Veteran polislər razılıq edirlər
Xüsusi xidmət orqanlarının qarşısına qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin başlıca şərtlərindən birini ixtisaslı kadrların hazırlanması təşkil edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sistemində də xüsusi təhsili olmayan şəxslərin xidmətə qəbul edilməsinin xidmətin sonrakı mərhələsində müəyyən çətinliklər yaratdığını burada uzun illər çalışmış zabit kimi dəfələrlə görmüşəm. Həmin əməkdaşların ixtisaslı kadrlar kimi formalaşdırılması məqsədilə əlavə ixtisasartırma kursları təşkil edilir və kurslarda fənlər digər polis əməkdaşları tərəfindən tədris olunurdu. Bu isə bəzi hallarda gözlənilən nəticələri vermir, səriştəli polis əməkdaşlarının yetişdirilməsi üçün uzun zaman tələb edilirdi. Həmçinin muxtar respublika sakinlərinin əksəriyyəti xüsusi təhsil almaq üçün digər yerlərə getmək məcburiyyətində qalır, bununla da onlar həm əlavə vaxt itirir, həm də artıq maliyyə vəsaiti xərcləyirdilər.
Müasirləşmə, insan hüquq və azadlıqlarının beynəlxalq konvensiyalar çərçivəsində müdafiə olunmasının təmini, cinayətkarlıqla mübarizədə peşəkar tədbirlərin həyata keçirilməsi bacarığı, Naxçıvan Muxtar Respublikasının cinayətsiz region prinsipindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi, mürəkkəb geosiyasi regionda yerləşən doğma yurdumuzun təhlükəsizliyi və gənclərdə dövlətçiliyə sədaqətli xidmət ideyasının formalaşdırılması Daxili İşlər Nazirliyi sistemində yeni, müasir xüsusi təhsil sisteminin bütün şərtlərini özündə əks etdirən bir strukturun yaradılmasını zəruri edirdi. Bu qurum Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi oldu.
Nazirliyin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması məqsədilə 2018-ci il mart ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında” Fərman imzalandı. Bu fərmanla nəzərdə tutulmuş məsələlər nazirlikdə ixtisaslı kadrların hazırlanması və tədris sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların bəhrəsi kimi dəyərləndirildi.
Yeni təhsil ocağında tədrisin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə inşası sürətlə aparılmış yeni bina 2019-cu il oktyabr ayının 14-də təntənəli açılış mərasimindən sonra istifadəyə verilib.
Məktəb kompleksi 17 min 257 kvadratmetrlik ərazidə inşa edilmiş tədris, yeməkxana və yataqxana binalarından ibarətdir. Kompleksin inzibati hissəsində əməkdaşlar üçün xidməti otaqlar, növbətçi hissə və digər otaqlar mövcuddur. Tədris bölməsində geniş auditoriyalar kursant və dinləyicilərin ixtiyarına verilib, kursantlara praktik təlim atışlarını öyrətmək məqsədilə interaktiv atəş hazırlığı sinfi, eləcə də çoxfunksiyalı idman alətləri ilə təmin olunmuş qapalı idman zalı qurulub.
Müasir səviyyədə təchiz edilmiş yeməkxana binasında 160 nəfərlik zal, zabit yeməkxanası və mətbəx, yataqxanada isə bərbər və dərzi otaqları, həmçinin hamam və camaşırxana mövcuddur. Mətbəx müasir avadanlıqlarla təchiz olunub. Sanitariya və gigiyena qaydalarına yüksək səviyyədə riayət edilən yeməkxanada hazırlanan yeməklər yerli məhsullardan hazırlanmaq baxımından keyfiyyəti və kaloriliyi ilə diqqəti çəkir.
Məktəbin həyətində sıra təlimi meydançası və müasirtipli qurğularla təmin edilmiş açıq idman meydançası tikilib. Bunlarla yanaşı, məktəbdə sıravi və kiçik rəis heyətinin ilkin hazırlıq kursunun səmərəli təşkili üçün də hərtərəfli şərait yaradılıb. Belə şərait kursantların, eləcə də sıravi və kiçik rəis heyətindən olan dinləyicilərin yüksək səviyyədə təhsil almasına hesablanıb ki, bu da gələcəkdə peşəkar kadr potensialının formalaşmasına müsbət töhfə verəcəkdir.
Məlumat üçün onu da bildirmək istəyirəm ki, məktəbdə təhsil ödənişsizdir və məzunlara zabit rütbəsi verilərək nazirliyin tabeliyində olan qurumlarda müvafiq işlə təmin ediləcəklər. Bu da muxtar respublikamızda gənclərə göstərilən qayğının və dövlət gənclər siyasətinin diyarımızda uğurla həyata keçirilməsinin ifadəsidir. Məktəbdə təhsil alan müdavimlər də bunu görür, onlara yaradılan şərait və göstərilən qayğı müqabilində peşəkar kadrlar kimi yetişmək üçün səylərini əsirgəmir, dərs ilinin ilk günlərindən fəallıq nümayiş etdirirlər.
Orta İxtisas Polis Məktəbinin fəaliyyəti təkcə kadr ehtiyatının formalaşdırılması ilə bitmir. Burada təhsil alanlar Vətənə, dövlətə, xalqına və andına sədaqət ruhunda tərbiyə olunaraq əsl vətənpərvər zabitlər kimi yetişəcəklər. Bu isə onların təhsillərini başa vurub xidmət yerlərində fəaliyyətə başlayan zaman vətəndaşlarımızla mütəmadi ünsiyyətdə olacaqlarını nəzərə aldıqda mürəkkəb geosiyasi məkanda yerləşən muxtar respublikamız üçün vətənpərvərlik ideyalarının təbliği baxımından çox böyük əhəmiyyət kəsb edir. Təntənəli açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədaqətli olmaqdan, vəzifə və vətəndaşlıq borcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər”.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin həyatında baş verən bu əlamətdar hadisə polis veteranlarının da xüsusi sevincinə səbəb olub.
Həyatımızın çox hissəsini sıralarında xidmətə sərf etdiyimiz doğma orqanın gözümüzün qarşısında çiçəklənməsi, günü-gündən inkişaf etməsi qəlbimizi qürur hissi ilə doldurur. İndi bizim özümüzün bütün tələblərə cavab verən, müxtəlif istiqamətli tədris bazamız vardır. Bu, biz veteranların arzularının reallığa çevrilməsidir.
Muxtar respublikada bu gün gerçəkləşən dinamik sosial-iqtisadi inkişaf bütün sahələri əhatə edir və ən başlıcası isə ictimai asayişi və ictimai-siyasi vəziyyətin stabil qalmasını şərtləndirir. Bütün bunlar isə muxtar respublikada ümummilli lider Heydər Əliyev siyasi kursunun Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olub.
Polis veteranları adından daxili işlər orqanlarına göstərilən müstəsna qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirərək qeyd etmək istəyirəm ki, biz veteranlar Ali Məclis Sədrinin həyata keçirdiyi proqramları dəstəkləyərək daxili işlər orqanlarının fəаliyyətinə göstərilən yüksək еtimаd müqabilində bundan sonra da ulu öndər Hеydər Əliyеv ideyalarınа sаdiq qаlаcaq, muxtar respublikamızda sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında polis orqanları ilə çiyin-çiyinə fəaliyyət göstərəcəyik.
Yusif HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar
Şurasının sədri, istefada olan polis polkovniki