23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də İsveçrənin ən iri beyin mərkəzi hesab olunan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarları” mövzusunda mühazirə ilə çıxış edib.

Ölkəmizin İsveçrədəki səfirliyinin təşkil etdiyi mühazirədə Təhlükəsizlik Siyasəti Mərkəzinin professor və tədqiqatçı heyəti, bu qurumun kurslarının dinləyiciləri, eləcə də Cenevrə Universitetinin tələbələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mühazirədə Hikmət Hacıyev müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xarici siyasəti və bu il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edilməsi barədə auditoriyanı məlumatlandırıb.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın xarici siyasətinin formalaşmasında təhlükəsizlik amilinin əsas rol oynadığını bildirən şöbə müdiri tarixi reallığı, geosiyasəti və enerji meyarlarını nəzərə alan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlar əsasında xarici siyasət yürütdüyünü vurğulayıb. Qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi əsas təhlükəsizlik problemi Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü olub. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Mühazirədə, həmçinin Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji layihələri vasitəsilə Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməsi, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində logistika qovşağı rolunu oynaması, bu kontekstdə Mərkəzi Asiya ölkələri və qonşu dövlətlərlə əməkdaşlıq məsələlərinə toxunulub.

Sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin perspektivləri, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına münasibəti, ölkəmizin iqlim təhlükəsizliyi konsepsiyası, ABŞ, NATO və Rusiya ilə əməkdaşlığı, həmçinin respublikamızda dini tolerantlıq mühiti ilə bağlı çoxsaylı suallar cavablandırılıb.

 Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR