Oktyabrın 28-dən 31-dək Fransanın Strasburq şəhərindəki Avropa Şurasının mənzil qərargahında qurumun Yerli və Regional Hakimiyyətləri Konqresinin 37-ci Sessiyası keçirilib. Avropa Şurasının 47 üzv dövlətlərin 324 seçkili nümayəndəsinin iştirak etdiyi sessiyada "Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti haqqında" keçirilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edib. O, son illər aparılan işlərdən bəhs edib, iclas iştirakçılarını maraqlandıran məsələlərə və suallara aydınlıq gətirib. Qərara alınıb ki, 2020-ci ildə Azərbaycanda yerli və regional demokratiyanın vəziyyətinin monitorinqi çərçivəsində cari fəaliyyət davam etdirilsin.
Oktyabrın 29-da Konqresin Plenar Sessiyasının açılışı günü, "Daxili yer dəyişmiş şəxslərin himayə edilməsində yerli və regional hakimiyyətlərin rolu" adlı sənədə dair müzakirələrdə Azərbaycan nümayəndə heyətinin adından nümayəndə heyətinin rəhbəri tərəfindən sənədə əlavə və düzəlişlər olunub.
Müzakirələrin gedişində ölkəmizdə məcburi köçkünlərin vəziyyəti, onlara qayğı və problemlərinin həlli ilə bağlı görülən işlər və aparılan siyasət barədə nümayəndə heyətinin rəhbəri Anar İbrahimov və heyət üzvü Samirə Hüseynova çıxış ediblər. Sənədin qətnamə və tövsiyə hissəsinin müzakirəsi zamanı bildirilib ki, sənəddə yer alan bəzi ifadələr, o cümlədən "məcburi köçkünlərin uzun müddətli inteqrasiyası" faktiki olaraq onların vəziyyətinə dair status-kvonun saxlanmasına xidmət edir. Dağlıq Qarabağı və ətraf əraziləri işğal altında saxlayan Ermənistanın məsələnin həllini dondurulmasına xidmət edir.
Azərbaycan nümayəndə heyəti burda "müvəqqəti inteqrasiya" və bir sıra digər əlavələr təklif ediblər. Müzakirələrin nəticəsi kimi bu tip müddəaların sənəddən çıxarılmasına dair məruzəçilərin təqdim etdiyi kompromis variant qəbul olunub.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin deputatı Yazgül Rzayeva yerli və regional səviyyədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin faydasindan bəhs edərək bu sahədə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 2005-ci ildən etibarən təsis edilmiş Ombudsman institutundan danışıb. Qeyd edib ki, həmin institutun səmərəli fəaliyyəti və insan hüquqlarının qorunması üçün lazımi qanunvericilik və yetərli normativ-hüquqi baza yaradılıb.
Sessiyada "Türkiyədə yerli və regional demokratiyanın vəziyyəti" barədə məsələnin müzakirəsində fəal iştirak edən Azərbaycan nümayəndə heyəti həm sənədə dair əlavələrin təqdimatında, həm də müzakirələrin gedişində qardaş ölkənin maraqlarının müdafiəsində mövqe nümayiş etdiriblər.
Türkiyə ilə bağlı bu ilin martında keçirilmiş yeri seçkilər, o cümlədən İstanbuldakı təkrar seçkilərlə bağlı müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bir sıra dövlətlərin və onların təmsilçilərinin yerli seçkiləri bəhanə gətirərək Türkiyəyə qarşı nümayiş etdirdikləri ədalətsiz mövqeyin qəbul olunmazlığını bildirib. Əlavə edib ki, Avropa Şurası Konqresi məhkəmə yox, sadəcə qitədə yerli və regional hakimiyyətlərin əməkdaşlıq platformasıdır. 2019-cu ildə Türkiyədə keçirilmiş yerli seçkilərin bir demokratiya testi olduğunu bildirən Azərbaycan nümayəndəsi, qardaş ölkənin bu imtahandan uğurla çıxdığı seçkilərin isə Türkiyənin uğurlarını istəməyən qüvvələr üçün bir demokratiya dərsi olduğunu bildirdi.
Müzakirələrdə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu da çıxış edərək, ona ünvanlanan sualları cavablandırıb. Gərgin keçən müzakirələrin sonunda müvafiq qətnamə və tövsiyələr qəbul olunub. Dörd gün davam edən qurumun sessiyası oktyabrın 31- də öz işinin başa çatdırıb.
Xəbərlər şöbəsi
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/20657-nakhdzh-vandan-olan-deputatlar-avropa-shuras-n-n-sessiyas-nda-ishtirak-ediblaer.html#sigProGalleriaafe29ae853