Avstraliyanın populyar “www.theurbanlist.com” saytında cari ilin sentyabrında Azərbaycana səfər edən avstraliyalı jurnalist və bloqer Kassandra Çarlikin “Everything You Need To Check Out In Baku, 2020’s Go-To Destination” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə ölkəmizin paytaxtı Bakının əsas görməli yerlərindən bəhs edən müəllif İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Azərbaycan Milli Xalça Muzeyi kimi tarixi və müasir memarlıq abidələri, eləcə də öz görkəmi ilə Parisi xatırladan binalar və tarixi küçələr haqqında ətraflı məlumat verir. Həmçinin jurnalist məqaləsində UNESCO-nun Mədəni İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkı və palçıq vulkanları barədə yazır.
Avstraliyalılara Odlar yurdu Azərbaycanı ziyarət etməyi məsləhət görən K.Çarlik Atəşgah məbədinin və Yanar Dağın turistlər üçün ən maraqlı, görməli yerlər sırasında olduğunu qeyd edir. Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərin, “Eurovision” musiqi müsabiqəsinin və “Formula-1” idman yarışının təşkil edildiyi mərkəzə çevrildiyini xüsusi vurğulayır.
Həmçinin məqalədə ölkəmizin qədim və zəngin mətbəxindən söz açan müəllif milli kulinariyamızın ləziz nümunələrindən olan dolma, qutab, kabab, plov, müxtəlif şirniyyat növləri barədə ətraflı məlumat verir, ölkəmizdə çay süfrəsinin özünəməxsusluğu ilə diqqəti cəlb etdiyini bildirir.
Məqaləyə Bakının görməli yerləri, Azərbaycanın milli mətbəxi nümunələri və şirniyyatlarının çoxsaylı fotoları da əlavə edilib.
Qeyd edək ki, “www.theurbanlist.com” saytında əsasən dünya ölkələrinin turizm potensialına dair yazılar yer alır. Son statistik məlumatlara görə, hər ay həmin saytı 525 min, onun “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrini isə müvafiq olaraq 945 min və 538 min internet istifadəçisinin ziyarət etdiyi bildirilir.
Vüqar Ağayev