23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi yüksək səviyyədə qeyd edilir.

Milli dirçəliş tariximizdə mühüm siyasi əhəmiyyət kəsb edən, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin ilk iclası ölkəmizdə mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi dövrə təsadüf edirdi. Həmin dövrdə xalqımız milli azadlıq uğrunda mübarizəyə qalxmışdı. Lakin Azərbaycana rəhbərlik edənlər öz hakimiyyətlərini və imperiyanın maraqlarını milli maraqlardan üstün tutduqları üçün xalqın dirçəlişini mütərəqqi istiqamətə yönəldə bilmədilər. Müstəqillik arzularımızı, dövlətçiliyimizin dirçəliş ideyasını gerçəkləşdirə biləcək yeganə milli lider isə yalnız ulu öndər Heydər Əliyev idi.
Görkəmli dövlət xadiminin həmin vaxtlarda atdığı qətiyyətli addımlar Azərbaycanın siyasi tarixində daim milli idealların, qədim dövlətçilik ənənələrinin yaşadıldığı və inkişaf etdirildiyi məkan kimi xüsusi yerə malik olan Naxçıvanı milli azadlıq hərəkatının başlandığı, milli həmrəylik ideyalarının bərqərar olduğu diyar kimi yenidən mühüm siyasi mərkəzə çevirmişdi. Məhz bunun nəticəsidir ki, 1990-cı il noyabrın 17-si ölkəmizin müstəqillik tarixinə çox əhəmiyyətli tarixi gün kimi düşmüşdür. Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırılmış, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edilmişdir. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar keçmiş ittifaq tarixində bir ilk, bu ittifaqın süqutuna aparacaq tarixi yolun başlanğıcı, digər müttəfiq xalqların müstəqillik yoluna salınmış işıq idi. Bu, ümumilikdə, Azərbaycan xalqının milli siyasi təfəkküründə əsaslı dəyişikliklərə, milli müstəqillik uğrunda hərəkatın geniş vüsət almasına səbəb olmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütünlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndər Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji mahiyyət daşıyan tarixi qərarların qəbul edilməsinə nail oldu.
1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” Qərarın qəbul olunması, SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet sosialist” sözlərinin çıxarılması çox böyük cəsarət tələb edirdi. Bununla ümummilli liderimiz, əslində, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımını atdı. Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılmışdır.
Sonralar bu tarixi dövrü xatırlayan ulu öndər Heydər Əliyev deyəcəkdi: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli ­addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.
Azərbaycanımızın üçrəngli bayrağı bizim milli kimliyimizin, dəyərlərimizin, ideologiyamızın ifadəsidir. Bu bayraq çox çətinliklərdən, keşməkeşlərdən keçərək bu günümüzə gəlib çatıb. Milli suverenliyimizin simvolu, müqəddəs dövlətçilik rəmzlərindən sayılan bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir.
Naxçıvan Muxtar Respublikasında dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam dövlət rəmzlərimizə göstərilən ehtiramın göstəricisi, Heydər Əliyev yoluna sədaqətin təzahürüdür. Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – noyabrın 17-də açılış mərasimi keçirilən Dövlət Bayrağı Meydanı və Muzeyində Ali Məclisin Sədri çıxış edərək demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.
Muxtar respublika paytaxtının ən yüksək məkanında yerləşən Bayraq Muzeyini hər il yüzlərlə insan ziyarət edir. Muzeydə ümummilli liderimizin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muzeyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Himninin mətninin və Dövlət Gerbinin təsvir olunduğu xatirə hədiyyələri, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, Rusiya muzeylərindən tapılaraq gətirilmiş Naxçıvan xanlığının dövlət və döyüş bayraqları nümayiş etdirilir. Həmçinin muzeydə inzibati xəritələr, döyüşçü libasları, qədim pul nişanları da sərgilənir.
1990-cı illərdə qədim diyarımızda gedən ictimai-siyasi proseslərə nəzər yetirdikdə bir daha aydın olur ki, ulu öndərimiz Heydər Əliyev o dövrdə siyasi və dövlətçilik fəaliyyəti ilə bugünkü qüdrətli və müstəqil Azərbaycan Respublikasının inkişafının əsasını qoymaqla yanaşı, həm də milli ideologiyanın, milli özünüdərkin formalaşmasını təmin etmişdir. Məhz həmin illərdə ümummilli liderimizin rəhbərliyi ilə Naxçıvan parlamentinin fəaliyyəti və muxtariyyətin verdiyi imkanlar burada Azərbaycan dövlətçiliyinin əsaslarını təşkil edən mühüm siyasi qərarların qəbul olunmasına şərait yaratmışdır. Həmin illərdə muxtariyyətimizin qorunub saxlanılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, sabitlik və inkişafımızın zəmini olan muxtariyyətin 95 illik yubileyini qeyd etdiyimiz doğma Naxçıvanımızın da səmasında üçrəngli bayrağımız qürurla dalğalanır.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR