İnsan məskən salır...
Gümüşlü kəndi Şərurun axar-baxarlı təbii gözəllikləri, əsrarəngiz mənzərələri ilə gözoxşayan yaşayış məntəqələrindən biridir. Başıçalmalı dağları sanki bu kəndin keşiyində durub. Kənd rayon mərkəzindən 20 kilometr şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyində, polimetal yatağının yaxınlığında 1954-cü ildə yaradılıb. Görəsən necə olub ki, insan burada məskən salıb? Sualın cavabını aydınlaşdırmaq marağı yarandı məndə. Tarixi mənbələrə müraciət edib öyrəndim ki, buradakı filiz mədəni hələ VII əsrdən məlum olub.
Çar Rusiyası dövründə Yaycı dağında tapılan metalın nümunələri Petroqrada laboratoriya analizinə göndərilib. Laboratoriyanın 3 mart 1849-cu il tarixli məlumatında metalın tərkibində 0,18 putda 4 misqal gümüş olduğu göstərilir. Gümüş-qurğuşun tərkibli metal yatağının öyrənilməsi Qafqaz canişinliyinin dağ-mədən idarəsinin diqqətini çəkir. 1888- 1890-cı illərdə bu ərazidə bir neçə dəfə geoloji kəşfiyyat işləri aparılır və 1908-ci ildə Gümüşlü mədəni istismara verilir. Lakin mədən rentabelli işləmədiyindən 1912-ci ildə bağlanır. Buna baxmayaraq, Birinci Dünya müharibəsi zamanı rus mütəxəssisləri yenidən Yaycı kənd əhalisinə məxsus olan sahələri alıb əvvəlki mədən sahəsi ilə birləşdirərək geoloji kəşfiyyat işlərini genişləndirir, zavodun və fabrikin gücü artırılır, elektrik stansiyası quraşdırılır. 1917-1918-ci illərdə məlum hadisələrlə əlaqədar fəaliyyətini dayandıran mədən 1920-ci ildə yenidən işə salınır. Amma bu dəfə də onun ömrü uzun olmur.
Kəndin ilk sakinləri ilə söhbətlər maraqlı oldu.
Səksən beş yaşlı Əli Şıxəliyev Gümüşlünün ilk sakinlərindəndir. Gənclik dövründən Məmmədsabir kəndindən mədənə işləməyə gəlib:
– Keçən əsrin 50-ci illərinin əvvəli idi. Bütün Şərur mahalına səs yayıldı ki, Yaycı dağlarında yeni iş yeri açılır. Gənclərin bu yerlərə axını başladı: kimi bel-külünglə, kimi maşınla, buldozerlə. İlk vaxtlar bu ərazidə 2 mərtəbəli binalar tikildi. Beləliklə, Gümüşlünün bünövrəsini qoyduq. Quruculuq işlərinə mədənin direktoru Əli Əliyev rəhbərlik edirdi.
Bu yerdə söhbətə Gümüşlünün ilk sakinlərindən səksən yaşlı Firudin Qafarov qoşulur:
– Bizim yaddaşımızda daha bir mədən direktoru – Böyükağa Məlikov da möhkəm kök salıb. “Şapur” bulağının suyunu 7 kilometrlik məsafədən kəmər vasitəsilə o, kəndimizə çəkdirmişdi. El arasında Şahbulaq kəndindən gələn bu suya “Məlikov kəməri” də deyirlər.
Kəndin ağbirçəyi Bəyim nənənin də qapısını döydüm. Yaşı səksəni ötsə də, hələ gümrahdır. Ötən əsrin 50-ci illərini, Gümüşlü kəndinin necə yaranmasını yaxşı xatırlayır:
– Ömür-gün yoldaşım Qurban Gümüşlü filiz mədəni fəaliyyətə başlayan gündən burda çalışıb. 1954-cü ildən isə ailəlikcə Qarabağlar kəndindən birdəfəlik Gümüşlüyə köçüb, burda məskən salmışıq. Əvvəlcə taxta fin evlərdə yaşamışıq, sonra özümüzə daşdan ev-eşik tikmişik.
Arpaçay dəryaçasının tikintisinə başlananda günlərimiz lap təmtəraqlı olub. Azərbaycan Respublikasının xalq artistləri, məşhur müğənnilər Sara Qədimovanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın və başqalarının konsertləri hələ də yaddaşımızdadır.
– Bəyim nənə, heç kəndinizin bu günü barədə danışmadınız axı.
– Keçən ilin söhbətidir. Anadan olduğum Qarabağlar kəndinə getmişdim. Gördüm ki, uçuq-sökük köhnə binaların yerində böyük-böyük imarətlər ucaldılıb. Düzü, valeh oldum. Hətta oğluma dedim ki, gəl Gümüşlüdəki evimizi sataq, gedib Qarabağlarda yaşayaq. Oğlum nə desə yaxşıdır: darıxma, tezliklə bizim kənd Qarabağlardan da gözəl olacaq. İki gün bundan əvvəl xəstələnmişdim. Oğlum məni kəndimizdəki tibb məntəqəsinə apardı. Kəndimizin mərkəzinə çatanda gözlərimə inanmadım. İlahi, insan əli gör nəyə qadirdir? Elə bir səhiyyə ocağı yaradıblar ki, gəl görəsən. Məntəqənin müdiri Rahilə xanım məni müayinə elədi, dedi ki, soyuqlamışam. İynə vurdu, bir neçə qutu da həb verdi. Pulunu isə almadı. Bildirdi ki, dövlətimiz tibb məntəqəsini hər cür dava-dərmanla təmin edib. Bizim də vəzifəmiz xəstə insanların şəfa tapmasına kömək etməkdir. Daha sağalmışam. Belə dövranda yaşamaq xoşdur, oğul.
Bəli, artıq Gümüşlü kəndi Şərurun gözoxşayan yaşayış məntəqələrindən birinə çevrilib. Hazırda 120 təsərrüfatda 556 nəfər yaşayır. 927 hektar ərazisi olan kənddə əhali əkinçilik və heyvandarlıqla məşğul olur. Təkcə ötən il 120,8 ton taxıl, 2,8 ton paxlalı, 145 ton tərəvəz, 4,9 ton dən qarğıdalı, 90,4 ton bostan məhsulları, 140 ton meyvə tədarük edilib. Bu il də göstəricilər ürəkaçandır.
Arpaçay dəryaçasının suyu nura çevrilir
Alternativ enerji mənbələrindən məqsədyönlü istifadə edilməsi bu gün prioritet istiqamətlərdən birinə çevrilib. Belə mənbələrdən biri də ölkə ərazisində olan çaylar üzərində salınan su elektrik stansiyalarıdır. Bu istiqamətdə muxtar respublikamızda da əməli addımlar atılır.
Yeri gəlmişkən xatırladım ki, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Arpaçay Su Anbarının tikilməsi barədə göstəriş verib, 1977-ci ildə 150 milyon kubmetr su tutumuna malik olan anbarın tikintisi başa çatdırılıb. Bundan sonra 17 min 350 hektar sahə əkin dövriyyəsinə qatılıb.
2011-ci ildən isə Arpaçay Su Elektrik Stansiyasının inşasına başlanılıb. Bu möhtəşəm layihənin icrası “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. Stansiyanın tikintisi başa çatdırılıb, hazırda son tamamlama işləri görülür.
Elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 11 meqavat güc ilə sınaq rejimində işləyir.
Bəli, Gümüşlü kəndindəki Arpaçay dəryaçasının suyu bu gün nura çevrilib.
“Heydər Əliyev ili”nin quruculuq ərməğanları
Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Məmmədovla kənd mərkəzinin qarşısında görüşdük, xeyli söhbət etdik.
Bildirdi ki, avqustun 12-də bu kəndin sakinləri əsl bayram sevincini yaşayıblar. Həmin gün burada bir neçə obyekt istifadəyə verilib.
Rafiq Məmmədovla kənd mərkəzinin içərisinə daxil oluruq. Kitabxananın qarşısında Naxçıvan Dövlət Universitetinin tələbəsi Şəbnəm Cəfərova ilə rastlaşır, kitabxana barədə onun təəssüratını öyrənirik:
– İndiyədək kitabxana üzünə həsrət qalmışdıq. Çox şükür, artıq bizim kənddə də kitabxana açıldı. Hazırda burada 5 min nüsxə kitab vardır. Dünən kitabxanamızda Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Kənd məktəbinin müəllimi İdris Əliyev ustad şairin poeziyasını geniş təhlil etdi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sübhan Rəhimovun Məmməd Arazın şeirlərindən ibarət hazırladığı kompozisiya səsləndirildi.
Mədəniyyət evində də çal-çağır idi. Mədəniyyət evinin müdiri Coşqun Hüseynov dedi ki, köhnə binamıza heç kim gəlmirdi, şərait yox idi. Bax, indi mədəniyyət evimiz beləcə, hər gün səhərdən axşamadək dolub boşalır. Daha burada tədbir keçirməyə nə var ki?! Hazırda mədəniyyət evinin nəzdində xalq çalğı alətləri ansamblı yaratmaq üzərində işləyirik.
Kənd sakini Ələddin Novruzov da bizə yaxınlaşdı və sevinclə, fərəhlə ürək sözlərini belə çatdırdı: – Uzun illər idi ki, poçt sarıdan korluq çəkirdik. Bir məktub, bir barat göndərmək üçün 3 kilometr yol qət edib qonşu Aşağı Yaycı kəndinə üz tuturduq. Kənd mərkəzimiz istifadəyə veriləndən sonra daha buna ehtiyac qalmayıb. Rabitə evində 160 nömrəlik ATS quraşdırılıb, poçt bölməsində internet və danışıq kartlarının satışı təşkil edilib. Deyirlər ki, gələcəkdə poçtda əhaliyə bank xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama məntəqəsi, polis və baytarlıq məntəqələri, 50 nəfərlik iclas zalı yerləşir.
Həmin gün kənddə yeni xidmət mərkəzi də istifadəyə verilib. Burada ərzaq və təsərrüfat malları mağazası, bərbərxana, gözəllik salonu və ət satışı yeri fəaliyyət göstərir. Gümüşlülərə böyük sevinc hissi yaşadan daha iki obyekt isə kənddə iki və üçmərtəbəli yaşayış binalarında təmir işlərinin aparılmasıdır. İkimərtəbəli yaşayış binası 8 mənzilli, 3 mərtəbəli yaşayış binası isə 10 mənzillidir. Təmir işlərindən sonra yaşayış binalarında hər bir mənzil üçün lazımi kommunal-məişət şəraiti yaradılıb.
İcra nümayəndəsi onu da vurğuladı ki, son illər Gümüşlüyə yol çəkilib, 220 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunub. Təkcə bu il məktəbin 5 məzunundan 4-ü ali məktəb tələbəsi adını qazanıb.
Günəş dağların arxasına çəkilməkdə idi. Dağlar öz əzəməti ilə qaş qaralanda da diqqəti cəlb edirdi. Bilmirəm, gözəllikləri, əsrarəngiz mənzərələri təsvir etməyə, kənd haqqında oxucularda dolğun təsəvvür yaratmağa nail oldummu? Sonda bu qənaətə gəldim ki, zəhmətkeş, torpaq qədri bilən Gümüşlü sakinləri bu yerlərin ən qiymətli sərvətidir. Bu sərvət özündə yurd sevgisini, milli dəyərləri, yaxşı ənənələri saxlayır və gələcəkdə də belə olacağına əminlik yaradır.
Cəfər ƏLİYEV