Noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun hazırladığı və üçrəngli dövlət bayrağımıza həsr edilən “Hər rəngində mən varam” adlı filmin nümayişi olub. Filmdə Milli Məclisin deputatı Fəzail Ağamalı, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva, tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova və Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elşən Qarayev bayrağımızın yaranma tarixi və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında hər bir vətəndaşın öz bayrağı ilə qürur duymaq haqqının olduğunu bildirərək deyib: “Hər birimiz müqəddəs Azərbaycan bayrağı ilə fəxr edirik. Bayrağımız qürurumuz, and yerimizdir. Bayraq bir dövlətin var olması deməkdir. Xaricdə hər bir ölkəni dövlət atributları, xüsusilə də bayrağı ilə tanıyırlar”.
Torpaqlarımızın işğal altında olduğu bir vaxtda gəncləri daha da vətənpərvər olmağa çağıran YAP Gənclər Birliyinin sədri bildirib: “Dövlətimizin qüdrətlənməsi, müstəqilliyimizin əbədi olması hər birimizdən böyük səylər tələb edir. İnanırıq ki, üçrəngli bayrağımız tezliklə Qarabağda dalğalanacaqdır”.
Sonda fəal gənclərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Xəbərlər şöbəsi