Dövlət Bayrağı Muzeyində AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Qeyd edilib ki, dövlətimiz tərəfindən müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun imzalanıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və dosent Asəf Orucov, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimli mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən dövlət bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğu vurğulanıb. Eyni zamanda hələ sovetlər dövründə üçrəngli Azərbaycan Bayrağı ilə əlaqədar müxtəlif yaradıcı ziyalıların əsərlərində, xalq mahnılarında sətiraltı ifadələrin qeyd olunması ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Pərviz HACILI