Naxçıvan Dövlət Universitetində “Üçrəngli bayrağınla məsud yaşa” foto-video, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət bayrağına və digər dövlət atributlarına da yüksək diqqət göstərilir.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev qeyd edib ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma diyarımızda da dövlət atributlarına hörmət və ehtiramla yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Vurğulanıb ki, gənclərimiz də milli dəyərlərimizə, tariximizə, soykökümüzə bağlı olmalı, müstəqilliyimizin əbədiliyini təmin edəcək vətənpərvər gənc kimi formalaşmalıdırlar.
Qeyd edək ki, Azərbaycanın dövlət bayrağını, rəmzlərini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla müsabiqəyə təqdim edilib. Müsabiqəyə universitetin “Instagram” səhifəsində yerləşdirilmək üçün, ümumilikdə, 40-ya yaxın yaradıcı iş buraxılıb. Qaliblər 14 gün müddətində ən çox bəyənmə alan hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib. Münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə Mühasibat uçotu və audit ixtisasının II kurs tələbəsi Əhməd Əhmədzadə müsabiqənin qalibi olub. Beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Abazər Kərimov II, Dünya iqtisadiyyatı ixtisasının II kursunda təhsil alan Cavid Həsənli isə III yerə çıxıb.
Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Murad Əlkərəmov video nominasiyası üzrə qalib olub. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Günel Əliyeva II, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Kamal Babazadə isə III yerə layiq görülüblər.
Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə I kurs magistrant Nigar Məhərrəmova qalib seçilib. Memarlıq ixtisası üzrə I kurs tələbəsi Elşad İsmayılov II, Musiqi müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Lətifə Quliyeva, Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Nigar Nəsirli III yeri qazanıblar.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
Səadət ƏLİYEVA