Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətinə davam edən zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib. Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, manqanın döyüş atışının təşkili, hazırlanması və keçirilməsi metodikası praktiki yerinə yetirilib.
Təlim-metodiki toplantı yekun tədbiri ilə başa çatıb. Tədbiri Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev açıq elan edib.
Toplantının yekun tədbirində çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov bildirib ki, əsas məqsəd zabitlərin ixtisas hazırlığı üzrə peşəkarlıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi və fiziki hazırlıqlarının yüksəldilməsi olub. Toplantı çərçivəsində müxtəlif fənnlər üzrə məşğələlər praktiki üsulla keçirilib və zabitlərdən məqbullar götürülüb.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev vurğulayıb ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçirilən təlim toplantıları hər zaman əli tətikdə, gözü hədəfdə olan hər bir hərbi qulluqçunun ən çətin döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirməsində mühüm rol oynayır. Növbəti toplantının da uğurla başa çatması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Orduda xidmət edən zabitlərin hər birinin mənəvi-psixoloji dayanıqlığı və bölmələri idarəetmə bacarıqları yüksək səviyyədədir. Bütün bunlara da yaradılan hərtərəfli şərait və sərf edilən gərgin əmək nəticəsində nail olunub.
Sonda Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev gənc zabitlərə xidmətlərində uğurlar arzulayaraq toplantıya yekun vurub.