23 Dekabr 2024, Bazar ertəsi

Çin Xalq Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub.

Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazır­lanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Dövlət Universitetində də olub.
Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağa ali təhsil ocağı haqqında ətraflı məlumat verib.
Əvvəlcə Çinin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən videoçarx nümayiş olunub. Sonra səfir Azərbaycan-Çin əlaqələrinə dair mühazirə deyib. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında tərəfdaşlıq münasibətləri daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib, son 20 ildə yüksək səviyyədə formalaşıb.
Diplomat tələbələrin suallarını cavablandırıb. Təhsil sahəsində gələcək perspektivlər dəyərləndirilib.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı xanım Qo Minə məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri­-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabər olan səhiyyə ocağında oksigen və zəngin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Oksigen və zəngin duz minerallarının yaratdığı hava xroniki ağciyər xəstəliklərinin müalicəsində müstəsna rola malikdir. Havanın temperaturu isə sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.

Səfər çərçivəsində diplomat Naxçıvan Avtomobil Zavodunda, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Nuh Peyğəmbərin türbəsində,“Xan Sarayı” Dövlət ­Tarix-Memarlıq Muzeyində və Möminə xatın türbəsində olub.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb:
– Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi ilk səfərimi Naxçıvana etdim və qədim diyarla tanışlıq məndə böyük təəssürat yaratdı. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdik, Heydər Əliyev Muzeyindəki eksponatlarla tanışlığımız maraqlı oldu, dahi şəxsiyyət haqqında müfəssəl məlumat aldım. Yeri gəlmişkən deyim ki, Çin və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin təməli də məhz ulu öndər tərəfindən qoyulub, səmimi münasibətlərin qurulmasında görkəmli dövlət xadiminin müstəsna xidmətləri olub, biz hər zaman Onu xoş xatirələrlə anırıq.
Naxçıvanda olduğum müddətdə buranın tarixi, mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış oldum. Düşünürəm ki, Naxçıvan müqəddəs, ecazkar bir yer, dahilər diyarıdır. İkigünlük səfər müddətində yüksək səviyyəli görüşlər keçirdim, qarşılıqlı əlaqələrin inkişafına dair müzakirələr apardıq. Hazırda bir neçə Çin şirkəti Naxçıvanla əməkdaşlıq əlaqələri qurub. Bunlardan “Huawei” və “Chongqing Lifan İndustry” şirkətlərini göstərmək olar. “Huawei” şirkətinin hələ yenicə fəaliyyətə başladığı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun etimadını qazandığı üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

Naxçıvan Avtomobil Zavodunda olarkən burada müxtəlif “Lifan” avtomobil modellərinin yığıldığı və gələcəkdə bunların sayının daha da artacağı barədə geniş məlumat öyrəndim. Naxçıvanda əlverişli biznes mühiti var. Ümidvaram ki, gələcəkdə digər Çin şirkətləri də burada investisiya layihələri həyata keçirəcək.
Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşümüz maraqlı müzakirələrlə yadda qaldı. Bizim təhsil, mədəniyyət, turizm, ticarət və iqtisadi sahələrdə yaxşı əlaqələrimiz var və bu əlaqələrin gələcək inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümidvaram ki, ölkə­lərimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə daha da genişlənəcək.

 Nail ƏSGƏROV
Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR