Həyat qısa deyil, məna qatdığımız günlər azdır. Ömrümün ən mənalı üç günü Naxçıvanda keçdi. Üç gündə həm mənəvi saflığın ətrini duydum, həm də korlanmamış təbiəti ciyərlərimə çəkdim.
“Yol yaxşıdır”
Yəhudidən soruşublar, Bakı yaxşıdır, yoxsa Təl-Əviv? Cavab verir: Yol yaxşıdır.
Naxçıvan, yoxsa Bakı sualı verilsə, cavab verərəm ki, yol yaxşıdır. O yol ki bizi birləşdirir, bir edir. O yol ki hər cür çətinliklərə dözdü, uzanmadı. Nə blokada şəraiti, nə düşmən hücumu Naxçıvanla Bakını bir-birindən uzaqlaşdıra bildi.
Hər səhər yuyulan yollar
Yollar şəhərlərin qan damarıdır. Naxçıvanın yollarına gəlincə, təkcə şəhərin mərkəzi yox, ucqar dağ kəndində də asfalt yollar çəkilib. İstər şəhərin mərkəzi olsun, istərsə ən ucqar bölgəsi, ərazidəki yaşıllığın sayı azalmır. Şəhər mütəmadi təmizləndiyinə görə burada xəzəli yalnız ağacların altında görmək mümkündür.
Qərbi Azərbaycan torpaqları bir addımlıqda...
Şahbuz rayonu, Biçənək kəndi. Şimal tərəfdən Şahbuz rayonunun sonuncu yaşayış məntəqəsi (Bu kənddən sonra Qərbi Azərbaycanın işğalda olan əraziləri başlayır).
Ömrün üç gününə bacardığım qədər daha çox gözəllik sığdırmağa çalışırdım.
Batabat, məşhur Üzən ada
Azərbaycana, Naxçıvana yox, dünyaya gələn hər insan bu gözəlliyi mütləq görməlidir. Məşhur Üzən ada dillər əzbəridir. Deyilənə görə, ada hətta gündə bir neçə dəfə dayandığı yeri dəyişir.
Yüz illər sirri çözülməyən Əshabi-Kəhf
Hər əfsanənin mütləq real tarixçəsi var. Rəvayətə görə, hökmdar Dağ Yunis bütlərə tapınır. Vəziri Təmirxan bunu qəbul edə bilmir, dostları ilə birlikdə dağlara sığınır. Yeddi nəfər bu qayalıqlarda gizlənir və yuxuya gedir. Yuxudan ayılıb, şəhərə çıxan Təmirxanın əlindəki pullar üç yüz il əvvəl hökmdarlıq edən Dağ Yunisə aid idi. Təmirxan şəhər camaatını inandırmaq üçün onları qayalığa gətirir. Baş verənlərdən xəbər tutan dostlar əllərini göyə açıb Allahdan onları daşa döndərməyi istəyirlər.
Hər il yerli və xarici turistlər insanların müqəddəs hesab etdiyi Əshabi-Kəhfə gəlirlər. Bu əfsanəyə inanan da, inanmayan da Əshabi-Kəhfin ən ucqar nöqtəsinə, gündoğana qalxır.
İnancınızdan asılı olmayaraq, Əshabi-Kəhfə gəlin. Gündəlik həyatın qarışıqlığından, iş-gücün verdiyi sıxıntıdan burada arının.
Əlincə,
Əlim sənin boz daşına varınca
Həsrətimi iki yerə bölüncə
Yolun tutum, mən gedəyim ardınca
Sağda Ağrı, solda Güney sənindir
Arzuların, gələcəyin mənimdir.
Dünyanın səkkizinci möcüzəsi, tarixi haqda bir neçə versiya olan, əyilməzlik, saflıq rəmzi Əlincə. Əlincəyə çıxmaq üçün iki mindən çox pillə qalxmalısan. Hər pillədə, sanki fərqli bir ayin icra edirsən. Hər pillədə daxili rahatlıq, təmizliyə çatırsan. Zirvəsinə qalxdınmı, dünya sənindir. Dünyanı ovcunun içində görəcəksən. Tikintisi, bəlkə də, onillikləri alan Əlincə istehkam, müdafiə, həm də azadlıq rəmzidir. Əlincədən özünü də, göz işlədikcə işğal altında olan Azərbaycan torpaqlarını da azad hiss edəcəksən.
Çinin “Dunxuan” adlı səhra şəhəri var. Şəhər bir zamanlar adi səhralıqdan ibarət olub. Dunxuanın yeganə özəlliyi odur ki, Çin Səddi bu şəhərdən başlayır. Hər il milyonlarla turist bu səhranı, çölləri görmək üçün Çinə axın edir. Bu axından Çin milyonlar qazanır.
Naxçıvan da, Əlincə qalası da dünya turizmi üçün kəşf edilməyib. Tarix, əsalət qoxan Əlincəni bütün dünya tanımalıdır.
Dağın altındakı şəfa...
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları yerləşir. Burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Duzdağ mağaraları dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir.
Mənim evim yox, mənim şəhərim
İnsan sevdiyi, aşiq olduğu şəhərdə yaşamalıdır. Yalnız bu halda həmin şəhərə sahiblənirsən. Təkcə evini, öz kandarını yox, şəhərini də təmiz saxlayırsan. Naxçıvanı yalnız şəhərdə aidiyyəti qurumlar yox, sakinlər də təmizləyir. Məqsədli şəkildə küçələri gəzsəniz, zibil, plastik qablar, havada uçuşan sellofanlar tapa bilməzsiniz. Çünki adıçəkilənləri pəncərəsindən küçəyə atan yoxdur.
Burada özgə malı kimsəyə lazım deyil
2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. 2017-ci ildə muxtar respublikada ən çox cinayət hadisəsi Naxçıvan şəhərində qeydə alınıb – 10 hadisə. 2018-ci ilin I yarısında Naxçıvanda cəmi 22 cinayət baş verib ki, bunun da 4-ü ağır və xüsusilə ağır cinayətdir.
2019-cu ilin I yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayında 36 faiz azalma olub.
Türkiyədən olan jurnalist həmkarlardan biri əl çantasını mərkəzi küçələrdən birində unutmuşdu. Nə az, nə çox 2 saat sonra həmin yerə qayıdıb, çantasını olduğu kimi götürdü.
Nizaminin Naxçıvanda reallaşan utopiyası
Naxçıvanda Nizaminin “İsgəndərnamə”sində arzuladığı cəmiyyət Naxçıvanda reallıqdır. Burada hamı və hər şey öz yerindədir. Layiq olan hamı öz dəyərini və qiymətini alıb.
Gecəsi də, gündüzü də təhlükəsiz şəhər
Axşam saatlarında şəhərin istənilən küçəsində rahat gəzə bilərsiniz. Əmin olun ki, kimsə kənardan sizə atmaca atmayacaq, yaxınlaşmayacaq. Kömək lazım olsa, ünvan soruşsanız, hər cür kömək göstəriləcək.
Nəhayət, möhtəşəm Saat Meydanı haqqında...
Səhərlər şəhər sakinlərini Üzeyir Hacıbəyovun əsərləri ilə salamlayan, analoqu dünyanın ən gözəl şəhərlərində olan Saat Meydanı. Gün ərzində klassik fransız musiqisi, axşamlar isə estradaya qulaq asmaq üçün ideal yer. Saat Meydanında tələbələr, gənclər, ailələr axşam saatlarında gəzişir, restoranlarda, kafelərdə vaxt keçirir. Özünüzü Azərbaycan sərhədlərini keçmədən, İtaliya, Fransa paytaxtlarında hiss etmək istəsəniz, Naxçıvanda Saat Meydanına gəlin.
Muzeydə yaşayan Cəmşid bəyin ruhu...
Türk-Araz Respublikasının yarandığı, Cəmşid bəy Naxçıvanskinin doğulub, böyüdüyü bina. Burada Türk-Araz Cümhuriyyəti fəaliyyət göstərib. Muzey daha çox səliqəli əsilzadə evini xatırladır. Muzeydə Cəmşid bəyin ruhu yaşayır.
“Azərbaycanın incisi”
Ulu öndər Ordubadı təsadüfən “Azərbaycanın incisi” adlandırmamışdı. Ordubadın ayrı ruhu, ayrı havası, ayrı enerjisi var. Meyvə bağları, qədim tikililər, məscidlər, yaşı yüzü keçmiş çinar ağaclarına ən gözəl ad elə “Azərbaycanın incisi” ola bilərdi.
Mərmər, qranit yox, yaşıllıq parkı
Soyuq havada, axşam saatlarında belə, parkda gəzənlər, əylənənlər var idi. Naxçıvanın yeni parkındakı attraksionlar heç də Bakı bulvarından geri qalmırdı.
“Oğlum Naxçıvanda xidmət etsin”
Anaların ən böyük sınağı Vətən sevgisi ilə övlad sevgisi arasında qalanda olur. Oğlunu əsgəri xidmətə yola salan anaları düşünün. Bir anadan eşitmişdim. Deyirdi ki, sanki ürəyimi çıxarıb, ağacdan asıblar. Hər an düşmənlə üz-üzə olan övladın anasının sıxıntısı təbiidir. Özü və övladı Bakıda doğulub böyüyən əsgər anası deyir ki, sakitəm. Çünki oğlum Naxçıvanda xidmətdədir. Əminəm ki, sağ-salamatdır. Qarnı tox, əyni istidir.
Bu, uğurun zirvəsidir. Ana əsgər oğlunu Naxçıvana etibar edir.
Adətlərə sadiqlik
Azərbaycan dili, adətlər olduğu kimi qorunur. Bakıda, hətta müxtəlif bölgələrdə belə, unudulan adətlər dəyişdirilmədən Naxçıvanda yaşamaqdadır. Milli bayramlar, toy adətləri bir yana, qonşuluq münasibətləri uşaqlıqda nənələrimizdən gördüyümüz kimi qalmaqdadır.
Naxçıvan Dövlət Televiziya və Radiosu bu yolda əlindən gələni edir. Bəlkə də, folklorşünasların belə, unutduğu aşıq deyişmələrini Naxçıvan televiziyasının efirində görəndə heyran qaldım. Kaş ki hər şeyi reytinqə qurban vermək üçün yarışa girən televiziyalarımız da adətlərə, Azərbaycançılığa geri dönsün.
Arxayınlıq, sabitlik...
Xəritəyə baxın. Naxçıvanın yerləşdiyi strateji nöqtəni təsəvvür etməyə çalışın. Vicdan və məsuliyyət hissiniz sizə güc gəlsin. Belə bir yerdə sabitlik asan başa gələn möcüzə deyil.
Naxçıvanın ən böyük sərvəti...
Naxçıvanın ən böyük sərvəti insanlarıdır. Kənardan gələni xor görməyən, doğmasından ayırmayan, tikəsini böldüyü insanları. Naxçıvandan ayrılmaq istəməyən qızım Bakıya qayıdanda bir cümlə işlətdi: “Naxçıvanda bir nəfər də olsun, pis adam görmədim”. On bir yaşlı uşağın hissləri heç vaxt yalan olmaz.
Naxçıvanı kimlər sevmir?
Bu yaxınlarda mediada bir xəbər yayıldı. Evə oğurluğa girən şəxs axtardığını tapa bilmir. Evdən çıxanda ev yiyəsi üçün nalayiq ifadələr yazır. Naxçıvanı sevməyənlər də belə adamlardır. Bu torpaqdan oğurluq etmək istəyib edə bilməyənlər, tüfeyli həyata meyilli olanlar, işləməkdən, halal zəhmətdən uzaq adamlar Naxçıvanı sevmir. Pis əməllərinə meydan verilmədiyi üçün vərəqdə ev sahibinə söyüş yazan oğruya çevrilirlər.
Bu, son deyil...
İşdən, şəhər həyatının qarışıqlığından, paytaxtın gərginliyindən qaçmaq istəyən kimi üz tutacağım tək ünvan Naxçıvan olacaq. Arınmaq, yenilənmək üçün Naxçıvana gedin.
P.S: Naxçıvanın əhatə olunduğu bütün qədim Azərbaycan torpaqlarını maneəsiz, xarici pasportsuz gəzmək ümidi ilə...
Günay Arda
Femida.Az
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/20707-bu-shaehaerae-zhetmaedaen-dunyan-zhoermushaem-demaeyin-saekkizindzi-moedzuzae.html#sigProGalleria0f349be642