23 Dekabr 2024, Bazar ertəsi

Qədim və müasir Naxçıvan bu gün ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla həyata keçirərək ölkəmizin quruculuq, yüksəliş salnaməsini layiqli nümunələrlə zənginləşdirir. Bu diyarda hər addımda milli maraq və mənafelərimiz uca tutulur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər böyük əzmkarlıqla həyata keçirilir. Pozitiv meyillərlə səciyyələnən sosial-iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması bu istiqamətdə yeni-yeni uğurlara yol açıb. Əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət Heydər Əliyev ideal­larına, Vətənə, yurda bağlılığın Naxçıvan nümunəsini yaradıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının 2017-ci və 2018-ci illər üçün hazırladığı illik investisiya reytinqi üzrə Naxçıvan Muxtar Respublikasının iki dəfə ard-arda lider olması da doğma diyarımızda iqtisadi, mədəni və sosial rifahın təmin edilməsi sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. 

Ulu öndərimizin yolunu uğurla davam etdirərək qədim diyara həmişə böyük qayğı və diqqət göstərən Prezident cənab İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən bir daha muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafını yüksək qiymətləndirərək deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq­-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Hərbi təhlükəsizlik sistemi yüksək səviyyədə təmin olunub

Dövlət başçısının qeyd etdiyi kimi, çətin coğrafi vəziyyəti nəzərə alınaraq bu gün, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Bu baxımdan ölkə rəhbərinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanı diqqəti cəlb edir. Həmin dövlət sənədinə əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə qabiliyyətini daha da artırıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub. Bütün bunların nəticəsidir ki, 2017-ci ildə, 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ölkəmizdə böyük coşqu ilə qarşılandı, bütün regionda rezonans doğurdu. Yaddaşlardan silinməyən bu hadisə Əlahiddə Ümumqoşun Ordunun qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Sevindirici haldır ki, Əlahiddə Ümumqoşun Ordu əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olmaqla yanaşı, həm də muxtar respublikamızın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. 2018-ci ilin may ayında Günnüt zəfərinin qazanılması düşmənin hərəkət imkanlarını daha da məhdudlaşdırıb, istənilən təxribatlara qarşı adekvat cavab vermək imkanımız artıb. Ordunun ətrafdakı ərazilərə maneəsiz nəzarət etməsi, ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir.
Muxtar respublikamızın strateji yüksəkliklərində Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərin xidmət şəraiti də daim diqqətdə saxlanılır, maddi-texniki təminat gündən-günə daha da yaxşılaşdırılır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlərə hərtərəfli dövlət qayğısı göstərilir, güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dəfələrlə muxtar respublikanın hakim yüksəkliklərinə gedərək xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə maraqlanıb, bütün məsələlərin vaxtında həlli üçün müvafiq tapşırıqlar verib. Dağ postlarının, demək olar ki, hamısına yolların çəkilməsi verilən tapşırıqların sürətlə yerinə yetirilməsinə şərait yaradır. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində bəzi postlarımızın təminatı avqust-sentyabr aylarında tam gerçəkləşdirilib. Qarşıya çıxa biləcək istənilən məsələnin həlli həmişə diqqətdə saxlanıldığı üçün, hətta gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilib.
Dövlət başçısının dediyi kimi: “Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda istənilən hərbi vəzifəni icra etməyə qadirdir”.

Enerji təhlükəsizliyinin təmini diqqət mərkəzindədir

Otuz ilə yaxındır, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişaf etdirilməsi istər ölkə başçısı, istərsə də muxtar respublika rəhbərinin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən olub. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində çətin günlərini yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində İran İslam Respublikasından 42, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb. Bu mənada, muxtar respublikada enerji təhlükəsizliyi sahəsində ötən illərdə görülən işlər dahi şəxsiyyətin memarı olduğu milli təhlükəsizlik arxitekturasının davamı kimi qiymətləndirilir. Bu gün Naxçıvanın daxili enerji resursları ilə özünü tam təmin etməsi məhz bu siyasətin nəticəsidir.
Son illər istifadəyə verilən yeni elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Onlardan da 6-sı bərpa­olunan enerji sistemləridir. “Bu, doğrudan da tarixi nailiyyətdir”, – deyən dövlətimizin başçısı bunun muxtar respublikanın təhlükəsizlik məsələsi olduğunu da vurğulayıb.
Bütün bunların nəticəsidir ki, əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovat-saata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovat-saata yaxın ixrac edib. Hazırda İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Həmin stansiya fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpa­olunan enerji ilə təmin edəcəkdir.
Onu da deyək ki, 2005-ci ildən etibarən Naxçıvanın təbii qaza olan tələbatı da ödənilir. Bu gün 90 minə yaxın abonent mavi yanacaqla təmin olunub. Sevindirici haldır ki, çox çətin relyefə malik olan ən ucqar dağ kəndlərimiz də təbii qazla tam təmin edilib. Bu, böyük nailiyyətdir.

İnkişaf nümunəsinə çevrilən infrastruktur quruculuğu

Naxçıvan bu gün möhtəşəm quruculuq meydanını xatırladır. Qürurla deyə bilərik ki, bu gün muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq yenidən qurulub, abadlaşdırılıb. Muxtar respublika sakinləri şəhərlərimizin, kəndlərimizin abadlaşdırılması, yeni-yeni gözoxşayan binaların, sosial obyektlərin inşa edilməsi istiqamətində görülən işləri ulu öndərimizin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər.
Aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər Naxçıvanda müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub. Belə ki, yenidən qurulan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları bu gün ən müasir səviyyədədir. Ötən illərdə ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurulub. Hazır­da 50 kilometr uzunluğundakı Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına müasir səviyyədə bərpa edilib. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub.
Dövlət başçısı Naxçıvanda yol tikintisi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb... Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir... Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək”.
Bu məqamda qeyd edək ki, iqtisadi inkişafın digər bir nümunəsi də sənaye məhəllələridir. Burada dünya praktikasında uğurla tətbiq olunan və fəaliyyətindən çox sayda müsbət nəticələr gözlənilən ərazi regiona xas müxtəlif növ sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri olan bütün infra­struktur şəraiti ilə təmin edilir. Prezident cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə qəbul edilmiş Şərur Sənaye Məhəlləsinin yaradılması haqqındakı qərar bu baxımdan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması məqsədinə xidmət edir. Bu sahədə də layihə-planlama işlərinə başlanılıb, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər verilib. Bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulub.

Muxtar respublikanın ərzaq təhlükəsizliyi təmin olunub

Naxçıvanın blokada vəziyyətində yaşaması onun ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsini də daim aktuallaşdırır. Bu mənada, diyarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi, qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bu, torpaq və su ehtiyatlarından səmərəli istifadə etməklə bol məhsul istehsalına, nəticə etibarilə, ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Həmin sahəyə göstərilən dövlət qayğısı sayəsində artıq 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulub, 160-dan çox artezian quyusu qazılıb, kəhrizlər bərpa olunub. Bu barədə danışan Ali Məclis Sədrinin qeyd etdiyi kimi, 2003-cü ildə muxtar respublikada 39 min hektar sahə əkinəyararlı torpaqlar idisə, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsindən, yeraltı suvarma şəbəkələri qurulmasından sonra bu gün həmin rəqəm artıq 62 min hektara çatıb. Bu, muxtar respublikanın özünü ərzaqla tam təmin etməsinə şərait yaradır.

Geostrateji əhəmiyyətə malik diyarın inkişafı bu gün də diqqət mərkəzindədir

Naxçıvan Azərbaycan və ümumilikdə, Türk dünyası üçün çox böyük geo­strateji əhəmiyyətə malik mühüm bir məkandır. Məhz buna görə də ulu öndərimizin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Ölkə Prezidentinin “Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”, – deməsi bir daha onu göstərir ki, dövlət başçısı bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunması məsələsində də dahi şəxsiyyətin siyasi kursuna sadiqdir. Bu, ölkəmizin, o cümlədən muxtar respublikamızın davamlı inkişafını, yüksəlişini arzu edən qədim Naxçıvanın sakinləri tərəfindən alqışlarla qarşılanır.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR