ABŞ-ın “The Press Herald” qəzetində oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın ABŞ-ın paytaxtı Vaşinqtona səfərinə etiraz edən Azərbaycan icmasının fəal üzvü Tərlan Əhmədovun müraciəti dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər.
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan, özünü “xarici işlər naziri” sayan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirib. Vaşinqtonun Azərbaycan icmasının üzvləri bina qarşısında etiraz aksiyası keçirmişdi.
Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. “The Press Herald” qəzetindəki material məlumatlandırma kampaniyası çərçivəsində dərc olunub.
Yusif Babanlı