Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi.
Bu sözləri Prezident İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.
Dövlətimizin başçısının bu sahədə hansı işlərin görüldüyü ilə bağlı sualı cavablandıran Ali Məclisin Sədri deyib: “Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinəyararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur”.