Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasında Dövlət orqanları, müəssisə və təşkilatlarında dövlət sirrinin mühafizəsi, kadr və kargüzarlıq işinin təşkili mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov seminarı açaraq deyib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilir. Seminarın təşkilində əsas məqsəd muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarda dövlət sirrinin mühafizəsi, kadr işinin və kargüzarlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Çünki dövlət orqanlarında kadr və kargüzarlıq məsələləri ümumi fəaliyyətin əsasını təşkil edir. Ancaq bəzi hallarda müxtəlif dövlət qurumlarında kadr və kargüzarlıq sahələrinə məsul şəxslər öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Bu da həmin dövlət orqanlarında bu sahəyə nəzarətin zəif olmasından, bəzi hallarda isə bu işin aidiyyəti olmayan şəxslərə həvalə edilməsindən irəli gəlir. Nəticədə, kadr təyinatlarında sənədləşmə işinin düzgün aparılmaması və həmin qurumlarda kargüzarlıq işinin düzgün qurulmaması kimi hallara rast gəlinir ki, bu da müxtəlif neqativ halların yaranmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Gözəl Şahməmmədova çıxış edərək demişdir ki, dövlət orqanlarında kadr və kargüzarlıq işinin təşkili həmin orqanların fəaliyyətinin əsasını təşkil edir. İstər kadr işinin təşkili, istərsə də kargüzarlığın həyata keçirilməsi ilə bağlı qanunvericilik aktları qəbul olunmuş və hüquqi əsas yaranmışdır. Lakin dövlət orqanlarının müvafiq bölmələri qanunvericiliyin düzgün tətbiqinə məsuliyyətsiz yanaşır. Ciddi nöqsanlara yol verirlər. Son vaxtlar bu işin təşkili ilə bağlı aparılan təhlillər göstərir ki, aidiyyəti qurumlar kadr və kargüzarlıq sahəsində məsul işçilərə texniki və yardımçı vəzifələr kimi yanaşır, işin əhəmiyyətinə və ciddiyyətinə diqqət etmirlər. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində yaradılan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatları üzrə reyestrə təqdim olunan arayışlar, ştat cədvəlləri yararsız, səliqəsiz halda və yanlış məlumatlarla işlənir, vakant vəzifələr düzgün qeyd edilmir. Bununla yanaşı, orqanlarda kadr işinin təşkili aidiyyəti olmayan şəxslərə tapşırılır. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində ümumi şöbənin müdiri və aparıcı məsləhətçi vəzifəsində çalışan şəxslər olduğu halda, bu işin təşkili hüquqşünasa həvalə edilmişdir. Bu da onu deməyə əsas verir ki, dövlət orqanlarında kadr və kargüzarlıq işi nəzarətsiz qalmışdır. Əlbəttə, bəzi dövlət orqanları istisnadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini, Şərur Rayon İcra Hakimiyyətini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsini, Dövlət Televiziya və Radio Verilişləri Komitəsini, Dövlət Statistika Komitəsini və Turizm Departamentini nümunəvi orqanlar kimi göstərmək olar.
Qeyd edilmişdir ki, yol verilən əsas nöqsanlardan biri məlumatların vaxtında və ya dərhal təqdim olunmamasıdır. Belə ki, dövlət orqanları istənilən dəyişikliklə bağlı dərhal və ya dəyişiklik olmadıqda bununla bağlı hər ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aid sektoruna məlumat verməli olduğu halda, məlumat verilmir, bu müddət bəzən bir-iki aya qədər uzanır. Hətta bəzi təşkilatlar – Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Dövlət Arxiv İdarəsi, Şahbuz Rayon İcra Hakimiyyəti, Televiziya və Radio Şurası, Dövlət Nəqliyyat Xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aidiyyəti sektoruna təşkilatın kadr vəziyyəti ilə bağlı aylıq heç bir məlumat vermir. İnsan Hüquqları üzrə Müvəkkil Aparatı tərəfimizdən kadr dəyişikliyi ilə əlaqədar məlumat tələb edildiyi halda təqdim etməmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində, Maliyyə Nazirliyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olduğu halda, heç bir məlumat verilməmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə müvafiq məlumatları mütəmadi gecikdirir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində mühasib vəzifəsini tutan şəxs 1 avqust 2019-cu il tarixdən vəzifəsindən azad olunduğu halda hələ də heç bir məlumat verilməmiş, vakansiya cədvəlində vakant vəzifə kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aid sektoruna göndərilməmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində yaradılan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatları üzrə reyestrə işçilər haqqında hazırlanan bioqrafik arayışlar təqdim edilməlidir. Digər bir nöqsan həmin bioqrafik arayışlarda məlumatların səhv və səliqəsiz işlənməsidir. Dövlət Energetika Xidmətində kadr işinin təşkili üzrə baş məsləhətçi, məsləhətçi vəzifələri olduğu halda, orta təhsilli şəxsə həvalə edilmişdir. Bu da orqanlarda kadr və kargüzarlıq işinə biganə münasibətin nəticəsidir.
Gözəl Şahməmmədova demişdir ki, dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən qanunvericiliyin tələbləri gözlənilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ixtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Digər bir nöqsan dövlət orqanlarında çalışan dövlət qulluqçularına ixtisas dərəcələrinin qanunamüvafiq olaraq verilməməsidir və yaxud verilmiş ilkin və ya növbəti ixtisas dərəcələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aidiyyəti sektoruna göndərilən məlumatların yenilənməməsidir. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən, ancaq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi bioqrafik arayışları yeniləyir. Dövlət qulluqçularının vəzifələri dəyişdirilərkən qanunvericiliyin tələbləri gözlənilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq staj, sınaq müddəti gözlənilmədən, ixtisas dərəcəsi verilmədən dövlət qulluqçusunun vəzifəsinin dəyişdirilməsi yolverilməzdir. Mövcud nöqsanlardan biri qanunvericiliyin bu tələbinin orqanlarda gözlənilməməsidir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sınaq müddəti ilə işə qəbul olunan aparıcı məsləhətçini ixtisas dərəcəsi almadan, daimi dövlət qulluğuna qəbul edilmədən baş məsləhətçi vəzifəsinə keçirmişdir.
Bildirilmişdir ki, seminarda iştirak edən dövlət orqanlarının məsul şəxsləri qeyd olunan nöqsanların aradan qaldırılması üçün səylərini artırmalı və kargüzarlıq işinin düzgün qurulmasını təmin etməlidirlər.
Sonra dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları haqqında ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Gözəl Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sənədlərin təqdim olunması qaydalarını seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Belə ki, həmin qaydalara əsasən kadr anketlərdə bütün məlumatlar tam doldurulmalı, boş hissə saxlanmamalı, arayış və anketlərə vurulan şəkillər qanunauyğun ölçüdə və formada olmalıdır. Həmçinin təşkilatlarda kadrlarla bağlı vəzifə dəyişiklikləri olduğu gün, dəyişiklik olmadıqda isə hər ayın sonu təşkilatda kadr dəyişikliyinin olmamasına dair məlumat çap və elektron formada təqdim olunmalıdır. Dövlət orqanlarının ştat cədvəlində dəyişiklik olduqda isə ştat cədvəlinin surəti göndərilməlidir.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin şöbə rəisi Heydər Vəliyev çıxış edərək muxtar respublikanın dövlət orqanlarında, ordu, birləşmə və hissələrdə, idarə, müəssisə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, məxfi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıb, fəaliyyətin təşkili ilə bağlı qanunvericiliyin tələblərini diqqətə çatdırıb.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, tədbir iştirakçılarına “Dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlər” və “Dövlət sirrinin mühafizəsi ilə bağlı normativ-hüquqi sənədlər” topluları təqdim olunub.
“Şərq qapısı”