Ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması və bu istiqamətdə ixracın daha da genişləndirilməsi son illərin iqtisadi hədəflərindən biri kimi qarşıya qoyulub. Sürətli iqtisadi islahatların aparılması, yeni investisiyaların cəlbi üçün təşviqedici tədbirlərin görülməsi, bütövlükdə, ölkə miqyasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da arzuedilən nəticələrin əldə olunmasına imkanlar yaradıb. Belə ki, sənayenin, xüsusən yüksək əmək və elmtutumlu sənaye sahələrinin genişləndirilməsi yolu ilə son məhsulun hazırlanması və məşğulluğun təmin olunması prioritet sahə kimi diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə qəbul edilmiş Şərur Sənaye Məhəlləsinin yaradılması haqqındakı qərar da bu baxımdan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması məqsədinə xidmət edir.
Sənaye məhəllələri dünya praktikasında uğurla tətbiq olunan və fəaliyyətindən çox sayda müsbət nəticələr gözlənilən bir ərazidir. Belə ərazilər regiona xas müxtəlif növ sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri olan bütün infrastruktur şəraiti ilə təmin edilir. Bu zaman infrastruktur xərcləri kiçik və ortaölçülü sahibkarlar tərəfindən yaradılan adi sənaye müəssisələrinin xərcləri ilə müqayisədə əhəmiyyətli dərəcədə az olur, kooperasiya əlaqələri isə daha da dərinləşdirilir. Belə ərazilərdə istehsalın təşkilinin daha səmərəli olmasını və rəqabətqabiliyyətli məhsul istehsalı üçün minimum resursların mövcudluğunu nəzərə alaraq ölkəmizdə sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üzrə qanunvericilik bazası yaradılmış, ötən dövrdə uğurlu nəticələr əldə olunmuşdur. Çünki dövlətimiz həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi kimi regionların tarazlı inkişafına nail olmaq, yerli resursları iqtisadi dövriyyəyə cəlb etməklə yeni istehsal sahələri üzrə əmək vərdişləri və təcrübə formalaşdırmaqda davamlılığı təmin etməyi qarşıya məqsəd qoyub. Dünya təcrübəsində daha çox startaptipli layihələr üzrə işləyən müəssisələrin yerləşdiyi belə ərazilərdə innovasiyaların tətbiqi və ixracyönümlü əmtəələrin çeşidinin artırılması əsas biznes hədəfi kimi qarşıya qoyulub. Bunu nəzərə alaraq qeyd edə bilərik ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda sənaye məhəllələri vasitəsilə ixtisaslaşmış əməyin tətbiqinə geniş meydan açılması nəzərdə tutulur.
Sənaye məhəllələrinin yaradılması və idarə olunması ekoloji tarazlığa zərər vurmadan xammal, kapital və əmək ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasında əlverişli imkanlar təklif edir. Bundan əlavə, sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlər öz biznesi üçün zəruri istehsal vasitələri ilə özlərini təmin etdikləri halda dövlət siyasətinə uyğun olaraq belə ərazilərdə yalnız yüksəkkeyfiyyətli, innovativ tələblərə uyğun olan istehsal vasitələrinin tətbiqinə üstünlük verilir. Bu mənada, Şərur Sənaye Məhəlləsinin yaradılması ideyası, bütövlükdə, Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində iqtisadi və sosial sahədə əldə olunmuş uğurlu nəticələr, infrastruktur sahələrinin genişlənməsi və əhali gəlirlərinin artması ilə paralel olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikasının ən böyük rayonu olan Şərurda belə layihələrin reallaşması isə tarixi ənənələrlə yanaşı, sosial-iqtisadi inkişaf göstəriciləri üzrə də məqsədəuyğundur. Belə ki, ölkəmizin inkişaf edən bir iqtisadi regionu kimi Naxçıvan Muxtar Respublikasında sahələr arasında proporsiyalı artım tempinin yaranması və bunun da nəticəsində diyarın investisiya cazibədarlığının yüksəlməsi bu məsələdə mühüm rol oynayır. Halbuki keçmiş sovet dönəmində ucqar bir region kimi dar çərçivəli sənayeləşmə aparılan Naxçıvanda əhali tələbatlarının ödənilməsi üçün idxal məhsullar üstünlük təşkil etmişdi. Digər bir tərəfdən, Naxçıvan Muxtar Respublikasına ölkəmizin paytaxtından və başqa ölkələrdən gətirilən sənaye məhsullarının maya dəyəri xərcləri kifayət qədər çox olduğundan bu, əhalinin alıcılıq qabiliyyətinin azalmasına və dolayısı ilə yerli məhsulların daxili bazarda satışına da mənfi təsir edir, rəqabət qabiliyyətliliyi aşağı salırdı.
Bildiyimiz kimi, qloballaşmanın tələbi ilə bu gün əhali istehlakında daha müasir və yeni standartlara cavab verə bilən hər cür hazır məhsullara olan tələbat artmaqdadır. Sənaye məhəlləsi timsalında belə məsələlərin həll olunması isə istehsalçıların innovasiyalara açıq olmasına və dünya bazarının tələblərinə daha çevik uyğunlaşmasına imkan yaradır. Şərur Sənaye Məhəlləsinə gəldikdə isə burada qeyd olunan faktorlarla yanaşı, bölgənin özünəməxsus coğrafi mövqeyi və inkişaf göstəricilərinə istinad edərək təhlil aparmaq və müvafiq proqnozlar vermək mümkündür. İlk olaraq Naxçıvan Muxtar Respublikasının ən böyük rayonu olan Şərurda müxtəlif növdə və çeşiddə sənaye məhsullarının istehsalı üçün güclü xammal bazası yaradan torpaq ehtiyatlarının və burada məşğulluğunu təmin etmiş insan resurslarını təhlil üçün baza ola bilər. Münbit torpaqlarından il ərzində iki dəfə məhsul əldə olunan Şərurda müasir avadanlıqlarla təmin edilmiş sənaye müəssisələrində işləyə biləcək təhsilli kadrlar da mövcuddur. Bu, son onilliklər ərzində muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülmüş işlərin və xüsusən də ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə gənclərdə praktik təcrübələrin daha da dərinləşməsinin nəticəsində mümkün olub. Müasir dövrdə innovasiyaya meyilli yeni sahibkarların da meydana gəlməsi və onların fəaliyyətinin dəstəklənməsi üçün də sənaye məhəlləsi geniş perspektivlər vəd edir.
Şərurun müasir inkişaf mərhələsində onun sənaye məhəlləsinə qovuşması üçün mövcud göstəricilər də əsas çəkiyə malikdir. Belə ki, yaxın keçmişə dair rəqəmlərə nəzər saldıqda, Şərur rayonu üzrə sənaye məhsulu istehsalı həcminin 2002-ci ildəki 3 milyon 64,6 min manat göstəricidən 2018-ci ildə 94 milyon 232,7 min manat göstəriciyə çataraq, təxminən, 31 dəfə artması buradakı böyük potensialdan xəbər verir. Rayon üzrə sənaye sahəsində çalışan işçi sayının 2003-cü ildən 2018-ci ilədək 279 nəfərdən 3318 nəfərədək artması, bu dövrdə əməkhaqqının isə, təxminən, 4,3 dəfə artaraq 87,2 manatdan 373,9 manata çatması başqa bir keyfiyyət göstəriciləri kimi diqqəti cəlb edir. Eləcə də son iyirmi ilə yaxın müddətdə Şərurda sənaye məhsulu üçün xammal kimi istifadə olunan bitkiçilik, heyvandarlıq və arıçılıq məhsulları istehsalında müşahidə olunan dəfələrlə artım da bu istiqamətə yeni iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli baza formalaşdırır. Rayonda içməli su, kanalizasiya, enerji, yol və nəqliyyat infrastrukturunun yüksək səviyyəsi, insan resursları üzrə muxtar respublika bölgələri arasında ilk sırada olması da bu bazanı zənginləşdirən amillərdəndir.
Sənaye elmdə əldə olunmuş bilikləri təcrübi olaraq sınaqdan keçirmək üçün ən yaxşı sahədir. Bu mənada, sənaye məhəllələri elm və istehsalat əməkdaşlığının dərinləşdirilməsi, müxtəlif istiqamətlər üzrə elmi-tədqiqat işlərinin aparılması üçün çox əlverişli maddi-texniki baza formalaşdırır. Belə ərazilər konkret nəticələr əldə etməyi qarşısına məqsəd qoymuş elm adamları, yeni ideya müəllifləri, alimlik dərəcəsi almaq üçün çalışan doktorantlar və həmçinin tələbələr üçün də maraq obyektidir. Bu baxımdan Şərur Sənaye Məhəlləsi gələcəkdə muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarında müvafiq ixtisasların tələbələri üçün istehsalat təcrübəsi məkanı da ola bilər. Belə ki, sənaye məhəllələri sənaye istehsal mərkəzi olmaqla bərabər, həm də innovasiya və texnologiya, tədris-təlim, konsaltinq, informasiya, məlumat xidməti, marketinq-menecment, maliyyə, mühasibat, audit, sığorta və strateji araşdırmalar mərkəzi funksiyalarını da yerinə yetirir. Beləliklə, sənaye məhəlləsi yaradılması üzrə dünya təcrübəsində buradakı rezidentlərdən çox əks tərəflərin daha çox faydalandığını nəzərə alsaq, belə ideyaların nə qədər məhsuldar olacağını deyə bilərik.
Və nəhayət, sənaye məhəllələri fəaliyyəti boyu yerləşdiyi inzibati ərazidə infrastrukturun mövcud vəziyyətinin qorunub saxlanılması, ərazidə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinə töhfə verməsi və sosial layihələrdə aktiv iştirakı ilə də seçilir. Şərur Sənaye Məhəlləsi həm də gələcəkdə muxtar respublikamızda vüsət almış quruculuq və yaşıllaşdırma tədbirlərinə töhfə verəcək.
Əli CABBAROV