Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov açaraq ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. Bildirib ki, muxtar respublikamızda aparılan gənclər siyasətinin əsas istiqamətləri içərisində onların sağlamlığının qorunması və fiziki inkişafı da mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərə daim qayğı göstərir, sağlam gəncliyin yetişməsinə xüsusi əhəmiyyət verir.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında qeyd edib ki, bu gün muxtar respublikamızda gənclərin inkişafı üçün hər bir şərait yaradılıb. Gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması, gələcək üçün sağlam genofondun təmin olunması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, Gənclər Fondu cari il ərzində müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyib, bu layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması ön plana çəkilib. Bu gün keçirilən konfrans gənclərin fiziki və reproduktiv sağlamlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Əliyeva “Kompüter və smartfonların zərərlərindən qorunmağın yolları”, həkim-nevropatoloq Səkinə Mirzəyeva “Gənclərdə depressiv hallar, onlardan xilasolma yolları”, həkim-fizioterapevt Nuray Əliyeva “Onurğa problemləri”, həkim-stomatoloq Vüsal Əliyev “Ağız boşluğu xəstəliklərinin yaranma səbəbləri və profilaktikası”, Oftalmologiya ixtisası üzrə həkim-rezident Aynur Rzayeva “Zərərli ultrabənövşəyi şüaların törətdiyi xəstəliklər və onlardan qorunma yolları”, həkim-endokrinoloq Aysel Dünyamalıyeva “Hazır qidalar və onların törətdiyi fəsadlar” mövzularında çıxış ediblər.
Konfransın sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb.
Güntac ŞAHMƏMMƏDLİ