Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında cari ilin 9 ayında təşkilatın gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, rayon təşkilatının tərkibində fəaliyyət göstərən 54 ərazi ilk partiya təşkilatında üzvlər arasında nizam-intizamın möhkəmləndirilməsinə, ərazi ilk təşkilatlarında ideoloji işin təşkilinə diqqət xeyli artırılıb.
Rayon təşkilatı cari ildə gənclərlə işi daim diqqət mərkəzində saxlayıb, Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı Culfa Rayon Birliyi, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi ilə birlikdə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirib. Gənc çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasında Gənclər Birliyi, Qadınlar Şurası daim iştirak edib, idmanın inkişafına, vətənpərvərlik tərbiyəsinə diqqəti artırıb.
Vurğulanıb ki, ötən 9 ayda təşkilat tərəfindən İdarə Heyətinin 9 iclası, 3 şura iclası keçirilib. İdarə heyətində 17 məsələ müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Bildirilib ki, hazırda rayon təşkilatının 54 ərazi ilk partiya təşkilatının tərkibində 5665 nəfər partiya üzvü fəaliyyət göstərir. Onlardan 2706 nəfəri qadın, 1682 nəfəri isə gəncdir. 2019-cu ilin 9 ayında partiya sıralarına 64 üzv qəbul olunub. Onlardan 27 nəfəri qadın, 53 nəfəri isə gəncdir.
Bu ilin əvvəlindən rayon təşkilatı, ərazi ilk təşkilatları fəaliyyətində təbliğat-təşviqat işlərini gücləndirib. Yeni tikilib istifadəyə verilmiş 18 kənd mərkəzində ərazi ilk təşkilatları üçün iş otaqlarının ayrılması onların fəaliyyəti üçün geniş imkanlar açıb.
Qadir İbrahimov qeyd edib ki, təşkilat üzvləri əldə olunmuş nailiyyətlərlə kifayətlənməməli, fəaliyyətlərini daha da genişləndirməli, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər.
Tədbirdə rayon Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Dizə kənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov, Yeni Azərbaycan Partiyası Rayon Gənclər Birliyinin üzvü Vüsal Nəcəfov çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.
Sonda İdarə Heyətinin iclası keçirilib, bir qrup gəncin partiya sıralarına qəbul olunması barədə müvafiq ərazi ilk təşkilatlarının qərarları təsdiq edilib.
Alim AĞAYEV