Səliqə-sahman, təmizlik yaxşı şeydir: sağlamlıq, gözəllikdir. Müqəddəslərimiz “təmizlik imandan gəlir” kəlməsini nahaqdan deməyiblər. Amma bir şərtlə ki, bu təmizlik birtərəfli olmamalıdır. Yəni bizdə bir qayda olaraq daha çox hər kəs öz evinin içərisini, çəpərindən bu tərəfi təmiz və səliqəli saxlamağa çalışır.
Son illərdə muxtar respublikamızın hər bir guşəsi kimi, Naxçıvan şəhərində də böyük dəyişikliklər baş verib. Şəhərdə yeni-yeni binalar inşa olunub, park və xiyabanlar salınıb. Naxçıvan şəhərinin hər bir küçəsinin, yaşayış məntəqəsinin simasını dəyişməsi, abadlaşması və gözəlləşməsi, heç şübhəsiz ki, şəhər sakinlərini sevindirməyə bilməz. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Naxçıvan dünyanın ən təmiz və səliqəli şəhərlərindən birinə çevrilib. Naxçıvan şəhərinə gələn qonaqlar da etiraf edirlər ki, böyük, metropol şəhərlərdə yaşasalar da, belə kiçik şəhərdə olan səliqə-sahmanın və təmizliyin şahidi olmayıblar. Baxmayaraq ki, belə şəhərlərdə abadlıq və təmizlik işlərinə milyonlarla vəsait ayrılır.
Hörmətli oxucular! Televiziya kanalları vasitəsilə şahidi olduğum bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Böyük şəhərlərdən birində bələdiyyə yaşayış binalarının önündə abadlıq işləri aparmış, ərazini yaşıllaşdırmış, uşaqlar üçün oyun sahələri yaratmışdı. Bütün bu görülən işlər üçün isə binalarda yaşayan sakinlərdən çoxlu pul tələb olunurdu. Sakinlər isə bu vəsaiti ödəmək iqtidarında olmadıqları üçün bələdiyyənin bu tələbini narazılıqla qarşılayaraq televiziya vasitəsilə əlaqədar təşkilatlara etirazlarını bildirirdilər. Bu mənzərəni gördükdən sonra orada və bizdə olan vəziyyəti müqayisə etdim. Bu gün muxtar respublikamızda, demək olar ki, hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşılır, heç bir qarşılıq gözlənmədən insanların sosial-məişət problemləri həll edilir, mənzil şəraiti yaxşılaşdırılır. Dəfələrlə şahidi olmuşuq ki, sıravi bir vətəndaşımızın evi qəzalı vəziyyətdə olduğu üçün sökülüb və qısa müddətdə yenidən inşa olunaraq sahibinə qaytarılıb. Bundan başqa, hər il Naxçıvan şəhərində neçə-neçə yaşayış binası təmir olunaraq, binaların ətrafı abadlaşdırılaraq əhalinin istifadəsinə verilir.
İnsan amilinə ölkəmizdə, eləcə də muxtar respublikamızda ciddi diqqət yetirilir. Naxçıvan şəhərində görülən işlərə nəzər salsaq, bunun bariz nümunələrini görə bilərik. Bu gün şəhərimizdəki yaşayış massivlərində aparılan genişmiqyaslı yenidənqurma işləri, ərazilərin abadlığına, təmizliyinə diqqət yetirilməsi, binaların qarşısında insanların istirahət etmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün böyük vəsaitlər hesabına gözəl istirahət guşələrinin yaradılması az öncə qeyd etdiyim insan amilinə diqqətin əyani sübutudur. Görülən işlər həm də ona dəlalət edir ki, insanlarımızın yaxşı işləməsi ilə bərabər yaxşı istirahət etməsi, sağlamlığının qorunması da diqqət mərkəzindədir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, aramızda qurulub-yaradılanların qədir-qiymətini bilməyən, göstərilən qayğıya əməli işi ilə cavab verməyən vətəndaşlarımız da var. Gündəlik həyatımızda bəzi xoşagəlməz hadisələr və mənzərələrlə, insanlarımızın ətraf mühitə soyuq münasibəti ilə qarşılaşırıq.
Dayanacaqda dayanan avtomobilin içərisindəki sürücü telefonuna kontur yüklədikdən sonra əlindəki boş kartı maşının pəncərəsindən bayıra atır. Davamında sanki maşının içində istehsal gedirmiş kimi müxtəlif kar-kağız, qutu, ümumiyyətlə, əlinə keçəni pəncərədən bayıra atmağa başlayır. 2-3 dəqiqənin içində maşının ətrafı tamam kar-kağız olur. Elə düşünmək olardı ki, o, bir də heç vaxt bu maşından yerə düşməyəcək. Ətrafın təmizliyinə baxan yaşlı xanım gəlib ərazini süpürməyə başlayır. Bayaqdan hər tərəfi “tullantı atəşinə” tutan sürücü toz etdiyi üçün yaşlı xanıma irad tutmağa başlayır. Maraqlı mənzərədir.
Yəqin ki, çoxumuzun yolu hər gün ən azı iki dəfə avtobus dayanacaqlarından düşür. Dayanacaq əvəzinə buraya tullantı yığnağı desək, məncə, daha yerinə düşər. Yaxın məsafədə tullantı qutularının olması belə, heç nəyi dəyişdirmir. Bunun səbəbini özümüzdə axtarmaq problemin həllinə ancaq müsbət təsir edə bilər.
Təmizliyə ciddi riayət etsək, Naxçıvan şəhəri bundan daha təmiz, daha gözəl görünər. Unutmayaq ki, şəhərimizin təmizliyini qorumaq hər birimizin mənəvi borcudur. Ona görə ki, şəhərimiz evimizdir.
Firəngiz HÜSEYNBƏYLİ