlarla bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 22-də “Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 500 min manat, “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 4 milyon 800 min manat, “Pivot layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma  (yağışyagdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 2 milyon manat və nəhayət, “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə 34 milyon 300 min manat vəsaitin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulub. Adıçəkilən sərəncamlar muxtar respublika sakinləri tərəfindən də böyük rəgbətlə qarşılandı və hər kəs bunu ölkə Prezidentinin Naxçıvana böyük qayğısı kimi qiymətləndirdi: 

Nuriyyə ORUCƏLİYEVA – Naxçıvan şəhər sakini, şəhid anası: – İllərdir blokadada yaşayan muxtar respublikamız dövlət başçımızın həmişə diqqət və qayğısı ilə əhatə olunub. Bu isə öz növbəsində  çətinliklərə sinə gərməyimizə kömək edib, həm də gənc nəslin dövlətçiliyə sadəqət, vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. 2016-cı ilin Aprel döyüşlərində oğlum Qabil Orucəliyev ölümsüzlüyə qovuşdu.  O,  şanlı zəfər tarixi yazanlardan biri, mən isə şahid anası kimi yüksək, dünyada heç bir var dövlətlə əvəz edilməyən bir ada sahib oldum. Həmin günlərdə tək-tənha qaldığımı düşünür, bundan sonrakı həyatımda onsuz nə edəcəyimi bilmirdim. Amma həyatımın ən çətin anlarında muxtar respublika rəhbərliyinin və sakinlərinin dərdimə şərik olmaları yanan ürəyimə su səpdi.

 Övladımın şəhadətindən az sonra ailəsinə Naxçıvan şəhərinin görkəmli yerlərindən birində yeni, təmirli, hər cür məişət avadanlığı ilə təmin olunmuş mənzil verildi. Buradakı ailələrinə böyük qayğı ilə yanaşan  muxtar respublika rəhbəri  şəhid ailələrini köməksiz qoymur, nə lazımdırsa, edilir. Dünyanın bir çox ölkələrində müharibələr gedir, amma çox az yerdə şəhid ailələrinə bu cür qayğı ilə yanaşılır. Bizim kimi şəhid ailələrinə göstərilən qayğı səngərdə döyüşən hər bir hərbçinin  sabaha inamını artırır və onları döyüşə daha da ruhlandırır. Onlar əmin olurlar ki, Vətən yolunda canından keçənlərin arxada qoyduqları ailələri dövlətimizin əmanətidir.

 Prezident İlham Əliyevin  əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında sərəncam imzaması xəbəri  sevincimə səbəb oldu. Bu xəbər qəlbimdəki minnətdarlıq hissini daha da artırıb. Müharibə şəraitində yaşayıyıq və şəhidlərimizdə olur, qazilərimizdə. Bu danılmaz bir həqiqətdir. Neçə ki, bu erməni murdarları torpaqlarımızdan xain gözlərini çəkməyib Qabil kimi oğullarımız öz canı bahasına Vətənimiz qoruyacaq. Həm də ona görə ki, onlar əmindirlər ki Vətən uğrunda şəhid olacaqları təqdirdə ailələrinin arxasında duracaq, övladlarını hərtərəfli qayğı ilə təmin edə biləcək bir dövlətimiz var. Mən bir şəhid anası kimi inanıram ki, bu sərəncamdan bir çox şəhid ailələrinin mənzil məişət şəraitinin daha da yaxşılaşdırılacaq. 

Mübariz ŞİRƏLİYEV – Şərur rayonunun Düdəngə kənd sakini, I dərəcəli “Əmək” ordenli ailə təsərrüfatı başçısı: –  Muxtar respublika iqtisadiyyatında tarixən əkinçilik mühüm yerlərdən birini tutub. Naxçıvalılar torpağa həmişə müqəddəs nemət kimi baxmış, öz  gün-güzəranlarının böyük bir hissəsini  əkib-becərməklə qurmuşlar. Son illərdə isə bu sahənin inkişafına göstərilən qayğı insanların   torpağa  marağını daha da artırmışdır.          

Təmizlik, sağlamlıq rəmzi olan su isə torpaqda maddi sərvətlər  istehsalında başlıca amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır, meliorasiya tədbirlərinin aparılmasına ciddi önəm verilir. Bu da əlavə torpaq sahələrinin əkin dövriyyəsinə  qatılmasına şərait yaradıb. Son illərdə yeni artezian quyularının qazılması, nasos stansiyalarının istifadəyə verilməsi, kəhrizlərin bərpası, qapalı suvarma şəbəkələrinin yaradılması yüz hektarlarla sahədən məhsul istehsalına imkan verib.

Eşitdiyimiz bir xəbər isə bizi ürəkdən sevindirdi. Bunu torpaq adamlarına göstərilən növbəti qayğı kimi dəyərləndirir və bildiririk ki, bu, ömrünü torpağa bağlayan, onun səxavətini  görən hər bir   kənd adamının ürəyincədir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 noyabr tarixli Sərəncamı ilə “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat məbləğin ayrılması bu sahədə yeni mərhələnin başlanğıcını qoyacaq, nəticədə məhsul bolluğu yaradılmasına imkan verəcək.

 Bu, onu göstərir ki, ölkə başçısı öz vətəndaşlarının yaxşı yaşaması, rifah halını yüksəltməsi üçün nə lazımdırsa edir. Bir ailə təsərrüfatı başçısı kimi öz fəaliyyətimizdə daim gördüyümüz belə qayğılar bizə əlavə stimuldur. Bunun üçün  bütün torpaq adamları adından ölkə Prezidentinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm.

Qəzənfər QURBANOV – Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi, ailə təsərrüfatı başçısı: – Babək rayonunun Naxışnərgiz kənd sakini Son illərdə muxtar respublikada əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir naxçıvanlı kimi məni də ürəkdən sevindirir. Əhalinin maddi rifah halının yaxşılaşdırılmasında ərzaq təhlükəsizliyinin təmin olunması başlıca şərtdir. Bunun üçün görülən işlərin sayı-hesabı yoxdur. Ötən əsrin sonuncu onilliyinin ortalarından başlayaraq qəbul olunan və uğurla başa çatdırılan müxtəlif dövlət proqramları əkinçiliyin müxtəlif sahələrinin, o cümlədən taxılçılığın, kartofçuluğun, üzümçülüyün, tərəvəzçiliyin, heyvandarlığın və digər sahələrin inkişafında mühüm rol oynayıb. Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərinin tərkib hissəsinə çevrilən meliorasiya-irriqasiya tədbirləri, diyarımıza hər il gətirilən və güzəştli şərtlərlə torpaq adamlarına satılan texnikalar, əkinçiliklə məşğul olan insanların yüksək reproduksiyalı toxumlarla və güzəştli kreditlərlə təchizatı daxili bazarımızda belə məhsullara olan tələbatın yerli imkanlar hesabına ödənilməsinə müsbət təsirini göstərib, kənd adamlarının torpağa bağlılıq hisslərini daha da artırıb.

Məşğul olduğum heyvandarlıq ölkəmizdə diqqət mərkəzindədir. Sirr deyil ki, muxtar respublikamızda yetişdirilən ət, süd və süd məhsulları öz keyfiyyətinə görə tanınır. Bu sahədə məhsul istehsalını artırmaq məqsədilə görülən işlərin ifadəsidir ki, artıq muxtar respublikada özünü təsdiq etdirmiş heyvandarlıq təsərrüfatları var. Ötən illərdə baytarlıq xidmətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər,  rayon mərkəzlərində baytarlıq xidməti məntəqələrinin yaradılması bir çox uğurlara yol açıb.

Bu saatlarda eşitdiyim bir xəbər məni daha da sevindirdi. Ölkə Prezidentinin Sərəncamı ilə muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 4,8 milyon manat məbləğin ayrılması heyvandarlığın inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Qədim diyarımızda bu sahə ilə məşğul olan kənd adamlarına, sahibkarlıq subyektlərinə göstərilən belə böyük qayğı üçün minnətdarlığımı bildirirəm.

Ədalət CƏFƏROĞLU – Culfa rayon Dizə kənd orta məktəbinin müəllimi:  –  Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikamızda, eləcə də Culfa rayonunda görülən işlər hər şeydən əvvəl insanların rahatlığına yönəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi sayılan Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı imzaladığı Sərəncam muxtar respublikamızın bütün sakinləri kimi bizi də çox sevindirir. Çınki bu yolun tikintisi rayonumuzun sakinlərinin də rahat, normal yaşaması üçün əsasdır. Qeyd etmək yerinə düşər ki, Culfa-Ordubad avtomobil yolunun inşası və tikintisi həm ağır tonnajlı maşınların davamlı hərəkətində, həm də bölgə iqtisadiyyatının inkişafında mühüm rol oynayır, əhalinin məşğulluğunun təmin olanmasına əlverişli şərait yaradır.

         Culfa-Ordubad avtomobil yolunun yeniləşməsi istiqamətində görülən işlər bizə yaxın keçmişimizi-daşlı-kəsəkli, palçıqlı yolları, bu yollarda əzab-əziyyət çəkən minlərlə insanları və üstəgəl Ermənistan-Azərbaycan münaqişəsi zaman Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, blokada vəziyyətinə salınmış doğma yurdumuzun misgin günlərini xatırladır. İftixarla deyə bilərik ki, muxtar dövlətimizdə həyata keçirilən quruculuq və abadlıq tədbirləri blokada vəziyətində olduğumuzu bizə tamamilə unutdurur.

 Bu gün Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

Minnətdarlıqla qeyd etmək itstəyirəm ki, 2018-ci ilin yanvar ayının 15-də Culfa rayon Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verildi. Yolda yenidənqurma işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirələrək asfalt örtük salınıb, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

Yol abadlıq, firavanlıq və mədəniyyət deməkdir. Ona görə də bu gün muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində aparılan kompleksi quruculuq işləri çərçivəsində yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət göstərilməsi bizi çox sevindirir.

İndi bu hamar yolları seyr etdikcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı söylədiyi fikirləri xatırlamalı olursan: "Növbəti dövrlərdə Naxçıvan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Yeni yol layihələri icra edilir. İndi kənd yollarına üstünlük verilir. Çünki magistral yollara gəldikdə onların demək olar ki, bütün parametrləri icra edilir. Kənd yerlərinin tikintisi növbəti illərdə başa çatmalıdır. Beləliklə, həm magistral, həm dairəvi, həm də kəndləri, bütün yaşayış məntəqələrinə birləşdirən yollar səviyyədə olmalıdır".

 Bəli, insanların rahatlığına yönələn böyük layihələr ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsindəndir.

Bir ziyalı kimi onu demək istəyirəm ki, bu gün muxtar respublikada yaradılmış şərait yüksək səviyyədədir və bu qədim diyarda yaşayanlar belə yurd yerinin sakinləri olmaqdan qürur hissi keçirirlər.

Rayonumuzun ziyalıları adından bizə bəxş edilən bu quruculuq töhfələrinə və yaradılan rahat şəraitə görə dövlətimizə öz dərin minnətdarlığımızı bildiririk.

Mənsur Əhmədov  Ordubad şəhər sakini, taksi sürücüsü: –  Günümüzdə bir insanın xarakteri barədə soraq alanda tanımadığını bildirmək üçün yol yoldaşı olmamışam nə deyim cavabını verərlər. Mən də peşəmlə bağlı uzun illər həm yolları, həm də yoldaşları yaxşı tanımışam. Sovet dönəmində getdiyim yolların yarısında qaldığım vaxtlar çox olub. Lakin pis günün ömrü az olar-deyiblər. Müstəqilliyimizi əldə edəndən sonra yollarımızın yenidən qurulması ilə biz sürücülərin də işi xeyli asanlaşıb, ruzimiz çoxalıb. Əvvəllər günün aydın vaxtı Ordubad şəhərindən kənara gedərkən orada məni yollarla bağlı mütləq hansısa xoşagəlməz sürprizlərin gözlədiyini yəqin edərdim. Ancaq indi hətta gecə yarısında belə ən ucqar kəndə sifariş düşən kimi arxayın şəkildə, əlavə xərcim çıxmadan gedib qayıdıram. Son illər rayonumuzun kəndləri də abadlaşıb, yeni məktəb binaları, tibb məntəqələri tikilib, yollar müasir formaya salınıb. Peşəmlə əlaqədar hər gün çox sayda sakinlə həmsöhbət oluram, hər kəs bugünkü şəraiti ürəkdən alqışlayır. Həqiqətən də rayon yollarının abad formada genişləndirilməsi, piyada keçidlərinin sayının çoxaldılması böyük alqışa layiqdir. Danılmaz həqiqətdir ki, əvvəllər sakinlər yolu ehtiyatla qorxa-qorxa keçərdilər. Qurulan yeni yol sistemləri təhlükəsizliyi tam şəkildə təmin edir, sürücü də, piyada da hərəkət qaydalarını yaxşı bilir, bir-birlərinə yol göstərirlər. Başqa sözlə sakinlər arasında gözəl yol mədəniyyəti formalaşıb. İl ərzində xeyli xarici qonaqla da görüşmək imkanım olur. Turistlər də muxtar respublikamızın bugünkü simasından, yollarımızın abad görünüşündən ağızdolusu razılıqla danışırlar. Bu da təbii ki bir elli kimi məni qürurlandırır, böyük fərəhlə onlara qurub-yaradılanlardan söhbət açıram.

Onu da deyim ki, mən əsasən aeroportla öz rayonumuz arasında fəaliyyət göstərirəm. Bir gün səhər şəhərə doğru gedərkən Culfa-Ordubad magistralında yol salan texnikaları gördüm, məsələdən hali olduğumda sevincim yerə-göyə sığmadı. İnşaatçılar dedilər ki, yaxın vaxtlarda bu istiqamətdəki yollar yenidən qurulacaq, gediş-gəliş daha da asanlaşacaq. Hər gün bu yoldan ötüb-keçdiyim üçün deyə bilərəm ki, qısa zamanda bu istiqamətdə böyük işlər görülüb, ötən gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən muxtar respublikamızın inkişafı, eləcə də Culfa-Ordubad magistralı ilə bağlı verdiyi Sərəncamları elə sükan arxasında radio dalğasından eşitdim və həmin an keçirdiyim fərəh hissini sözlə ifadə etmək çox çətindir. Fürsətdən istifadə edib bütün həmkarlarım, eləcə də rayon sakinləri adından dövlətimizin başçısına öz dərin minnətdarlığımı bildirirəm.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR