Xətai və Yeni Havuş... Azərbaycanımın bu kiçik kəndləri böyük sevinc yaşayır. Salamlamaq istədik bu yurd yerlərini. Yeni yolun mübarək olsun, – deyib, dayandıq Xətai və Yeni Havuş adlarının qarşısında. Bir fotoda əbədiləşdi bu adlar və hamar yollar. Gördüm iki gənc gəlir. Yaxınlaşdıq, salamlaşdıq. Xətai kəndindən olan bacı-qardaş – Əli və Xədicə ilə söhbətləşdik. Ali məktəbə hazırlaşan bu iki gəncə uğurlar arzulayaraq yola davam etdik.
İki kənd arasında sıralanan müasir binalar. Xoş arzu ilə dayandıq bu binalar qarşısında. Aidə adlı bir xanımla həmsöhbət olduq. Üç oğul anasıdı. Böyük oğlu sərhəddə yerləşən Havuşda xidmət edir. Əsgərlikdən yeni qayıdan digər oğlu bu günlərdə istifadəyə verilən xidmət mərkəzində çalışır. Kiçik oğlu... Elə bu an yanımıza öz dəcəlliyi ilə diqqətimizi yayındıran Elnar gəldi. Birinci sinifdə oxuyur. Onunla qısa zamanda dostlaşdıq. Əlimdən tutub yeni məktəb binasını göstərdi. Əlavə sözə ehtiyac yox idi. Balaca ürəkli Elnarın sevinci gözlərindən oxunurdu. Elnarın sevincinin təkcə Şərurun deyil, Naxçıvanın, nəticə etibarilə, ölkəmizin sevinci olduğunu düşünürük. Soruşanda: “Böyüyəndə kim olacaqsan?”, “Uşaqların müəllimi”, – deyə cavab verir. Cavabına gülümsəyib yolumuza davam etdik.
Bir az irəlilədik. Yolun sol tərəfində köhnə məktəb binası və digər tikililər gözümüzdən yayınmadı. Dünənə qədər bu binalardan istifadə olunub. Bu gün həmin binaları müqayisə olunmaz dərəcədə yeniləri əvəz edib. Bir daha sevinirsən ki, Yeni Havuş sakinlərinin artıq bu köhnə və yararsız tikililərə ehtiyacı yoxdur.
Kənddə ən yaxşı müsahiblərim uşaqlar oldu. Gülay, Röyal, Murad və başqalarının arzuları böyük idi. Kimisi həkim, kimisi hərbçi, kimisi müəllim olmaq istəyir. Artıq onların qarşısında heç bir maneə yoxdur. Səliqəli yollar və müasir məktəb binası. Şəhərdəki məktəblərdən fərqi yoxdur: müasir sinif otaqları, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqları olan kimya-biologiya və fizika laboratoriyaları, şahmat və kompüter otaqları. Məktəbdə internet də var, 3 elektron lövhə quraşdırılıb. Şagirdlərə yalnız yaxşı oxumaq və vətənpərvər gənc kimi yetişmək qalır. Belə olacağına isə heç də şübhə yoxdur. Söhbətimdə onlarda olan Vətən sevgisini gördüm. Əksəriyyəti də hərbçi olmaq istəyir. Çünki düz yüksəklikdə – Havuş kəndində sərhədlərimiz qorunur, Vətənimiz qorunur. Onların bu arzusuna təəccüblənmədik. Vətənimizi göz bəbəyi kimi qoruyan gəncliyimiz yetişir. Sevindik, qürurlandıq. Əmin olduq ki, vətənpərvər olan bu yeniyetmələr indidən özlərini Vətənin gələcək qurucusu kimi hiss edirlər. Axı qurucu rəhbərimiz müasir məktəb binasının açılışında bir məsələni xüsusilə vurğulayaraq deyib ki, məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir.
Yeni məktəb binasının həyətində yeni əkilmiş ağaclar və güllər var idi. O anda düşündüm ki, bir neçə il sonra bu fidanlar qollu-budaqlı ağaclara, ətrafa rayihə yayan güllərə çevriləcək. Burada gördüklərimizdən bir əminlik hasil oldu ki, kənd sakinləri bu qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcək.
Yolumuza davam edirik. Payız fəslinin kənddə yaratdığı gözəlliklər musiqi, şeir, qəzəl kimi ruhumuzu oxşayır. Sarı yarpaqların xalı naxışı Yeni Havuşa ayrı gözəllik qatıb. Sanki bu gələn payız da bilir ki, kənd yeni günlərini yaşayır. Kənddə hərə öz işində... Kimisi həyətində payızlıq məhsullarını tədarük edir, kimisi evini qışa hazırlayır. Bütün həyətlərdə arı yeşikləri görmək mümkündür.
Həyətlərdən boylanan payız gülləri, sanki bizi salamlayır. Bir evin həyətinin fotosunu çəkmək istədik. Evdən səs gəldi. Səkinə xala idi. Hal-əhvaldan, arzu-diləkdən sonra bizi həyətə dəvət etdi. Həyətdə hər şey sadə, hər şey incə zövqlə... O andaca fikrimdən keçdi ki, həqiqətən də, çox gözəldi yurdumun insanları... Qonaqpərvərdirlər... Bu bizi ürəkdən sevindirdi. Lakin burada qeyri-adi bir şey yoxdur. Bu adət bizə dədə-baba mirasıdır, xalqımızın səciyyəvi cəhətidir. Bir hindistanlı turistin bu günlərdə dediyi kimi: Blokadada olub, eyni zamanda çox istiqanlı olmaq... İnsanlar çox səmimi və sevgi ilə doludur, dost qazanmaq bir gülümsəmə kimidir.
Yol alırıq Xətai kəndinə. Sıralanan yaraşıqlı evləri abad, səliqə-sahmanlı, həyət-bacaları da qəlb ovsunlayır. Kənd adamları ilə söhbətlərimizdən bir daha əmin oldum ki, bu insanlar milli adət-ənənələrimizə bağlı, qoçaq, mərd, qonaqpərvər, yurdsevər, səmimidirlər. Kəndin uşaqları şəhərdən gələn qonaq kimi bizi o saat dövrəyə alır. Onların gülüş səsləri ətrafa yayılır. Bu kəndin uşaqları gülür. Deyirlər, uşaq gülürsə, demək, bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin xoşbəxtliyidir. O xoşbəxt uşaqlarla – Kənan, Sərxan, İnci, Ayşən, Südabə, Səkinə, Adəmlə söhbətləşdik. Vaxt gələcək onlar böyüyəcək, anlayacaq və qürur duyacaqlar ki, qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbovun tikib-qurduğu məktəbin yetirmələridirlər. Torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaşlar olmaq diləyi ilə kəndin payız mənzərələrini fotoaparatın yaddaşına köçürməyi də unutmadıq.
Ana yurdum Azərbaycanın müasir kəndlərini gördükcə qürurdan qürur bağlayırsan, yerə-göyə sığmayırsan. Dönüb baxırsan bir daha. Günəş şəfəqləri ilə parlayır kəndlər... Bir də quruculuq Günəşi... Onun nuru isə gələcəyimizi nurlandırır.
Yeni günlərin mübarək deyib, Naxçıvan şəhərinə yol alırıq...
Sara ƏZİMOVA
jurnalist