Tələbəlik həyatı həmin illəri yaşayan hər kəs üçün silinməz bir xatirədir. Tələbələr özlərini gələcəyin mütəxəssisi kimi görür, bununla bağlı gələcək planlarını qururlar. Ölkəmizdə təhsil və gənclərlə bağlı dövlət siyasətinin uğurla icra edilməsi, təhsildə mühüm islahatların aparılması bir zamanların ənənəsinə çevrilən “sadəcə, diplom almaq xatirinə” düşüncəsini də alt-üst edib. İndi artıq hər kəs sevdiyi və seçdiyi ixtisasın mütəxəssisi kimi yetişməyi qarşısına məqsəd qoyaraq təhsilini davam etdirir. Çünki günümüzdə sağlam rəqabət mühiti yaranıb. Tələbələr yaxşı mütəxəssis olmağı, təşkilatlar isə ən yaxşını işə qəbul etməyi qarşısına məqsəd qoyub.
Bu mənada, günümüzdə, sadəcə, təhsil almaq deyil, həm də gələcəyin mütəxəssisi kimi yetişmək əsas tələblərdəndir. Buna görə də muxtar respublikada gənclərin savadlı kadr və peşəkar mütəxəssislər kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə təhsildə innovativ yeniliklər tətbiq edilir.
Təhsildə yeni yanaşma metodları sırasında muxtar respublikada tətbiq olunan “hamilik” anlayışını da xüsusi vurğulamaq yerinə düşər. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 27 iyul tarixli Sərəncamı təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verdi. Sərəncamın icrası nəticəsində 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 100-ə yaxın ixtisas və 1 lisey 31 təşkilat tərəfindən himayəyə götürülüb. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələr genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına yol açılıb.
İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qısa zamanda öz bəhrəsini verib. Bu, bir daha təsdiq edir ki, daim yenilənən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir.
Bu tələbat nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il aprelin 3-də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncam imzalandı. Sərəncama əsasən ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası yeni redaksiyada təsdiq edildi. Dövlət sənədi yeni dövrün tələbi olan “startap” anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürür. Yeni sərəncamla 3 ali və 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 109 ixtisas və 1 lisey müvafiq 36 təşkilata hamiliyə verilib.
Bu sərəncam müvafiq təşkilatlarla tələbələrin birgə fəaliyyətini təmin edib, tələbə-gənclərin praktik biliklərinin möhkəmlənməsi ilə yanaşı, daha aktiv və təşəbbüskar fəaliyyətə zəmin yaradıb. Müxtəlif görüşlərdə, elmi və istehsalat təcrübələrində iştirak edən gənclər öz ixtisaslarına daha maraqla yanaşır, yeni ideyalarla çıxış edirlər. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlıq daha da genişləndirilir, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılanır.
“İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr – startaplar həyata keçirirlər. Hami təşkilatlarda isə layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlər tərəfindən startaplar qəbul olunur və tələbələrin yeni layihələrinin təqdimatlarının keçirilməsi təmin edilir. Məqsəd isə tələbələrin ayrı-ayrı layihələri həyata keçirməsinə, elmi-tədqiqat işlərinin tətbiqinə nail olmaqdır. Bütün bunlar bir daha təsdiq edir ki, muxtar respublikada təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni inkişaf mərhələsində təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, onlarda rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Hamiliyə verilən müvafiq ixtisas tələbələri təcrübə qazanmaq üçün müxtəlif təşkilatlarda və nazirliklərdə olurlar. Keçirilən nəzəri-təcrübi əhəmiyyətli tədbirlərin onların bilik və bacarıqlarının yüksəlməsinə müsbət təsiri vardır. Tələbələr əldə etdikləri bilikləri, ideyaları təcrübədə müvəffəqiyyətlə tətbiq etməyə çalışırlar. Bu isə müasir yanaşmanı və onların cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etməyə əlverişli şərait yaradır.
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanması ilə yanaşı, onların gələcəkdə işlə təmin olunmasını da xeyli asanlaşdırır. Çünki tələbəlik illərindən hamiliyə götürdüyü gənclərin iş qabiliyyətinə və təcrübəsinə bələd olan şirkət və təşkilatlar onları gələcək əməkdaşları kimi qəbul edirlər. Kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə vəhdəti yetişən kadrların gələcək karyera imkanlarına ən etibarlı təminat kimi özünü göstərir. Gənclər də yaradılan bu şəraitdən istifadə edərək bilik və bacarıqlarını praktik əsasda möhkəmləndirir, startap layihələrinin iştirakçısı, innovativ təkliflərin müəllifi kimi aktiv fəaliyyət göstərirlər. Nəticədə, tələbələr öz ideyalarını təcrübədə tətbiq edir və qazandıqları bilikləri digərləri ilə bölüşürlər.
Bu gün dəmir yolu nəqliyyatı üzrə təhsil alan tələbələr təcrübəni dəmir yolu təsərrüfatında, rabitəçi yeni informasiya-kommunikasiya texnologiyaları mühitində, müəllimliyə könül verən gənclər məktəblərdə, ədaləti qorumağa çalışan gələcəyin hüquqşünasları məhkəmə-prokrotura sistemlərində, gələcəyin ekoloqları ixtisasını təbiətlə təmasda öyrənib möhkəmləndirirlər. Nəticədə, gələcəyin yüksək bilik və bacarıqlara yiyələnən mütəxəssisləri yetişir. Bu gün həm də gənclərimiz startap layihələrinin müəllifi kimi yaratmaq, inkişaf etdirmək ideyalarını reallaşdırırlar. Bir sözlə, sözügedən sərəncam ali təhsilin inkişafı, tələbələrin ixtisaslara praktik cəhətdən daha mükəmməl yiyələnmələri məqsədilə qəbul edilən və artıq öz real nəticələrini göstərən mühüm dövlət sənədidir.
Naxçıvan Muxtar Respublikasında investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaları həyata keçirmək istiqamətində görülən işlər uğurla davam etdirilir.
Gülcamal TAHİROVA