23 Dekabr 2024, Bazar ertəsi

Xəbər verildiyi kimi, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsi həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan izahetmə işləri, maarifləndirici tədbirlər və s. öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda 400 konteyner meydançası yaradılıb, tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndələri - tullantı menecmenti məsləhətçiləri Artur Guasti və Nik Vilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bildirilib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Onların bu gəlişinin məqsədi də nəticələrin araşdırılması, növbəti mərhələyə hazırlıqdır. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

Mott MacDonald şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru İlqar Hüseynov bildirib ki, əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb.

Layihənin icrasında kiçik, çox da vacib olmayan problemlər olur, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Bu istiqamətdə işlər gündəlik davam edir.

AZƏRTAC

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR