Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.
Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli və mənəvi dəyərləri ilə qürur duyub. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın malik olduğu qüdrəti göstərir. Ulularımızdan bizə qalan tarixi irs isə bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.
Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə xalqın milli kimliyinin pasportu hesab edilən dövlət atributları yaradılmışdır. XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə etsə də, əsrin əvvəlində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdır. Azərbaycan xalqı ilk dəfə 1918-ci il mayın 28-də, ikinci dəfə isə 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlıq, dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlamasından sonra müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Hökumətin Gəncədəki fəaliyyəti dövründə –1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur.
Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiyada müstəqil Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur.
Bununla əlaqədar Ali Məclisin Qərarında deyilirdi:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman dövlət atributlarına xüsusi diqqətlə yanaşıb. Ümummilli liderimiz dövlət bayrağına münasibətdə hər kəsin qarşısında vahid amal uğrunda birləşmək vəzifəsi qoyaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Bu gün müstəqil Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi, siyasi və hərbi gücünü getdikcə artırır. Məhz bunun nəticəsidir ki, hər il müxtəlif sahələr üzrə böyük nailiyyətlər əldə edilir, müstəqil ölkəmizin şanlı bayrağı vaxtilə işğal altında olan, bu gün isə düşməndən azad edilən torpaqlarımızda qürurla dalğalanır. Ölkə Prezidentinin ötən il iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Azərbaycanın digər guşələrində olduğu kimi, onun Naxçıvan Muxtar Respublikasında da yaradılan bayraq meydanları dövlət atributlarımıza olan böyük sevginin və yüksək hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd olunur.
Naxçıvan şəhərindəki Bayraq Meydanında Bayraq Muzeyi yaradılmışdır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yer almışdır.
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş məlumata malik olmalarına şərait yaradır.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.
“Şərq qapısı”