2019-ci ilin 9 ayı ərzində Ermənistanda sosial proqramların cəmi 50 faizi həyata keçirilib. Ekspertlər bildiriblər ki, işsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb.
Geriləmənin əsas səbəbi korrupsiya və “kölgə iqtisadiyyatı” ilə mübarizə pərdəsi altında idarəçiliyin yarıtmaz olmasıdır. İqtisadçı Tadevos Avetisyan bildirib ki, 2018-ci ildə sosial proqramların həyata keçirilməsi bu ilin doqquz ayında olduğundan 25 faiz çox olub. Belə ki, dövlət büdcəsindən 250 min işsiz vətəndaş üçün ayrılan vəsaitin cəmi 25 faizi onların məşğulluğunun təmin edilməsinə xərclənib. Ekspert minlərlə insanın sosial müdafiədən məhrum olduğunu qeyd edərək xatırladıb ki, ölkənin Əmək və Sosial Məsələlər Nazirliyi konstitusiyanın müvafiq maddələrini kobud şəkildə pozur.
Hökumət isə işsizlərin özlərini günahlandırıb. Qeyd edib ki, az maaşa qane olmayan erməni fəhlələri hindistanlılar əvəz edirlər. Ermənistan hökuməti gələn ildən məşğulluq məsələləri ilə bağlı proqrama müsbət dəyişikliklər edəcəyini vəd edir, lakin ekspertlər onun bu vədinə skeptik yanaşırlar.