“Bəllidir ki, beynəlxalq aləmdə müxtəlif istiqamətlərdə və sahələrdə mənfi təzahürlərinin meydana gəldiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək elmi əsaslara söykənən, praqmatik, eləcə də düzgün iqtisadi siyasət nəticəsində əldə edilə bilər və bu siyasət öz məntiqi nəticələri ilə sübuta yetirilir”. Bu fikirləri “SƏS” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən irəli sürdüyü fikirləri və gəlinən nəticələri şərh edərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, məhz belə bir şəraitdə - ölkəmizlə quru yolu vasitəsi ilə birbaşa əlaqəsi olmayan, məlum səbəblər nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla, qətiyyətlə davam etdirməsi, ardıcıl nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir: “Söz yox ki, bu reallıq bilavasitə Prezident İlham Əliyevin məqsədyönlü inkişaf strategiyasının muxtar respublikada da istiqamətləndirilməsidir və ortada olan faktlar da belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır. Əbəs deyil ki, dövlət başçımız Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə bir çox məsələlərə toxunarkən, Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb və əlavə edib ki, bütövlükdə ölkəmizdə gedən abadlıq-quruculuq işləri Onu sevindirir. Xüsusilə, blokada şəraitində yaşayan Naxçıvan bütün istiqamətlərdə tutduğu inkişaf və tərəqqi yolu ilə sübut edir ki, hətta üç tərəfdən düşmən əhatəsində olmasına rəğmən, bu diyarın mərd, işgüzar, qorxmaz və şərəfli insanları həmin inkişaf strategiyasının tərkibində yer almaqla, dövlət başçımızın müəyyən etdiyi siyasətə öz ardıcıl dəstəklərini, davamlı töhfələrini verirlər. Bu, vətənini, dövlətini sevən hər bir azərbaycanlı üçün fəxrdir, qürur hissidir”.Bəhruz Quliyev sözügedən görüş əsnasında Prezident İlham Əliyevin Naxçıvanın təhlükəsizlik tədbirlərinin də diqqət mərkəzində olduğunu xatırladaraq bildirib ki, artıq muxtar respublikadakı Əlahiddə Ümumqoşun Ordusu öz gücünü düşmənə layiqli cavab verməklə sübuta yetirib, şanlı tarix yazıb: “Hətta əldə edilən hərbi nailiyyətlərə baxmayaraq, dövlətimizin başçısı dağ postlarında təchizatların təşkili ilə bağlı maraqlanıb, əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib”.“Eyni zamanda, kənd təsərrüfatı, energetika, su elektrik stansiyası, yolların tikintisi və təmiri, körpülərin salınması, zavod və fabriklərin fəaliyyəti və s. sahələrin inkişafında da böyük işlər görülüb, bu gün də aparılmaqdadır”, deyə qeyd edən Baş redaktora görə, bütün bunlar Naxçıvanın yaxın gələcəkdə tərəqqisi baxımından daha nəhəng işlərə imzalar atmasına şərait yaradır: “Bir daha və altını cızaraq demək istərdim ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Muxtar respublika rəhbərliyinin müvafiq strategiyanın həyata keçirilməsində göstərdiyi qətiyyət də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu uğurlar ulu və qədim diyarımızda şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir”.Bəhruz Quliyev sonda qeyd edib ki, hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir: “Məhz bu baxımdan, cənab İlham Əliyev Vasif Talıbovla görüşü zamanı əminliklə bildirdi ki, bu dinamika gələn il də təmin ediləcək. Ölkə rəhbərimizin muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran vəzifələrin icrası üçün bütün qüvvələrin səfərbər ediləcəyi və 2020-ci il də Naxçıvan üçün uğurlu olacağı ilə bağlı vurğuladığı fikirləri də əlbəttə ki, bu xüsusdadır”.